Siyasət 11:45 27.01.2021

Qarabağda sülhməramlıların statusunu hansı dövlətlər müəyyən etməlidir?

"Rusiya hərbi qüvvələrinin Qarabağda sülhməramlı statusu Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli formatında müəyyən edilməlidir”. 

Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Mehdiyev bildirib.
 
 

Onun sözlərinə görə, 10 noyabr bəyanatının 5-ci maddəsi əsasında yaradılacaq Rus-Turk sülhməramlı mərkəzi bunu deməyə əsas verir: 

"Bu Mərkəz bilavasitə sülhməramlıların işinə nəzarət etmə funksiyası daşıyır. Həm bu Mərkəzin mandatı və həm də sahədəki rus sülhməramlılarının mandatı Rusiya-Turkiyə-Azərbaycan formatında müəyyən edilməlidir. Sülhməramlı qüvvələrin mandatı bu formatda həll olunduğu zaman 10 noyabr bəyanatındakı Ermənistan ifadəsi də öz əhəmiyyətini itirməlidir. Çünki artıq 10 noyabr bəyanatının bəndi dövlətlərarası hüquqi sənədlə əvəz olunacaq”.

Siyasi şərhçi hesab edir ki, rəsmi Moskvanın sülhməramlılar məsələsində tutduğu mövqe ziddiyətlidir: 

"11 Yanvar görüşü ərəfəsində Putin gündəlikdə olan məsələləri sadalayarkən sülhməramlı qüvvələr ifadəsi işlətsə də, bunu sonra xarici işlər naziri S. Lavrov illik mətbuat konfransında erməni jurnalistə cavabında daha da açıqlamağa çalışdı. Lavrov sülhməramlıların mandatının üçtərəfli formatda müzakirə ediləcəyini bildirdi. Burada üçtərfli dedikdə Lavrov Rusiya, Azərbaycan və Ermənistanı nəzərdə tutur.  Məsələnin bu cür qoyuluşu Azərbaycanda hər bir düşünən şəxsdə sual doğurur. Azərbaycanda yerləşən Rusiya qüvvələrinin statusunu biz Ermənistanla niyə müzakirə etməliyik? Burada Lavrovun baxışına görə, qəribə vəziyyət yaranır. İşğalçı Azərbaycandan qovulandan sonra yenidən gəlib Azərbaycanda yerləşən sülhməramlı qüvvələrin mandatının müəyyən edilməsində və qalib ölkənin gələcək taleyinin müəyyən edilməsində iştirak etməsi hansı məntiqə uyğundur? Azərbaycan hökuməti bu cür formata razılıq verərmi?”

Elxan Mehdiyev 10 Noyabr bəyanatının Rusiyaya bölgədə hərbi mövcudluğunu uzun müddət davam etdirməsinə şərait yaratdığı fikrindədir: 

"Sülhməramlıların bölgədə nə qədər müddətdə qalıb-qalmamasına dair bənddə də Ermənistanın adı keçir.  Orada da anlaşılmazlıq hökm sürür. Əgər Azərbaycan, müəyyən müddətdən sonra Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmadığı qənaətinə gələrsə və Ermənistan isə onun əleyhinə olarsa, o zaman necə olacaq? Bu, qeyri-müəyyənlik yaradan maddədir. Əgər sülhməramlıların mandatı da Ermənistanın rəyi ilə müəyyən ediləcəksə, o zaman elə Azərbaycan Ermənistandan asılı vəziyyətə düşmüş olacaq.

Rusiyanın da burada təbii ki, daha dərin maraqları var. Onlar mandat məsələsini Azərbaycan və Ermənistanın əli ilə müəyyən etməklə, mandatlarının hər iki münaqişə tərəfinin razılığı ilə müəyyən edildiyini demək istəyir. Və beləliklə başqa maraqlı ölkələrin və ya beynəlxalq təşkilatların hər hansı iddiasını və ya etirazını birdəfəlik olaraq bağlamaq istəyirlər.  İknci tərəfdən bu cür yolla Rusiya hər iki ölkə üzərində özünün uzunmüddətli nəzarətini dərinləşdirmək, bölgədə təkbaşına söz sahibi olmaq istəyir.

Dünya təcrübəsi sülhməramlı qüvvələrin mandatını həmin qüvvələr münaqişə bölgəsinə göndərilməzdən öncə müəyyən edir. Və çox sayda ölkələrdə bu missiya parlament müzakirəsinə çevrilir. Bizim halda isə Qarabağa göndərilən hərbi qüvvələr sadəcə olaraq sülhməramlı adlandırılıb. Onların gəlişini, gedişini və bölgədə hüquqi məsuliyyətlərini müəyyən edən dövlətlərarası hüquqi sənəd mövcud deyil. Rus hərbçilərinin indiki zamanda çətin şəraitlərdə, soyuq və şaxtada gördükləri işləri yüksək qiymətləndirməklə bərabər, indiki vəziyyət xarici ölkələrin hərbi qüvvələrinin Azərbaycanda yerləşməsinə hədsiz dərəcədə həssas yanaşan Azərbaycan cəmiyyətinin getdikcə artan narazılığına aparacdır. Əksinə, Azərbaycanın suverenliyinə hörmət və qarşılıqlı anlaşma olursa, Rusiya daha çox qazanar və həm Azərbaycanda və həm də bölgədə Rusiyanın nüfuzunun daha da artmasına səbəb olar, Rusiyanın həqiqətən sülh yaradıcısı kimi status qazanmasına xidmət edər”.

Orxan Əhmədli