"Qarabağ" Futbol Klubu azarkeşləri üçün yeni Fan Shop mağazasını istifadəyə verməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, klubun yeni rəsmi mağazası Bakının ən məşhur ticarət mərkəzlərindən biri olan "28 Mall"da fəaliyyət göstərəcək.
Müasir konsepsiyada qurulan Fan Shop-da "Qarabağ"ın rəsmi oyun formaları, məşq və gündəlik geyimləri, fan atributları, aksesuarlar, suvenirlər və digər lisenziyalı məhsullar satışa təqdim olunacaq. Yeni mağaza azarkeşlərə klubun rəsmi məhsullarını daha rahat və əlçatan şəkildə əldə etmək imkanı yaradacaq.
Fan Shop-un açılışının avqust ayının ortalarında baş tutacağı gözlənilir. Açılışın dəqiq tarixi, təşkil olunacaq xüsusi tədbirlər və azarkeşlər üçün nəzərdə tutulan kampaniyalarla bağlı məlumat yaxın günlərdə klubun rəsmi informasiya resurslarında açıqlanacaq.
Klubdan bildirilib ki, yeni Fan Shop-un istifadəyə verilməsi azarkeşlərlə əlaqələrin daha da möhkəmləndirilməsi, onlara keyfiyyətli xidmət göstərilməsi və "Qarabağ" brendinin inkişafı istiqamətində atılan mühüm addımlardan biridir.
Şərhlər