Qaragöl ətrafında son vəziyyət: Danışıqlar nə vaxt davam etdiriləcək?

Qaragöl ətrafında son vəziyyət: Danışıqlar nə vaxt davam etdiriləcək?

Ermənistan Müdafiə Nazirliyi Gorusla Laçın arasındakı sərhəddə yerləşən Qaragöl ətrafında vəziyyətin dəyişmədiyi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, məlumatda ərazidəki vəziyyətin nisbətən sakit olduğu bildirilir.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan sərhədindəki mübahisəyə dair danışıqların sabah - 19 mayda davam etdiriləcəyi gözlənilir.

Xatırladaq ki, sərhəd mübahisəsi ilə bağlı bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyilə aparılan danışıqlar nəticəsiz qalıb.

Qeyd edək ki, sərhəd mübahisəsinin kökündə duran səbəb Ermənistanın 1992-ci ildə Laçını işğal edəndən sonra bu ərazidə dövlət sərhədini irəli çəkməsidir. Laçın bölgəsini 2020-ci il noyabrınadək işğal altında saxlayan Ermənistan son günlər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etməsilə razılaşmır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri mayın 12-də Laçınla Ermənistanın Gorus bölgəsi arasında yerləşən Qaragöl istiqamətində dövlət sərhədinin dəqiqləşdirilməsinə - delimitasiya və demarkasiya işləri görməyə çalışır. 

Ermənistan tərəfi isə təxribat xarakterli bəyanatlar yaymaqla Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Guya, Azərbaycanın Silahlı Qüvvələri sərhədi keçərək bir neçə kilometr məsafədə Ermənistanın ərazisinə daxil olub. İşğalçı ölkənin rəsmiləri bununla bağlı hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) da müraciət edərək hərbi yardım istəyib.
 
Azərbaycan Prezidenti İlham Əliyev isə dünən verdiyi açıqlamada deyib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. 

İlham Əliyev bildirib ki, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi isə məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və bu, tamamilə əsassızdır, sərhəddə hər hansı bir toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Prezident İlham Əliyev ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla dünənki telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.
X
XƏBƏRLƏR
BLOGLAR