Ekonomiks 11:05 21.08.2019

Qatarların daha da təhlükəsiz gəlməsi üçün nə edilir? (ŞƏRH)

"Azərbaycan Dəmir Yolları” QSC ölkənin dəmir yollarında yeni yoldəyişənlər quraşdırır.

Bu barədə Fins.az-a qurumdan bildirilib.

"Hal-hazırda yeni yoldəyişənlər Poylu və Gəncə stansiyalarında quraşdırılır. Dəmir yolunun hərəkət sistemində son dərəcədə böyük əhəmiyyət kəsb edən yoldəyişən qurğuların saz vəziyyətdə olması hərəkətin təhlükəsizliyinə zəmanət verən əsas amillərdən biridiir. 2015- ci ildən dəmir yolunda icrasına start verilən əsaslı islahatlar çərçivəsində yeni quruluşlu yoldəyişənlərin istehsalata tətbiqi də ciddi məsələ kimi qarşıya qoyulmuş, Bakı-Gəncə istiqamətində bu yeniləşmələr uğurla həyata keçirilmişdir. Avqust ayının 5-dən etibarən Gəncə-Böyük Kəsik istiqamətində 156 ədəd yoldəyişən qurğunun təzələnməsinə start verilib. Əvvəlkilərdən fərqli olaraq dəmir-beton tir və şpallar üzərində qurulan bu yoldəyişənlər hərəkətin təhlükəsizliyi və davamlılığı baxımından daha etibarlıdır. Bu günə qədər 13 ədəd yoldəyişən təzələnib və hazırda Poylu stansiyasında 4 ədəd və Gəncə stansiyasında 10 ədəd yeni qurğunun qoyuluşu həyata keçirilir. Proseslər ardıcıl şəkidə davam etdiriləcəkdir", - deyə QSC-dən bildiriblər.

Qeyd olunur ki, yoldəyişən qurğuların yenilənməsi işlərini "Azərbaycan Dəmir Yolları” QSC-nin 5 və 11 saylı İxtisaslaşmış Dəmir Yolu Müəssisələri icra edirlər.



"Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkət xidməti şöbəsinin rəisi Elçin Məmmədov Fins.az-a yeni və müasir standartlara cavab verən yeni yoldəyişən qurğular dəmir yoluna və qatarlara faydası ilə bağlı danışıb.

Onun sözlərinə görə, ümumiyyətlə yol dəyişən qurğular dəmir yolunda istifadə olunan texniki qurğudur: "Yol dəyişənin funksiyası qatarın hərəkətini istiqamətləndirməkdən ibarətdir. Yol dəyişənlər markalara bölünürlər, markaları dəyişdikcə onun texniki ölçüləri də dəyişir. Bunun üzərində hərəkət edən hərəkət vasitəsinin sürətinə də təsir etmiş olur, Poylu istiqamətində gedən yol dəyişənlər müasir tipli yoldəyişənlərdir. Sovetlər dönəmində istifadə olunan yol dəyişənlərin alt hissəsi taxta şpallardan ibarət idi. Bu gün Azərbaycanda hazırda istifadə olunan, yeni quraşdırılan yol dəyişənlər beton tirlərin üzərində yerləşdirilir. Bu, müasir standartlara uyğun yol dəyişənlərdir. Baş yollarda yerləşdirilən bu yoldəyişənlər, baş yolların sürətinə birbaşa təsir göstərir. Yəni, qatarın yüksək sürətlə hərəkət etməsinə şərait yaradır".

E.Məmmədov qeyd edib ki, qatar stansiyaya daxil olanda hərəkət sürətini azaltmalıdır: "Çünki stansiyalarda hərəkət sürəti var. Mənzillərdə hərəkət sürəti ilə stansiyalarda olan hərəkət sürəti fərqlidir. Ona görə, mənzillər iki yollu və düz sahə kimi olur. Orada buraxıla bilən sürətə qədər qatar sürət yığa bilir. Yəqin ki, saatda 100 km-ya qədər yığa bilir. Amma qatar stansiyaya yaxınlaşdıqda, stansiyanın içində və ya yolun üzərində tikili qurğular var. Burda artıq qatar sürətini azaltmaq məcburiyyətində qalır. Əgər istismara yararsız yoldəyişəndirsə, yol dəyişənin üç zonası, hissələri var. Əgər hissələrin hansısa birində çatışmazlıq olarsa, həmin yoldəyişənin üzərindən buraxılan hərəkət tərkibin sürəti məhdudlaşdırılır”.

Qeyd edək ki, yoldəyişənlər ölkəyə sifarişlə Qazaxıstan və Rusiyadan gətirilir