Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və "Gilan Holdinq”in dəstəyi ilə iyulun 30-da axşam saatlarında X Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.
Avqustun 8-dək davam edəcək festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrləri, solistlər və dirijorlar çıxış edəcəklər.
Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova AZƏRTAC-a bildirib ki, festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib, şəhərin müxtəlif yerlərində festivalla bağlı reklam lövhələri qoyulub.
Proqrama uyğun olaraq, iyulun 30-da axşam saat 18:00-da Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə "Gənclərə dəstək” layihəsi çərçivəsində festivalın ilk konserti təqdim olunacaq. Həmin gün axşam 21:00-da tamaşaçılar açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konsertini izləmək imkanı əldə edəcəklər.
Festivalın təntənəli açılış mərasimi iyulun 31-də axşam saat 21:00-da reallaşacaq. Açılış konsertində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə reallaşacaq konsertdə pianoda Xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər.
Festival günlərində musiqisevərlər, həmçinin Yerusəlim Simfonik Orkestrinin, Budapeşt Qaraçı Qrupunun, Kuba septetinin, "Bakı Kamera Orkestri”nin, "Qaytağı” ansamblının, Rusiya, İsrail, İsveçrə, Türkiyə, İtaliya, Güscüstan və digər ölkələrdən gəlmiş ifaçıların çıxışlarını izləyəcəklər.
Şərhlər