Bu mövsümə uğurlu başlayan "Qəbələ” artıq turnir cədvəlində liderliyə yüksəlib. Geridə qalan dörd turun üçünü qələbə ilə başa vuran Elmar Baxşıyevin komandası hələ ki, çıxışı ilə futbol ictimaiyyətində müsbət fikirlər formalaşdırmaqdadır. Bölgə təmsilçisinin təcrübəli futbolçusu və kapitanı Asif Məmmədov "Qəbələ”nin durumu barədə fikirlərini bildirib.
Qaynarinfo-ya müsahibəsində Asif komandanın cari mövsümdəki perspektivi haqda danışıb:
- Komanda mövsümə yaxşı başlayıb, bunu nə ilə əlaqələndirmək olar? Ötənilki "Qəbələ” ilə müqayisədə baş məşqçi hansı dəyişiklikləri edib?
- Elə də güclü dəyişiklik olmayıb. Eyni proqram üzrə davam edirik. Keçənilki oyunların da demək olar, hamısında yaxşı çıxış edirdik. Sadəcə, qol imkanlarından yararlana bilmirdik. Bu il fərqimiz ondadır ki, qol imkanlarını maksimum dəyərləndiririk. Düzdür, istifadə edə bilmədiyimiz imkanlar da var. Elə təkcə sonuncu matça baxsaq, bəlkə də görərik ki, 5-6 qol fürsətini dəyərləndirə bilməmişik.
- "Səbail”lə oyunu son iki mövsümün ən yaxşısı kimi qiymətləndirmək olar?
- Deməzdim ki, iki ilin ən yaxşı oyunu idi. Məncə, bundan da yaxşı oyunlarımız olub. Birinci hissə ortabab oynadıq. Demək olar, öz oyunmuzu oynamadıq. İkinci hissəyə isə çox yaxşı başladıq.
- İlk hissədə bir qədər zəif çıxışın səbəbi nə idi?
- Qəbələdə hava bir az ağırdır. Üstəlik gün də çıxanda istər-istəməz boğulma baş verir. İkinci hissədə havada dəyişiklik oldu, gün batdı. Nəfəs almaq problemi azaldı. Qəbələ yüksəklikdə yerləşir. Bəlkə bunun da təsiri vardı. Digər tərəfdən ilk hissədən sonra baş məşqçi iradını bildirdi və göstərişlərini verdi. Ona görə daha yaxşı və aqressiv oynadıq.
- Adətən hesabda öndə olan komandalar sona 5-10 dəqiqə qalmış müdafiəyə çəkilir. Amma "Səbail”lə oyunda tam fərqli idi. Hücuma atılmaq baş məşqçinin tapşırığı idi, yoxsa təsadüfən belə alındı?
- Futbolda təsadüflər nadir hallarda olur. Hesabdan asılı olmayaraq baş məşqçinin tapşırığı oyunu hücumda keçirməkdir. Məşqçimiz də bizdən həmişə bunu tələb edir. Hansısa oyunda hesabda irəlidə olduğumuz halda müdafiəyə çəkilməyimizi istəmir. Bu, təkcə "Səbail”lə oyunda olmayıb. Həmişə belədir. Fikrimcə, bu, düzgün deyil. Çünki müdafiədə oynasan, rəqib hansısa imkanlardan istifadə edə bilər. İnanmıram ki, hansısa baş məşqçi oyunlar zamanı futbolçularına müdafiəyə oturmağı tapşırsın. "Səbail”ə qol vurandan sonra 10-15 dəqiqə hücum qurmaqda problem yaşadıq. Müəyyən məsələlər var. Bəzən məcburiyyətdən müdafiəyə çəkilirsən. Bəzən də oyun tələb edir ki, hücumda olasan. Rəqibdən də çox şey asılıdır.
- Ümumiyyətlə, bu mövsüm baş məşqçi oyun üslubunda hansısa dəyişiklik edib və ya fərqli tapşırıqlar veribmi?
- Elə də ciddi bir şey yoxdur. Keçənilki oyunlarımıza da baxsaq, görərik ki, eyni üslub, taktikadır. Fubolçuların da demək olar, 70 faizi komandada qalıb. Sadəcə, ələ düşən imkanlardan istifadə edə bilmirik. İstənilən oyunumuzu yenidən analiz etsək, görərik ki, ən azı iki qol imkanını boşa vermişik.
- Hazırda "Qəbələ” turnir cədvəlində liderdir. "Neftçi”, "Qarabağ” kimi çempionluğa əsas namizəd sayılan rəqiblərlə mübarizədə bu liderliyin uzun müddət davam etməsi perspektivi haqda nə düşünürsünüz?
- Qarşımıza bu il çempionluq məqsədi qoyulmayıb. Futbol oynayırıqsa, çalışırıq ki, medal qazanaq. Düzü çox çətin olacaq. Yenə də əlimizdən gələni edəcəyik ki, yuxarı pillələrdə qalaq. Özlüyümüzdə avrokuboklara vəsiqə qazanmaq istəyirik. Nəticə üçün əlimizdən gələni edəcəyik. Amma indidən çempion olacağımızı deyə bilmərəm. Premyer Liqa yeni başlayıb, qarşıda oyunlarımız var.
- Geridə qalan turda komandanın çıxışı yüksək qiymətləndirilir. Çempionluq olmasa da, kollektiv arasında mükafatçılar sırasında yer almaqla bağlı hisslər baş qaldırıb?
- Bunu zaman göstərəcək. Niyə də real olmasın və hansısa pilləni tutmayaq? İstəyimiz budur. Meydana qələbə üçün çıxırıq. Allah nəsib eləsə, olacaq.
- Bu mövsüm heyətə dəvət alan futbolçuların uyğunlaşma prosesi necə gedir?
- Yəqin ki, yaxşı. Belə olmasa, nəticə verə bilmərik. Yenilər tam uyğunlaşıb ki, nəticə var.
- Təcrübəli futbolçu kimi bu mövsüm digər rəqiblərin durumu ilə bağlı hansı düşüncədəsiniz? Çox fərqlilik var?
- Fərqlilik deyəndə, bu il zəif komanda yoxdur. Nəinki indi, artıq 3-4 ildir belədir. Hamı bir-birindən xal ala bilər. Əvvəllər hansısa oyundan əvvəl düşünürdük ki, 70 faiz qələbə qazana bilərik. Amma indi belə rahatlıq yoxdur. Bütün oyunlarda can qoymalısan. Mübarizə aparmasan sonluq pis olur.
- Əksər mütəxəssislər, futbol adamları düşünür ki, hazırda "Neftçi” ilə "Qarabağ”dan başqa bütün komandaların səviyyəsi eynidir...
- Səkkiz komanda arasında büdcədə fərq ola bilər. İndi kimsə kimdənsə güclüdür anlayışı yoxdur. Sabah istənilən rəqibdən xal ala bilərsən. Onu deyən mütəxəssis kimdirsə, çoxdandır futbolun içində deyil. Kənardan belə görünə bilər. Amma mən düşünürəm ki, bütün komandalar eynidir.
- "Neftçi” ilə "Qarabağ”ın durumu aydındır. Qalan komandalardan bu mövsüm ən çətin rəqib kimi görürsünüz?
- Bütün rəqiblər çətindir. Çempionatda asan heç nə yoxdur. Bütün oyunlarda əziyyət çəkməlisən.
Səbuhi Həsənov
Şərhlər