Xəbər lenti

İdman 17:37 19.06.2020

"Qərar verdim ki, Moldova millisində çıxış edım" - Elnur Əşrəfoğlu seçiminin sirrini açdı

Tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmisi Elnur Əşrəfoğlu bu gün doğum gününü qeyd edir. 

Sport7.az əlamətdar günü nəzərə alaraq Elnur bəylə əlaqə saxladı. Həm onu təbrik etdik, həm də idman camiəsinin sevilən siması ilə söhbətləşdik. Bir də baxdıq ki, maraqlı müsahibə alınıb. Oxuyandan sonra siz də buna əmin olacaqsız. 

- Karantin rejimi sərtləşməmiş ad gününüzü qeyd etmək üçün yaxşı fürsət var. Bunu necə dəyərləndirəcəksiz?
- Həmişəki kimi evdə. Çünki mən atam və anamla birgə yaşayıram, elə həyətdə qeyd edəcəyik. 

- Qonaqlar kimlər olacaq, say-seçmə idman adamları, yoxsa qohumlar?
- İndi karantin qaydalarına əməl etmək lazımdı, sosial məsafə məsələləri var. Ona görə də bu dəfəki ad günümdə yəqinki qonaqlar olmayacaq. (gülür)...
 


- Sənədlərə inansaq, 46 yaşınız tamam olur. Bəs özünüzü neçə yaşda hiss edirsiz?
- Ümumiyyətlə, yaş 40-ı keçdisə, 43-ün, 46-nın, 48-in elə bir önəmi olmur. Ürək həmişə cavan olur. Yenə də o enerji, istək, güc var. Bugünkü fəaliyyətimizə görə də bizi tanıyanlar da yəqin ki, hansısa yaşı bizə verərlər.

- Sizi daha çox AzTV ekranlarından görüb-tanıyıblar. Sonra digər TV-lərdə layihələriniz oldu. Amma çoxdandı ki, efirlərdən uzaqsız. Niyə?
- Elə deməzdim. Hərdən televiziya kanallarına çıxırıq. Kim dəvət edirsə, iştirak edirik. Bildiyiniz kimi, hazırda Azərbaycan Cüdo Federasiyasında çalışıram və federasiya rəsmisi kimi müxtəlif kanallarda da efirə çıxmışam. O ki, qaldı şərhçiliyə, artıq uzun müddətdi ki, bu işlərə fasilə verilib. İndi zaman gələr, yəqin ki, yenə bunu edərik. Ancaq indiki zamanda işimizlə məşğuluq.
 


- AzTV, "Neftçi" və... Cüdo federasiyası. Orda özünüzü necə hiss edirsiz? Sakit həyat axtarışıdı, yoxsa futboldan doymusuz?
- Demək olmaz ki, futboldan doymuşam. AzTV-dən sonra müxtəlik kanallarda müəyyən layihələr etdim, "Neftçi" klubunda çalışdım, sonra da indi cüdo federasiyasında işləyirəm. Futbolla cüdonu müqayisə etdikdə, ola bilsin ki, idman növü olaraq dünya üzrə daha futbol daha populyardı, insanlar, onu sevənlərin sayı daha çoxdu. Ancaq vallah, cüdoda da iş o qədər az deyil. Təsəvvür edin, əsas milli komanda, yeniyetmələr üzrə milli komanda, klublar, çempionatların keçirilməsi və s. Yəni, iş elə də az deyil. 2020-ci il olimpiya ili idi və bu karantinə görə bir il sonraya təxirə salındı. Olimpiya ili öncəsi də iş daha çox olur. Deməzdim ki, cüdo sakit həyat tərzidi. Əksinə, cüdo olimpiya idman növü olduğu üçün futboldan heç də geri qalmır və burda da iş kifayət qədər çoxdu.

- "Telefortuna”da xeyli tanınmışdız. Sonradan da azərbaycanlı idman jurnalistləri ilə müxtəlif turnirlərə qatıldız. Amma ötən il Moldova "millisinə” qatıldığınızı açıqladız. Nə baş vermişdi, Azərbaycanda sizi kim küsdürdü?
- Küsdürdü deməzdim. Bu gün də Azərbaycanda yaşayıram. Ancaq qərar verdim ki, Moldova millisinin heyətində iştirak edim və bir faktı da qeyd edim ki, mən Moldova İdman Jurnalistləri Asossasiyasında Azərbaycan üzrə nümayəndəsiyəm. Onların komandası da heç zəif deyil. Hətta deyərdim ki, Avropanın ən güclü jurnalist futbol komandalarından biridi. Oradan dəvət gəldikdə bunu məmnuniyyətlə qəbul etdim. İndiki dövrdə də, əvvəlki dönəmdə də legioner həyatı yaşayan həmvətənlərimiz daha çox sevilir, daha çox onlara hörmət göstərilir. Bəlkə də bunu əsas götürüb Moldova millisini seçdim. Ola bilər ki, bu yaxınlarda mən bu ölkənin əməkdar jurnalisti olacam, halbuki hələ Azərbaycanda bu adı mənə verməyiblər. Bir fikir yaranıb ki, gərək bu adı istəyən. Axı niyə istəyəsən? Sənin fəaliyyətin göz qabağındadı. İnsanların hər hansı sahə üzrə fəaliyyəti dəyərləndirilməlidi. Bunu etiraz olaraq demirəm. 
 


Moldovanın jurnalistlərdən ibarət həvəskar milli komandasının heyətində iki dəfə Litva və Macarıstanda beynəlxalq yarışlarda iştirak etmişəm. Ancaq hər ikisində də çempion olmuşam. Görənlər də bilir ki, peşəkarların yarışından geri qalmır. Bəlkə də çox qısa müddətdən sonra Moldovanın əməkdar jurnalisti olacam. Ondan sonra yəqinki ölkəmdə mənə daha çox dəyər verilər və buranın da əməkdar jurnalisti olaram. Misal üçün qeyd edim ki,  Əhməd Ələsgərov bizim görkəmli futbol məşqçimiz olub. Ruhu şad olsun.  O, həm Moldova, həm Ukrayna, həm də Orta Asiyada çalışıb və bu ölkələrin də əməkdar məşqçisidi, çox sevilir. Ondan sonra o kişiyə burada daha çox qiymət verilib. Və ya  İsgəndər Cavadov... O vaxt onu "Neftçi" klubundan qovmuşdular, getdi Moldovada çıxış etdi. Daha sonra başladılar onun qədrini bilməyə. Ki, belə bir İsgəndərimiz var. Hələ digər idman növlərini demirəm.

Mən deyəndəki dünyanın 102 ölkəsində olmuşam, bəzən dostlar arasında bu təəccüblə qarşılanır ki, bu necə ola bilər, zarafatlaşırlar. Yaxud da deyirlər ki, yox, bu say 70 olar. Və ya sən Birləşmiş Ərəb Əmirliklərinə getmisənsə, bunu üç ölkə sayırsan. Təbii ki, bu bir zarafatdı. (gülür)... Bu gün də xəritəni qarşıma qoyanda baxıram ki, mən hansı ölkədə olmamışam? Bunu mənə idman jurnalistikası qazandırıbƏlbəttə ki, çox gəzən də çox bilər, dünya görüşü çox olar. Bu, çox gözəl bir haldı. 

- Daim xarici səfərlərdə olurduz. Çoxdandı ki, "uça” bilmirsiz. Darıxmamısız ki?
İşimlə  əlaqədar yəqinki yenə olacaq. İndiki dövrdə darıxmıram, öz işimizdəyik, karantin qaydalarına riayət edirik. Yollar nə vaxta açılsa, yenə də səfərlərimiz olacaq.

Röya Kərimli
 



 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->