Xəbər lenti

Qəzəb günü...
Məmməd SÜLEYMANOV
Dünya 15:07 27.06.2025

Qəzəb günü...

Meksikalı rejissor Alfonso Kuaronun 2006-cı ildə çəkdiyi "İnsan övladı” film-antiutopiyasında hadisələr bu günümüzdə - 2027-ci ildə cərəyan edir. Süjetə görə, qlobal epidemiya nəticəsində insanlar daha övlad dünyaya gətirmirlər və sonuncu körpə 18 il əvvəl doğulub.

Kuaron ifrat təbəqələşmiş, sinfi ziddiyyətlərin hökm sürdüyü cəmiyyəti təsvir edir. Burada keçmiş siyasi fəallar da var, terrorçular da. Zənginlər güclü mühafizə olunan rayonlarda dəbdəbəli mülklərdə, əksəriyyət isə eyni tipli xırda mənzillərdə yaşayır. Bütün dünyanı xaos bürüyüb və yalnız Britaniyada sakitlikdir. Bu sakitliyə hərbi rejimin sayəsində nail olunub.

Dünyanın hər yerindən milyonlarla miqrant xaosdan xilas olmaq üçün Britaniyaya can atır, ancaq burada onları vəhşi heyvan kimi ovlayaraq düşərgələrə göndərir, deportasiya edir, ya da öldürürlər.

Bu təsvirlərdə hələlik heç bir qeyri-adilik yoxdur - son onillikdə biz dünyanın dörd yanında xaosu da, milyonlarla mühacir axınını da görmüşük.  Ümumi mənzərəyə faciəvi şəkil verən heç də sadalanan sosial fəlakətlər deyil, məhz uşaq səsinin eşidilməməsidir. Yəni, uşaqlar doğulmur və dünyanın gələcəyi yoxdur. Hətta illüzor bir şans da yoxdur ki, vəziyyət nə vaxtsa yaxşılığa doğru dəyişəcək.

Kuaronun gələcəyi olmayan dünya metaforası hazırda çox inandırıcı görünür.  Çünki, biz ümidsiz dünyada onillər boyunca yaşayırıq. Reallığa qarşı heç bir müsbət alternativ mövcud deyil. Sanki bəşəriyyət bu gündən prinsipial şəkildə fərqlənəcək hansısa gələcəyə ümidini birdəfəlik itirib və onu heç axtarmır da. Gələcəyin yoxluğu, bərabərsizlik, ədalətsizlik, yoxsulluq, qiymət artımları, təhlükəsizlik hissinin yoxa çıxması kimi problemlər çarəsiz və əbədi görünərək insanların ağlını başından alır. 

Kuaronun filmində hökumət su kəmərlərinə antidepressantlar əlavə edir, TV-lər ağrısız intiharın reklamı ilə məşğuldur. Bütün bunlara baxmayaraq, küçələri ən fərqli sektantlar, ağlını itirmiş təbliğatçılar və hər növ psixi xəstələr doldurub.  Sosial kataklizm dövrləri belələri üçün özünütəsdiq və qəhrəman olmaq şansıdır. Vəziyyət nə qədər pisdirsə, insanlar bir o qədər asanlıqla arxaik inamlara tapınaraq ən axırıncı yaramazın ardınca getməyə hazır olur.

Burada da bizim dövrümüzlə oxşarlıq göz qabağındadır. Hələ 5 il əvvəl Davos forumu üçün hazırlanmış Qlobal risklərlə bağlı hesabatda dünyada psixi pozuntuları olan şəxslərin sayı 700 milyon nəfər göstərilmişdi.

Düzdür, bu eybəcər reallıq heç də hamıda psixi pozuntular, depressiya və həyəcan yaratmır. Əksinə, bəziləri öz harmoniyasını tapır. Söhbət, əlbəttə, özünü elita adlandıran zənginlərdən gedir. Böhran və çoxluğun bədbəxtliyi zənginlər üçün yeni sonsuz imkanlar deməkdir. Belələri çoxluğun həyəcan və depressiyasını bölüşmür. Onlar Kuaronun filmini də bəyənməzlər - söhbətin nədən getdiyi onlar üçün anlaşılmazdır. Elita aşağıların dilini başa düşmür. Tox aclıqla ac çoxluğun arasında keçilməz sədlər qurulub. Necə ki, bir neçə il əvvəl Britaniya kraliçası qızıl royalın yanında əyləşib ingilislərə yoxsulluqda yaşamağı öyrədirdi və situasiyanın absurdluğu dərk olunmurdu. 

Yer kürəsi dəliliyə yaxınlaşdıqca milyonlarla insan kədər və ümidsizliyə qərq olur, xəritələr silahla yenidən cızılır, elitalarda isə dəbdəbə və ifrat zənginliyin demonstrativ nümayişi pik həddinə çatır. Bu, dialektikadır - böyük əksəriyyətin çarəsiz ehtiyacları, müharibələri mümkün edən qanlı ura-patriotizm ilə eyni vaxtda yuxarı təbəqənin ağlagəlməz sərvəti, dibsiz acgözlüyü və ekzotik əyləncələri.

Və 1917-ci ildə olduğu kimi, yenə də bu dialektika əks tərəfdə cavab olaraq qəzəb doğurur. Aşağıların apatiyası tədricən hiddət və narazılıqla əvəzlənir. Sosial statusun itirilməsi, gələcəyin qeyri-müəyyənliyi, həyat şəraitinin durmadan pisləşməsi qəzəb hissini qidalandırır. 

Əlbəttə, quru qəzəb yalnız dağıdır və heç nə qurmur. Biz bunu "Ərəb baharları”nda gördük. Yaxud antiqlobalistlərin şou-etirazlarının, "Uoll-Striti işğal et!” karnavallarının mənasızlığı buna sübutdur. Söhbət insanları birləşdirən, insanları yüksəldən, nəcibləşdirən, müsbət ideologiyaya söykənən qəzəbdən gedir. Ejen Delakruanın məşhur rəsmindəki kimi.

Və yalnız bu cür cür qəzəb indiki çürüyən dünyadakı bitməyən qlobal dəhşətlərin sonu ola bilərdi...

P.S. Alfonso Kuaron öz filmini çəkən vaxt Ümumdünya Səhiyyə Təşkilatı Qərb qitəsində Zika virusunun epidemiyasını elan edərək Latın Amerikası qadınlarını uşaq doğmamağa çağırırdı. Retrospektiv baxanda bu, koronavirus epopeyasına hazırlıq strategiyasının bir elementi kimi görünür...

Məmməd Süleymanov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->