Ölkə 21:53 09.04.2020

Qobustandakı 284 “ömürlük”dən 39-u azad olunub

Əfv Komissiyasının üzvü: "Bu şəxslərin işləri  təhlil olunur”

Azərbaycanda hər il bir neçə dəfə əfv sərəncamı verməsinə baxmayaraq, budəfəki qərar xüsusi bir qrupa aid edildi. Koronavirusa görə xüsusi risk qrupuna aid edilən yaşı 65-dən yuxarı olan məhkumların sağlamlığının təminatını prioritet məsələ kimi önə gətirildi və onlar əfv edilərək azadlığa buraxıldı. Sərəncamla 176 məhbus ailəsinə qovuşdu. Onların içində 11 qadın və  ömürlük azadlıqdan məhrum edilmiş 2 nəfərin olması xüsusi diqqət çəkir.  

Ömürlük məhkumlar məsələsi illərdir ki, Azərbaycan cəmiyyətinin diqqətindədir. "Ömürlüklər”lə bağlı addımlar diqqətlə izlənilir.  1 il əvvəl, 16 martda prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilmişdi. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənmişdi.

Bu tipli məhbuslarla bağlı gedən müzakirələrdə ilk göz önünə 3 isim gəlir. Bunlar, artıq 25 ilə yaxındır həbsdə olan OMON-çular - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımzadədir. Bu 3 məhbusun adı hər dəfə əfv siyahılarında axtarılır. Ömürlüklərin azad olunma qaydaları ötən il bir qədər də sadələşdirilib. Onlaırn şərti olaraq azad edilmələri üçün məhkəməyə müraciət qaydalarında dəyişiklik edilib. Belə ki, əvvəllər ömürlük məhbuslar müraciət edib rədd cavabı aldıqdan sonra 1 il yeni müraciət üçün gözləməli olurdularsa, indi belə deyil. Onlar rədd cavabından 6 ay sonra yenidən azad edilmələri üçün müraciət etmək hüquqları qazanırlar. 

2 ömürlük məhbusun əfvi ömürlük məhbusların, xüsusən ölüm hökmünün ləğvindən əvvəl cəza alanların probleminin həlli istiqamətində addım hesab etmək olarmı? Bu gün Azərbaycan həbsxanasında nə qədər ömürlük məhbus var? 

"Yeni Müsavat” əməkdaşı bu və digər suallarla Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevə müraciət edib. 

Ə.Nuriyev deyib ki, ömürlük məhbusların işi ilə bağlı daimi komissiya fəaliyyətdədir: "Azərbaycanda qanunvericilik ömürlük həbsdə olanların azadlığa çıxma imkanlarını bu və ya digər dərəcədə tanıyır. Cinayət Məcəlləsinə edilən dəyişikliklər onlara imkan verdi ki,  cəzalarının 25 ilini çəkdikdən sonra vaxtından əvvəl şərti olaraq azadlığa çıxmaq üçün müraciət etsinlər. Xüsusilə son 5 ildə davranışları ilə fərqlənən insanlar olsunlar, hər hansı bir intizam tədbirləri almasınlar. Belə şəxslərə məhkəmə vaxtından əvvəl azadlığa çıxmaq imkanı verə bilər. Təbii ki, onlar müraciət etməlidirlər. Əvvəllər belə bir hal yox idi. Qanunvericilik daha humanist yanaşma təqdim etdi. 2017-ci il 10 fevralda cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə prezidentinin sərəncamı oldu. Bu fərmanla Cinayət Məcəlləsində 300-dən artıq tərkibdə dəyişikliklər baş verdi. Digər tərəfdən, ömürlük məhbusların azadlığa çıxmaq imkanlarından biri də əfvə müraciətlə bağlıdır. Ömürlük həbsə məhkum edilmiş istənilən məhbus cəzasının 10 ilini çəkəndən sonra əfv üçün müraciət edə bilər. Onların cəzaları 25 illə də əvəzlənə bilər. Bu da həmin məhbusun azad edilmə imkanlarını xeyli dərəcədə yaxşılaşdırır. Azərbaycan praktikasında belə əfv sərəncamları olub. Ötən il 3 ömürlük məhbusun  cəzası müddətli cəza ilə əvəzləndi. Müddət başa çatandan sonra onlar cəzadan azad edildilər. Bundan əvvəl əfv sərəncamları ilə ömürlük məhbusların da azadlığa çıxdıqlarını biz praktikada görmüşük. Əfv Komissiyasına ömürlük məhbuslar da müraciət edirlər. Komissiya da qanunvericiliyin meyarlarını əsas götürüb tövsiyə xarakterli qərarlar qəbul edir. Qəbul edilən qərar pozitiv də, neqativ də ola bilər. İstənilən halda qanunvericilik onların azadlığa çıxma imkanlarını tanıyır. Sadəcə, qanunvericiliyin tələblərinə uyğun olaraq bu proseduralar olmalıdır”.

Əliməmməd Nuriyev deyib ki, ömürlük məhbuslar əfv edilərkən, cəzaları müddətli cəza ilə əvəzlənərkən işləri üzrə zərərçəkən tərəfin mövqeyi də nəzərə alınır: "Ömürlük məhbusların böyük əksəriyyəti ağır qətllər törətmiş şəxslərdir. Onların azadlığa çıxmalarının ən vacib amillərdən biri də tərəflərin barışıq əldə etmələridir. Yəni zərərçəkmişin rəyi diqqətə alınan əsas faktorlardan biridir. Digər tərəfdən, elə xəstəliklər var ki, qanunvericilikdə bunlar öz əksini tapıb. Belə məhbusların vaxtından əvvəl azadlığa çıxmaq imkanları var. Bu bütün məhbuslara, o cümlədən ömürlüklərə də aiddir. Xüsusi bir həkim komissiyası yaradılır və komissiya həmin məhbuslarla bağlı rəy verir. Məhkəmə də bu rəy əsasında onları azad edə bilər. Bu o demək deyil ki, həkim rəyi verən kimi məhbus azad olunur. Əfv üçün müraciət hüquqi yaranan şəxsin bu, əfv edilməsi anlamına gəlmir. Müraciət mütləq komissiya tərəfindən müəyyənləşdirilir. Məhbusun azadlığa çıxdıqdan sonra cəmiyyət, ətraf üçün təhlükəli olmayacağına əminlik yaranandan sonra həmin məhbusun azadlığa çıxmaq imkanları artır. Əfv etmək cənab prezidentin müstəsna səlahiyyətindədir. Bilirsiniz ki, 21 il öncə ölüm cəzası ləğv olunandan sonra həmin məhbusların cəzaları ömürlüklə əvəzləndi. 25 il cəza çəkməyən ömürlük məhbusun cəzası da 25 illə əvəzlənə bilər. Məsələn, 20 il cəza çəkən məhbus əfv edilə bilər. Dünya praktikasında belə məhbusların daha uzunmüddətli cəzaya məhkum edilməsi halları mövcuddur. Ömürlük məhbuslar daha ağır cinayət törətmələrinə baxmayaraq, onlara qarşı humanistlik hər zaman göstərilir. Çox azsaylı tərkibə görə ömürlük həbs cəzası nəzərdə tutulur. Kütləvi qətllər, terror, sifarişlə qətl törətmiş canilər və vətənə xəyanət kimi səbəbləri göstərə bilərik. Bununla belə, ömürlük azadlıqdan məhrum olunmuş şəxslər daim diqqətdədir. Bu gün Azərbaycan həbsxanasında 284 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs var. Bu şəxslərin işləri daimi olaraq təhlil olunur, davranış qaydaları və s amillər nəzərə alınır. 1995-ci ildən bu yana ömürlük azadlıqdan məhrum edilmiş şəxslərdən 39 nəfəri azad olunub və ya cəzası müddətli cəza ilə əvəzlənib. Son 3 əfv sərəncamında ən azı 2 nəfər ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin adının olması ümumilikdə prosesin müsbətə tərəf yön aldığını söyləməyə əsas verir”.

Əliməmməd Nuriyev bildirib ki, hazırda bu istiqamətdə işlər davam edir.