Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən yeni hökumətin tərkibində təyinat olmayan vəzifələrdən biri Əmlak Məsələləri Dövlət Komitəsinin sədri postudur.
Qaynarinfo ölkə.az-a istinadən xəbər verir ki, quruma yarandığı vaxtdan etibarən, yəni 2009-cu ildən dünənki tarixə kimi Kərəm Həsənov rəhbərlik edib.
Bəziləri prezidentin K. Həsənovu komandasında uzun müddətdir, görmək istəmədiyi ilə bağlı fikirlər, iddialar səsləndirsə də, 49 yaşlı məmurun taleyi faktiki olaraq sual altındadır.
Düzdür, K. Həsənov 9 illik rəhbərliyi dövründə mətbuat səhifələrində hər zaman qalmaqallı məsələlərlə manşet olub. Lakin o, bütün bunlardan sıyrılaraq, vəzifəsində qalmağı bacarıb.
Mətbuatda "əmlak kralı” olaraq adlandırılan Həsənovun haqqında tez-tez "yaxın vaxtlarda postdan uzaqlaşdırılır”, "Kərəm Həsənov vəzifədən gedir”, "Əmlak kralı” vuruldu”, "Həsənovlar İmperiyası”na son verilir” kimi xəbərlər yayılsa da, hər belə xəbərdən sonra onun əlinin bir az da gücləndiyinin şahidi olmuşuq. Məsələn, 2015-ci il parlament seçkilərində Kərəm Həsənovun qardaşı Malik Həsənov Cəlilabad rayonundan deputat seçildi. Elə həmin ildə K. Həsənov Azərbaycanda ən nüfuzlu və iri ranqlı icra başçılarından sayılan Gəncənin rəhbəri Elmar Vəliyevlə quda oldu. Kərəm Həsənovun oğlu ilə Elmar Vəliyevin qızı ailə həyatı qurdu. Həsənovun qaynı Fəxrəddin Abbasov isə ötən il Ağsu Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Belə güclü qohumluq əlaqələri olan birinin taleyinin necə olacağı isə maraqla gözlənilənlər siyahısındadır.
Şərhlər