Ölkə 12:07 17.02.2016

"Dilqəm və Şahbaz qaytarılmayacaq" - Ermənilər etiraf etdi

Qondarma Dağlıq Qarabağ respublikasının "baş prokuroru" Artur Mosiyan Xankəndində keçirdiyi mətbuat konfransında Kəlbəcərdə girov götürülən azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı açıqlama verib.

AzVision.az "Kavkazskiy-uzel" saytına istinadən xəbər verir ki, Mosiyan Kəlbəcər girovlarının erməni əsirlərlə dəyişdirilməsinin mümkün olmadığını bildirib.

"Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni əsirlərlə dəyişdirilə bilməz" deyə Mosiyan bildirib. 

Qondarma qurumun rəsmisi qeyd edib ki, Dilqəm Əsgərov və Şahbaz Quliyevin “Skpye” vasitəsilə yaxınları ilə danışması üçün müraciət daxil olmayıb.

Xatırladaq ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. 

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Qaynar.info