Siyasət 14:41 22.04.2016

"Qarabağla bağlı "yol xəritəsi" hazırdır" - Lavrovdan önəmli AÇIQLAMA

Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla birlikdə Yerevanda mətbuat konfransı keçirir. Qaynarinfo.az modern.az-a istinadən xəbər verir ki, mətbuat konfransında tərəflər Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla geniş spektrdə məsələrdən danışırlar. 

Sergey Lavrov jurnalistlərin suallarına cavabında Qarabağla bağlı "yol xəritəsi"nin hazır olduğunu bəyan edib. O, münaqişənin hərbi yolla həlli variantının mümkün olmadığını vurğulayıb.

"Münaqişə diplomatik yolla həll olunmalıdır", - deyən rusiyalı nazir 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs barədə razılaşmaya ciddi əməl etməyin vacibliyini vurğulayıb.

S.Lavrov bildirib: "Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında indi hansı dövrün olduğunu başa düşürük. Zorakılığın artmasının dayandırılması üçün biz, şəxsən prezident Vladimir Putin, səylər göstərmişik. İndi atəşin dayandırılması barədə razılaşmalara prinsipial olaraq ciddi əməl etmək və 1994 və 1995-ci il tarixli sazişlərin yenidən pozulmasına yol verməmək lazımdır. Həmin sazişlərdə müddətsiz atəşkəs rejiminin möhkəmləndirilməsi qeyd olunub".

Onun sözlərinə görə, ATƏT-in xətti ilə etimad tədbirləri, gərginliyin azaldılması və snayperlərlə bağlı razılaşmaları sonadək yerinə yetirmək lazımdır: "Siyasi həllə gəlincə, mümkün olan hər şeyi etməyə hazırıq. Zorakılıq və insidentlərə yol verməmək üçün mümkün olan hər şey edilməlidir".

Lavrov deyib ki, Rusiya ATƏT-in Minks qrupunun üzvü kimi tərəflərə hər cür kömək göstərəcək.

Qaynarinfo.az