"RAHAT” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Şirkətdən Oxu.az-a verilən məlumata görə, mətbuatda mağazadan oğurluq edərkən yaxalanmış şəxsin döyülməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir:
"Həmin şəxs mağazadan 19 ədəd "Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib.
Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki "Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub. Bundan başqa, təhlükəsizlik kameralarının çəkdiyi kadrlarda həmin şəxsin əməkdaşımızı itələyərək, qaçmağa başlaması aydın görünür”.
Daha sonra marketlər şəbəkəsindən həmin şəxsin Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verildiyi deyilib:
"Həmin şəxsə qarşı zorakılıq barədə yayılan xəbərlərin yalan olduğunu sübüt edən görüntülər də var”.
Qeyd edək ki, market tərəfindən təqdim olunan kadrlarda oğurluq faktı ilə yanaşı, hadisə yerində saxlanılan şəxsin marketin əməkdaşlarına müqavimət göstərməsi, onları itələyərək, qaçmağa cəhd göstərməsi aydın görünür.
Şərhlər