Ramiz Mehdiyevdən akademik fırıldaq: AMEA-nın avtoparkı necə özəlləşdirildi?

Ramiz Mehdiyevdən akademik fırıldaq: AMEA-nın avtoparkı necə özəlləşdirildi?

Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin ölkənin əsas elm məbədini özünün biznes maraqlarına "uyğunlaşdırdığına” dair yeni faktlar aşkarlanıb.

Əldə edilən məlumata görə, Ramiz Mehdiyev 06 fevral 2020-ci il tarixli Dövlət Neft Fondu (ARDNF) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında bağlanmış /DNF/X-02 nömrəli/ müqavilə əsasında ARDNF tərəfindən AMEA-nın İşlər İdarəsinin istifadəsinə verilmiş müxtəlif markalı müasir nəqliyyat vasitələrini təyinatından yayındıraraq nəvəsinin adına təsis edilmiş "Hikmət İnşaat” MMC-nin istismarına verib (Demokratik.az).

Akademik baba "nəvəsi”nin ixtiyarına buraxdığı avtomaşınların əslində ARDNF-in yalnız AMEA-nın elmi-tədqiqat işləri, sosial tədbirləri və digər ehtiyacları üçün ayırmış olduğunu heçə sayaraq quruma və kollektivinə faydası toxunmayan həmin avtomaşınların yanacağının və servisinin də AMEA büdcəsi hesabına qarşılanmasını təmin edib.

"Hikmət İnşaat” MMC ilə AMEA arasında 28 iyul 2020-ci il tarixdən mövcud olan rəsmi müqavilədən görünür ki, "FORD-Transit-350L” markalı 1 ədəd mikroavtobus, eləcə də "Toyota Land-Cruiser” markalı 2 ədəd, "Honda-Kvadrotski” markalı 5 ədəd minik avtomobili təqribən 1 ildir ki, AMEA-nın deyil, faktiki olaraq sözügedən MMC-nin ixtiyarındadır.

Bu vəziyyət artıq Akademiyada da geniş müzakirələrə və narazılıqlara da səbəb olub. Nəticədə bu ilin aprelində AMEA və "Hikmət İnşaat” MMC arasındakı müqaviləyə 01 may 2021-ci il tarixdən etibarən xitam verildiyi elan edilib.

Lakin buna baxmayaraq, qarşı tərəf avtomaşınları geri qaytarmaqdan yayınıb. Onu da bildirək ki, avtomaşınlar "saxlayıcı”ya icarəyə verilsə də, hələ ki ARDNF-in mülkiyyətində və sərəncamında saxlanılır.

Bundan başqa, Ramiz Mehdiyev kürəkəni İlham Əliyevin qardaşı, hazırda İİ-nin müdir əvəzi vəzifəsini icra edən Fikrət Əliyevlə sövdələşərək, ona İİ-nin "Dentlab” MMC ilə aralarında bağlanan müqaviləyə əsasən, 108 saylı, 03 may 2021-ci il tarixli Əmr də imzalatdırıb. Həmin əmrə əsasən, "Dentlab” MMC-yə məxsus "Toyota-Avalon” markalı AZ90-AF-040 dövlət nömrə nişanlı 2015-ci il buraxılışlı avtomobili xidməti ehtiyaclar üçün istifadə adı altında AMEA-nın balansına salınıb. Həmin maşının da texniki qulluğunu, yanacaq sərfiyyatını, bütün təmir-servis işləri üzrə xərclərin təminatını AMEA-nın maliyyə vəsaiti hesabına qarşılanması barədə süni maddi öhdəlik yaradılıb.

Ramiz Mehdiyevin AMEA-nın guya istifadəsinə götürdüyü, lakin kürəkəni İlham Əliyevə məxsus "Dentlab” MMC-nin faktiki xidmətində qalan maşın Fikrət Əliyevin öz sürücüsü Azad Əmirovun adına təhkim edilib. Belə çıxır ki, AMEA Rəyasət Heyəti İİ-nin müavini Fikrət Əliyevin istifadəsində iki xidməti avtomaşın var.

Çünki Fikrət Əliyev onsuz da AZ99-PD-525 dövlət nömrə nişanlı xidməti avtomobildən istifadə edirdi və o maşın da sürücüsünə təhkim olunub. Bu hal AMEA-nın inzibati-nəqliyyat-təsərrüfat şöbəsinin və sözügedən "xidməti maşınlar”ın Mehdiyevlərin şəxsi biznes maraqları ilə idarə edildiyini əyani şəkildə təsdiqləyir.

Yuxarıda qeyd olunanlarla bağlı digər maraqlı fakt bundan ibarətdir ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında "Hikmət İnşaat” MMC və "Dentlab” MMC-nin eyni ünvanda – AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 115-də qeydiyyatda olduğu müəyyən edilib. /yenicag.az
XƏBƏRLƏR
BLOGLAR
X