2016-cı ilin “Aprel döyüşləri”ndə böyük hünər, rəşadət göstərərək, şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Raquf Orucovun böyük oğlu Aqşin Orucov tələbə adını qazanıb. Belə ki, o, Azərbaycan Diplomatik Akademiyasının (ADA) beynəlxalq münasibətlər fakültəsinə daxil olub.
Şəhidin həyat yoldaşı Sevinc Alızadə modern.az-la təəssüratlarını bölüşüb. O bildirib ki, Raquf Orucov da övladının bu universitetə qəbul olunmasını istəyirdi:
“Aqşin 600 bala namizəd uşaq idi. Bunu müəllimləri də təsdiqləyirdi. Lakin övladım çox həyəcanlanır, stress keçirirdi, buna görə müalicə də aldı. İmtahandan pis vəziyyətdə çıxdığını gördük. Digər tərəfdən imtahan çətin olduğu üçün ümidimizi itirmişdik. O da həvəsdən düşmüşdü. Düşünürdük ki, 600 balı yığa bilməyəcək. Təqribən 550-yə yaxın bal yığmışdı. Düzdür, digər universitetlərin də özünəməxsus perspektivləri var, amma biz ADA universitetini istəyirdik. Bu səbəbdən ixtisas zamanı ilk yerə həmin təhsil ocağının adını yazdıq.
Ora qəbul olmaq Aqşinin ən böyük arzusu idi. Həmişə ona “Azərbaycanda oxusan, təkcə ADA-da oxuyacaqsan, yoxsa səni heç bir yerdə oxutmayacağam. Dəfələrlə hazırlaşıb yenə də ora qəbul olacaqsan” deyirdim. İnanın ki, ümidimizi kəsdiyimiz üçün Aqşinin sənədlərini hətta Türkiyəyə də verdik. Başqa bir universitet düşünmürdük”.
Sevinc Alızadə deyib ki, bunu Aqşinin atası da çox istəyərdi.
“O, həmişə Aqşinə deyirdi ki, çalış oranı qazanasan. Hətta şəhid olmamışdan üç gün qabaq zəng edib “Aqşinə de, oxusun. Mən ona görə çöllərdəyəm və onların yaxşı yaşaması üçün əziyyət çəkirəm” dedi.
Bu gecə ikimiz də həyəcanlı idik, yatmamışdıq. Şükür ki, oğlum istədiyi yerə qəbul ola bildi. O, həm atasının, həm də özünün arzunu reallaşdırdı”.
Qaynarinfo.Az
Şərhlər