"Pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, pandemiyanın təsirlərinə rəğmən, bu ilin birinci rübündə qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 16,4% artaraq 501,6 milyon dollar təşkil edib:
"Bu, bütövlükdə müstəqillik illərində ən böyük həcmdə rüblük qeyri-neft ixracatıdır. Pandemiya dövründə qeyri-neft ixracatımızın artması nə ilə bağlıdır?
İlkin rəqəmlərə görə, Azərbaycanın qeyri-neft ixracatında Türkiyənin payı artıb. Qardaş ölkə bu ilin ilk ayında da 36.1 faizlə payla Azərbaycanın ən çox qeyri-neft məhsulu ixrac etdiyi ölkə olmuşdu. Bu isə ondan xəbər verir ki, Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmində artımlar var və bu da ümumi ixracatımızı artırıb. Bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə 15 əsas mal qrupu üzrə preferensial (seçim) ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir”.
Vüqar Bayramov qeyd edib ki, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir:
"Kənd təsərrüfatı məhsullarının qeyri-neft ixracatımızda payının çox olmasına baxmayaraq, birinci rübdə emaledici məhsulların xaricə satışı artıb. Bu isə dəyər ifadəsində ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yaradıb. Bu ilin ilk 2 ayında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb. Bütövlükdə, son statistika göstərir ki, lock-down tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malikdir”.
Bahar Rüstəmli
Şərhlər