Video 13:02 07.09.2020

"Reinkarnasiya"da "Son zəngin köynəyi" (VİDEO)

Qaynarinfo Anar Adilin "Son zəngin köynəyi" hekayə-miniatürünü təqdim edir: 

O gündən sonra ağ köynək geyinmədim...

Sabah son zəngin sədaları altında orta məktəbə əlvida deyəcəydik. Bəzilərimizin üzündə kövrək hüzn, bəzilərimizinsə "canım qurtardı” ifadəsi məktəbin həyətində düzülüb,  direktorumuzun çıxışını  müəllimlərlə birgə beş-altı dəqiqə alqışlayıb, asta-asta toxtamağa başlayacaqdıq.
Mən səhərə hazır idim. Hazır deyəndə ki, hədiyyə aldığım nağıl kitabı və sabah sinif yoldaşlarımın üstünü qara, qırmızı qələmlərlə qaralayacağı ağ köynəyim. İkimiz də son zəngə hazır idik. 

Mənə elə gəlirdi, sinif yoldaşlarımın köynəyimə yazacağı "xoşbəxt ol"dan sonra həyatımda hər şey dəyişəcək. Ali məktəbə qəbul olunacağam. Özümə iş, karyera qura biləcəyəm. Mənə arzuladıqları can sağlığı məni bütün bəlalardan qoruyacaq. Evlənib ailə-uşaq sahibi olmağıma qədər bütün əlamətdar hadisələrin fərmanı köynəyimin üstündəki yazılar olacaqdı. Xoşbəxtliyin bir addımlığında, həm də reallıqla xəyalların arasında sıxışıb qalmışdım. 
Ağappaq ütülü köynəyimə dayanmadan baxırdım. 

Sağına-soluna keçib, üstünə ləkə, toz qonmasın deyə pencəyimlə əməlli-başlı bələmişdim köynəyimi. Pencəyimin qolları köynəyimi elə qucaqlamışdı, sanki ata əskər gedəcək oğlunu qucaqlamışdı. Qucaqlamışdı ki, kimsə yaxın düşə bilməsin. Gah divanın üstünə uzadıb, gah da asılqandan asmışdım. Heç yerdə rahat olacağına inanmadığım üçün sonda, pencəyimin əlindən alıb özüm köynəyimi qucaqlamış, elə də yatmışdım.
Səhəri Anamın qara-qışqırığı ilə açdım. 

- Qalx, ay bala, Elişin qızdırması var! Tez ol! Halı pisdir. Yediyin qaytarır. Həkimə aparaq. 
Atam gözlərinin ikisini də müharibədə itirmişdi. Uşaq vaxtı bizə "yaddan çıxıb Qarabağda qalıb” deyərdi, "böyüyüb gedərsiz, gətirərsiz”. 
Əlilliyə görə qara qəpik də almırdı. 

Elgülü Anamla bir yerdə yaxınlıqdakı poliklinikaya çatdırdıq. 
Zəhərlənibmiş, sən demə. Qadasın aldığım qarpızdan. 
Bir iki saat gözlədikdən sonra Elişi sağ-salamat götürüb gəldik evə. 
Saatdan xəbərsizdim. 

Anam yarı-zarafat demişdi: "Ədə, o ağ gəlinliyini gey, qaç”. 
Son zəngin...
Tələm-tələsik paltarımı dəyişib bir başa məktəbə götütüldüm. 
Ancaq gec idi.

Son zəng çalınmışdı. Birincilər hədiyyələrini almışdı. Uşaqların arzuları da bir-birinin köynəyində yazılıb bitmişdi. Mən də beləcə xoşbəxtlikdən neçə köynək iraq düşmüşdüm. Ara-bir əsən yüngül meh üzümdəki qızartını söndürməyə çalışırdı. Gözüm məktəbin həyət qapısından hədiyyə verəcəyim uşağı axtarırdı. 
O uşağa da indidən gələcəkdə döyəcəyi qapılardan əliboş qayıtmağı öyrətdim. 
Eliş də üstü zınqrovlu köynəkdə məni evdə gözləyirdi.

Söz vermişdim ki, bütün yazılan arzuları ona oxuyacağam. Hətta köynəkdə "o gün olsun, məktəbli olasan, Eliş" yazısını da göstərəcək, sonra da əynimdən çıxarıb ona verəcəkdim.

Artıq burda durmağın adı yoxuydu. 
Gəldiyim kimi də qaça-qaça evə sarı yollandım. 
Tər-su içində çəpərimizdən boylanan ağacın kölgəsinə çatdırdım özümü. 
Bir az toxtayandan sonra tut ağacına dırmaşdım. Köynəyi əynimdən çıxarıb, alnına sinif yoldaşlarımın adından arzuları yazıb doldurdum. 
Elgülün adını da böyük hərflərlə yazdım. 

Beş-on dəqiqədən sonra köynəyi əynimə geyinib özümü yerə tulladım. 
Həyət qapısından heç nə olmamış kimi keçdim. 

Eliş də özünə gəlmişdi. Həyətdə oynayırdı. Onu qucağıma alıb "Bax, hə... necədi? – deyib, öpüb bağrıma basdım. Əynimdən köynəyi çıxarıb ona verdim. Eliş köynəyi əyninə geyinib gülümsündü. Xoşbəxt olmuşdu. 

Gözümdən şırıldayan yaş Elişin çirkli üzünü yuyurdu. 

Atamın gözləri də uzaqdan, göyün sonuncu qatından bizə baxıb "gəl-gəl” deyirdi.