Oxucu ilə dərdləşmək ehtiyacı yarandı yenə. Sözün hədəfə ulaşacağına ümid etmirəm. Əslində, oxucu ilə səmimi söhbət çoxlarının qıcığına səbəb olur. Bunun fərqindəyəm. Bilirəm ki, çoxları içində:»İt oğlu it, bunun hesabını ödəyəcəksən» deyib, məni haradan vuracağını düşünür. Sadomozaxist deyiləm. Təhqiri də sevmirəm. Lakin Mehriban Vəzirin son yazıma verdiyi şərh içimi titrədir:“Zərdabinin bir sözü var, deyir, gələcəkdə doğulduğum bu Zərdab kəndinin ortasında bir qara daş qoyacam. Onun üstünə olanları yazacam. Qoy gələcək nəsillər bilsin ki, mən öz kəndlilərimi maarifləndirmək istəyəndə onlar mənim başıma nə müsibətlər gətirdilər”. Bizlər o qara daşı ucaltmaqla məşğuluq. Lakin mətbuatın hər üzünü görən bir yazara bunlar pafos gələ bilərdi. “Daha toxunmayacam bu mövzuya” vədi verirdim özümə. Elə bu barədə fikirləşə-fikirləşə Arif Əliyevin “Ayna”dakı köşəsini oxudum: “Qorxaqlarından, satqınlarından üz döndərənləri çox görmüşdüm, amma qəhrəman övladlarına yiyə durmaq istəməyənlər mənim üçün heç yerdə müşahidə etmədiyim əcaib bir yenilik idi”.
Düşündüm. Kədərləndim. Beynimdə kimsə sazda “Qaraçı” ifa edirdi. Kövrəlmək adətə çevrilir deyəsən. Sevmədiyim xüsusiyyətdi. Elçin Şıxlinskini xatırladım. Belə vaxtlarda həmişə deyərdi:“Kövrəlməkdən keçib. Möhkəm olmaq lazımdı”. Anladım ki, yazmaq lazımdır. Mənim kimi alın yazısı jurnalistika olan onlarla insan üçün küsmək, dayanmaq olmaz. Dayandığımız yerdən yola davam etmək lazımdır. Səmimi olmaq bəzən yetərli olur. “Ədalətli, yoxsa mərhəmətli” dilemmasının cavabını tapa bilmirəm onsuz da. “Yerinə görə dəyişir bunlar”,- belə söylədi bir can dostum. Ədalətli olmağa isə ən azı səy göstərməyə çalışdım. Acı olsa belə.
***
- Xəbərin var, Elnarın atası vəfat edib.
- Niyə?
- Bilmirəm. Yəqin, yaşamaqdan bezmişdi (Bir dostumla söhbətimdən).
***
Hamı gedir. Rauf Mirqədirov da getdi. Çingiz Sultansoy da gedib. Gündüz Tahirli çoxdan getmişdi. Rauf Talışinski də hazırlaşır, əgər, artıq getməyibsə. Rahim Hacıyev də getdi. Qənimət Zahid ondan əvvəl getmişdi və indi anasının dəfninə gələ bilmir. Ərəstun Oruclu da gedib. İdrak Abbasov da gedib. Tanıdığımız yüzlərlə həmkarımız, dostumuz, ziyalımız ölkəni tərk edir. Niyə gedirlər? Yəqin, beziblər.
Bu ölkədə artıq mətbuat yoxa çıxır. Fundamental komanda oyunu nümayiş etdirən «Ayna» — «Zerkalo» bağlanıb. Azərbaycan jurnalistikasının qaymaqlarından ibarət, möhtəşəm redaksiya heyəti ilə oxucunu valeh edən, Arif Əliyevin «Gün səhər» qəzeti də daha yoxdur. Gündüz Tahirlinin «Yeni yüz il» qəzeti, Azər Qaraçənlinin və Hikmət Sabiroğlunun rəhbərlik etdiyi mediaforum.az saytı da çoxdan bağlanıb. Qeyri-adi redaktorluq qabiliyyəti olan Hikmət Sabiroğlu isə uzun illərdir ki, işsizdir. Bu ölkədə vaxtilə Mehman Cavadoğlunun «Rezonans», Məqsəd Nurun «Press fakt», Fəxri Uğurlunun “Avropa”, Səbuhi Məmmədlinin rəhbərlik etdiyi «525-ci qəzet», Əlisəmid Kürün «Yol» qəzeti, Məmməd İsmayılın «Gənclik», Vaqif Bayatlı Odərin “Xəzər” – “Xazar” jurnalları var idi. Vaxt var idi, bu ölkədə Bahəddin Həziyev «Çağ» qəzetini buraxırdı. Analitik yazıları ilə oxucunu yüksəldən qəzet çap etdiyi üçün Bahəddinin “təşəkkürünü” bildirdilər. O, ömürlük şikəst oldu. Artıq bu ölkədə Zərdüşt Əlizadə “İstiqlal” qəzeti buraxmır.
Vaxt var idi, Rusiya burada mətbuatın nədən yaza biləcəyini diqtə edə bilmirdi. Rauf Mirqədirov amili var idi, İbrahim Bayandurlunun qələmi mövcud idi. Raufu dövlətə xəyanətdə ittiham etdilər, 2 il təkadamlı kamerada yatdı, indi qoca anasını yalnız buraxıb, ölkədən getməli oldu. İndi İbrahim də həyatda yoxdur. Vəfat etdi. O da bezdi. Vaxt var idi, media kapitanı mauqlilər yox, Nəcəf Nəcəfov idi. Çağdaş Azərbaycan mətbuatının əsasını qoyanlardan biri olan Nəcəf bəyi sevə-sevə yaratdığı qəzetə yaxın buraxmadılar, ona mədəni şəkildə qapını göstərdilər. Nəcəf Nəcəfov da artıq yoxdu həyatda. Vəfat etdi. Yəqin, o da bezdi. Onun səviyyəsində Azərbaycan dilində qəzet çap edən ikinci redaktor olmadı. Media «İskra»ya çevrildi və mötədil oxucusunu itirdi. Əyalət uşaqlarının intriqası jurnalistikanın kürəyinə xəncər sapladı. Ölümə məhkum edilən media bir siyasətçinin və bir yarı siyasətçi, yarı jurnalistin savaşı ilə ölümünü daha da tezləşdirdi. Ziyalı sözü də unuduldu. İlqar İbrahimoğlunun təbirincə desək, Elçin Şıxlinski kimi mötədillər isə zorən dissidentə çevrildi. Bu ölkədə Mehriban Vəzir, İsrail Musayev, Afaq Vasifqızı, İlhamiyyə Rza, Lalə Cəfərova–Əliyeva, Zöhrab Əmirxanlı, Aydın Canıyev, Alya Yaqublu, Ləman Əliəşrəfqızı, Məmməd Nazimoğlu, Hikmət Sabiroğlu, Məmməd Süleymanov, Azər Hüseynbala, Xaqani Səfəroğlu, Müşfiq Hüseynov imzası var idi. Son 10 ildə jurnalistikaya gələnlər sırasında parlaq imzalar yox dərəcəsindədir. “Zerkalo” məktəbi keçmiş Nicat Səmədoğlu var yeni gələnlər siyahısında, onun da gücü Kefli İsgəndər olmağa yetdi. Bir də Sevinc Vaqifqızı var, özünə yer tapa bilmir ki, istedadını göstərə bilsin. O, jurnalist olmaq istəyir, partiya funksioneri yox. Heç o mühitün özü də yoxdur. Baxıram gənc jurnalistlərə. İstedadlı gənclər var, amma siyasi intriqalara cəlb olunurlar. Gələcəyin “messilərinə” əyalət komandasında top daşıtdıranda o, getmək barədə düşünəcək.
Niyə gedirlər ölkədən? Əslində, cavab sadədir — yenə də deyirəm — Messini «Barselona»dan gətirib, «Qəbələ» klubunda ehtiyat oyunçular skamyasında otuzdursaydınız, heç kəs onun istedadının miqyasını anlaya bilməzdi və o da bezib gedərdi, ya da hirsindən elə top daşıyarkan canını tapşırardı.
***
Bir Namiq İbrahimov var idi mətbuatda. Rusdilli jurnalistikanın nadir istedad sahiblərindən. Çərlədi, bezdi, içkiyə qurşandı və getdi bu dünyadan.“Zerkalo”nu tərk etmişdi illər öncə, lakin “Zerkalo”suz yaşaya bilmədi. Onu ürəyindəkiləri yaza bilməmək kədəri öldürdü bəlkə də, kim bilir…
***
Vaxtilə yazmışam və yenə də fikrimdə qalıram. Xəstə və yorğun siyasi teatr aktyorları yarışmanı tərk etmək zorunda qalan həmkarlarını xatırlamaq belə istəmirlər… Azərbaycan siyasətində get — gedə çoxları əhədi kəsilmiş atları xatırlatmağa başlayıb. İndi başqa sual aktualdır. Finişə çatmağa kimin gücü yetərli olacaq? Axı, belə gedərsə, finiş özü də ilğımdan başqa bir şey olmayacaq. Hətta üfüqdə belə perspektiv görə bilməyənlər üçün isə nə finiş var, nə qələbə, nə də ki mükafat. Əhədi kəsilmiş atları güllələyirlər, deyilmi? Yarışmanı tərk edənlər yarışmada qalan iştirakçılara nəzər salır və istehza ilə deyir:“Bu uşaqlar hələ mübarizə aparırlar. Hələ də qələbəyə ümid bəsləyirlər. Anlamırlar ki, onların taleyi çoxdan həll olunub. Marafon davam edir və davam da edəcək».
***
Mühacirətə gedən jurnalistlərin əksəriyyəti gənc deyil. İllər keçəcək və Avropanın kimsəsizlər qəbirstanlıqlarında Azərbaycanın düşünən beyinləri dəfn ediləcək və onların məzarına bir dəstə gül qoyan da olmayacaq. Bir təsəlli var ki, normal ölkədə, kimsəsizlər qəbirstanlığında dəfn olunacaqlar. Lakin Mehriban Vəzir bu ümidi də çox gördü mənə:“Heç o torpaqda əbədi yatmaq haqqları da olmayacaq. 5 il sonra çıxarıb atacaqlar. Yusif Vəzir gənc qardaşını bu şərtlə Parisdə dəfn etdikdən sonra böyük kədərlə Vətənə döndü”. Görünən budur ki, mühacir jurnalistlərin heç məzarları da olmurmuş…
***
Bezdiricidir. Həmişə də bezdirici olub. Bunu da vaxtilə yazmışdım — ölkədə baş verənlər yüz minlərlə insan üçün anlaşılan deyil. Siyasi intriqalar, çəkişmələr, çirkaba batırmaq, siyasi riyakarlıq, mövqelərinin 180 dərəcə dəyişdirilməsi, üfunət qoxusu, bütün bunlar sadə xalq üçün maraqlı olan tamaşa deyil. Borşun içindəki darağı dəfələrlə görənlər növbəti dəfə bu təamdan dadmaq istəmirlər. Lakin belə xörəyi yeməyə hər zaman yeni qurbanlar tapılır. Yeni qurban iştaha ilə borşu yeyir, qabın dibindəki saçlı darağı görür və elə həmin qabın içinə qaytarır. Növbəti qurban gəlir və qabdakını borş zənn edərək iştaha ilə qaşıqlayır, darağı görür, qabın içinə yenidən qaytarır və həmin borşu daha dadmaq istəmir. Dəfələrlə yeyilən və qaytarılan borş qabı isə növbəti qurbanını gözləyir. Artıq çoxları qabdakı borşun mahiyyətini dərk edirlər. Odur ki, qab tərəfə baxmaq belə istəmirlər. Heç kəs qaytardığı qabdakı borşu növbəti dəfə qaşıqlamaq istəmir.
***
İtin qabağına ot, atın qabağına ət qoyulan zavallı Vətəndə heç kəs yaşamaq istəmir.
***
Cek Londonu xatırlayıram. Vaxtilə, dünya klassiklərini oxuyanda necə də böyük xəyallarım var idi. İndi beynimdə bir qəhrəman var – Martin İden. “Martin tanınandan sonra ondan üz döndərən bütün yaxınları ona yenidən yaxın olmaga başlayırlar. Onu tez-tez naharlara dəvət edirlər. Martin isə bundan çox narahat olur və təəccüblənir: «Niyə məhz indi, niyə məhz indi mən onların yadına düşdüm, ac qaldığım vaxtlarda heç kim məni nahara dəvət etməyirdi. İndi isə bu qədər dövlətim olandan sonramı hamı məni yada salır?Axı mən əvvəlki Martin İdenəm, əvvəlki adamam. Axı nəyə görə iki il ərzində yazılarımı, povestlərimi çap etdirmək istəməyən jurnallar indi mənə bunun müqabilində yüksək məbləğdə qonorar verirlər. Axı bunlar elə həmin rədd olunmuş əsərlərdi?»
***
Ətrafındakı cılızları, karlikləri tanıyırsan. Onlara uzanan kəndirdən elə şövqlə yapışırlar ki. Bu yerdə Nitşeni xatırlayırsan — zəiflər bizlərə öz gücümüzdən utandığımız üçün qalib gəldilər. Bu imtiyaz sahibinə çevrilənlərin bataqlıqdan çıxmaq təşnəsi necə də gülünc gəlir. Axı, sənin lənətinə çevrilmiş keçmişinin günahı istedad sahiblərində deyil. Dırmaş o kəndirlə istədiyin yerə. Yolun açıq olsun.
***
Jurnalistin cangüdənləri, bahalı maşınları, özəl sürücüləri olanda, məmur ədası ilə müxbir ilə danışanda kentavra çevrilir. Ondan mətbuat qoxusu gəlmir. Necə gözəl qoxu idi bu. İndi mətbuatdan başqa qoxular gəlir.
***
Əyalət çebuşu bir zadəgan təmsilçisinə, ölkənin titul vərəqi olan nəslin nümayəndəsinə nifrət edir və bu qədər nifrət etdiyi zirvəyə can atır və Filip Filippoviçin yaratdığı şarikova çevrilir. Bir media kapitanı sosial şəbəkədə məni yalnız ona görə bloklayıb ki, genlərin öz sözünü dediyini yazmışam. Bu qədər cılızlıq natamamlıq kompleksi deyilmi? Qaloşdan fraka aparan yol çox acımasız imiş.
***
Yenə də Martin İden gəlir gözlərim önünə — Martinin ürəyində ədəbiyyata qarşı olan marağı da ölür. Vaxt keçdikcə o, həyatda heç bir məna görmür. O, Sakit Okeana səfərə hazırlaşır. Özü ilə tək qalmaq istəyir. Heç bir insanla təmasda olmaq istəmir. Nəhayət bir gün özünü kayutasından dənizə atır və əzabdan qurtulduğunu zənn edir. Onu nə çolaq futbolçuya top daşımaq lənəti, nə də ki təhqirlərlə dolu mühacir həyatı gözləyir…
ayna.az
Şərhlər