Xəbər lenti

Repetitor olmasa, təhsildə nə dəyişər? (ŞƏRH)
Ölkə 16:30 19.12.2024

Repetitor olmasa, təhsildə nə dəyişər? (ŞƏRH)

"Təhsilin xəncər yarası hesab edilən repetitorluğun uzun illərdir ki, ibtidai təhsil səviyyəsinə də ayaq açmasının bir neçə səbəbi var. Hər bir proses öz çərçivəsində, öz qırmızı xətlərini keçmədən daha faydalı və anlaşıqlı olur. Qırmızı xəttin keçilməsi isə o prosesin faydasını avtomatik olaraq zərərə çevirmiş olur. Təəssüf ki, bizdə  repetitorluq institutu bir proses olaraq öz qırmızı xəttini çoxdan keçib".
 
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri ibtidai sinif şagirdlərinin repetitora ehtiyacı olub-olmaması ilə bağlı suala aydınlıq gətirərkən deyib. 

Ekspertin sözlərinə görə, bu amil özünün daha çox yuxarı siniflərdə, universitetə hazırlıq zamanı daha çox göstərir:
 
"Bunun əsas səbəbi isə budur - orta ümumtəhsil məktəbləri üçün qəbul olunan vahid tədris proqramı ilə, Dövlət İmtahan Mərkəzinin qəbul imtahan sualları ilə bağlı proqramı, sualların məzmunu ilə tədris olunan mövzuların məzmunları arasındakı uyğunsuzluqdur. Repetiror isə məhz bu iki detal arasındakı uyğunsuzluğu aradan qaldıran, şagirdi öyrənməli olduğu vahid tədris proqramı ilə deyil, DİM-in qəbul imtahan proqramı üzrə hazırlaşdıran və bunu çox təəsssüf ki, təhsil uğuru adlandıran, "Allaha yalvarın ki, biz repetitorlar varıq, yoxsa, nə edərdiniz?" deyən şəxsdir... Amma bu motiv dediyim kimi abituriyentləri əhatə edən repetitorluq institutunun əsas dilemmasıdır". 

Bəs, aşağı siniflərdə, xüsusən də ibtidailərdə də eynən buraxılış siniflərdindəki kimi repetitorluğa olan aşırı tələbatın səbəbləri nədir? 

Ekspert bunu bir neçə detal əsasında əsaslandırıb:

"Birinci səbəb - ibtidailərin ağır dərs yükü proqramı və mövzuların ağır məzmun əsasında təqdimi-belə olan halda azyaşlı şagirdlər arasında ciddi xaos yaranır. Bir mövzunu mənimsəməyən azyaşlı zəncirvari şəkildə digərlərindən də geri qalır və bu onda zehni, psixoloji boşluq yaradır. Müəllim isə məhz həmin şagirdlərlə yenidən işləmək, onları yoldaşları ilə eyni səviyyəyə çatdırmaq üçün ibtidai seqmentdə repetitorluq fəaliyyətinə əl atır. Təbii ki, bunu pulsuz şəkildə, öz fədakarlığı hesabına edənlər də var, amma bunların sayı çox azdır. Biz hər bir halda o qədər də asan olmayan bu prosesi ödəniş əsasında həyata keçirən müəllimdə də günah axtarmamalıyıq".
 


Elmin Nuri məsələnin ikinci tərəfi olduğunu da xatırladıb:

"Prosesə birbaşa pul qazanmaq, yalnız maddi gəlir əldə etmək məqsədilə yanaşıb, şagirdləri buna təhrik edənlər. Reallıq acı da olsa, deməliyik ki, sırf bu qrupa aid ibtidai sinif müəllimləri də var. Amma biz onları az öncə dediyim birinci qrupa aid müəllimlərlə mümkünsə qarışdırmayaq. Bu tipli müəllimlər üçün azyaşlı şagird artıq potensial müştəri gözündə görünür. O bəzən şagirdə əlavə hazırlığa qatılmaq üçün psixoloji təsir göstərməkdən belə çəkinmir, "sən bunu onsuz da bacarmazsan" deməklə şüuraltı travma ilə hazırlığa cəlb etmə metodundan da yararlanır. Təəssüf edirəm ki, belə müəllimlərimiz də var. Amma bir daha deyirəm, onları birinci qrup müəllimləri ilə qarışdırıb, qurunun oduna yaşı da yandırmayaq". 

Ekspert bildirib ki, üçüncü amil bir çox məktəblərdə yaşanan valideyn diktəsidir:
 
"Bəzən, valideynlər özləri uşaqlarının dərsdənkənar əlavə hazırlıqla məşğul olmalarını istəyir, bundan ötrü ailə büdcələrinə də müəyyən mənada təsir göstərmiş olurlar. Sual edildikdə isə "Bəs, nə edək, məktəbdə nə öyrədilir ki?" sualı ilə qarşılaşırıq. Valideynin övladı ilə bağlı narahatlığı çox müsbət hal olsa da, bunun mübarizə formatı fərqli olmalıdır. Övladının məktəbdə zəif tədris gördüyünü düşünən valideynlər sırf bu problemi necə aradan qaldırmaq, müəllimə necə dəstək olmaq barədə düşünməli, müsbət örnəkləri sınaqdan keçirməyi məktəbdən tələb etməlidirlər. Şəxsən mən onlarla müəllimin simasında valideyn və məktəblərə çox müsbət örnəklər göstərə bilərəm. Bu məsələdə azca da olsa, müsbət dəyişiklik olunmasını istəyiriksə, sadaladıqlarımız arasında ikinci və üçüncü səbəblərin aradan qaldırılması istiqamətində təcili  addımlar atmalıyıq".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->