Elman Eldaroğlu

Blogger
Yazılar
65
Rəsulzadənin heykəli ölkədə nəyi dəyişə bilər?

Rəsulzadənin heykəli ölkədə nəyi dəyişə bilər?

Elman Eldaroğlu

Bir ölkənin müstəqilliyinin bərpasından 30 ilə yaxın vaxt keçirsə və hələ də həmin ölkənin banisinin ev muzeyi, fundamental abidəsi məmləkətin görməli yerlərindən birində ucalmırsa, heç də yaxşı hal deyil. Bir xalqın ürəyində yuva qurmuş insanı və onun xidmətlərini necə gizlətmək olar? Səhv etmirəmsə, İosif Stalinin bir deyimi var: "Zamanın küləkləri mənim qəbrimin üstünü zibilxanaya çevirsə belə, bir vaxt gələcək ki, zibillikdən təmizləyib, gülüstana çevirəcək"...

Axı bu gün bu baş verməsə də, nə zamansa Məmməd Əmin Rəsulzadənin abidəsi Bakının mərkəzində ucaldılacaq, adına ev muzeyi yaradılacaq. Niyə bunu indi etməməliyik? Niyə bu hadisəni gələcək nəsillər üçün saxlamalıyıq? Cənab Prezidentin bir sərəncamı bəs edir ki, bu baş versin. Guya, bu ölkədə Məmməd Əmin Rəsulzadənin heykəli, ev muzeyi olsa nəyi dəyişəcək ki? Bunun bizim milli ideologiyamıza, dövlət siyasətimizə nə təsiri ola bilər? Əslində, xalq arasında dolaşan dedi-qodulara son qoyulmayacaqmı? Görəsən, bunu faciə kimi qələmə verən adamlar nə düşünür, nəyə əsaslanırlar?..

Amerika Birləşmiş Ştatlarına indiyədək 45 prezident rəhbərlik edib. Hər birinin adı hansısa şəhərə, qəsəbəyə, universitetə və s. yerlərə verilib. Hər birinin irili-xırdalı heykəli ucaldılıb. Biz Ayaz Mütəllimovun, Əbülfəz Əliyevin hakimiyyətini bəyənsək də, bəyənməsək də onların hər biri bu xalqın tarixində yer alıb. Niyə onların adlarını əbədiləşdirməkdən ötrü bu ölkədə nəsə olmamalıdır? Axı bütün bunların mövcudluğundan kimə nə ziyanı var?..

Bizim ölkə gənc olsa da, normal, demokratik bir ölkədir. Ortada olan problemlər zaman-zaman öz həllini tapmaqdadır. Və həqiqətən də son illər böyük işlər görülüb. Doğrudur, hər bir ölkədə olduğu kimi, burada da hakimiyyətə gəlmək arzusunda olan narazı qüvvələr var. Amma sirr deyil ki, xalqın böyük əksəriyyəti bu adamlara inanmır, arxasıyca getmir. Mitinqlərdə iştirak edən insanların səsləndirdiyi şüarlara fikir verəndə, onların böyük əksəriyyətinin siyasi deyil, sosial xarakter daşıdığının şahidi olursan. Adamlar yaşamaq üçün iş, uşaq pulu, sığortalı səhiyyə və s. tələblər irəli sürürlər. Bu kimi çağırışlar hər bir ölkədə olur, normal haldır. Və hamı bilir ki, bu problemlərin həlli yolunda xeyli işlər görülüb, görülməkdədir də...

Elə düşünməyin ki, dediklərimin arxasında hansısa siyasi maraqlar dayanır. Əsla elə deyil. Sadəcə, vətənini, xalqını, dövlətini sevən bir insan kimi Məmməd Əmin Rəsulzadənin 136-cı ildönümü ərəfəsində düşündüklərimi sizinlə bölüşmək istədim...

OXŞAR XƏBƏRLƏR