Murad Ağazadə: "Riyaziyyatda kəşf olunmayan həll yollarını tapmaq arzumdur"
Qaynarinfo kaspi.az-a istinadən yazını təqdim edir.
11-ci sinifdə oxuyur. 8-ci sinifdən isə olimpiadalara qatılır. Qatıldığı 13 beynəlxalq olimpiadadan 11 medalla dönüb. Sonuncu dəfə isə onu qızıl medaldan yalnız 1 bal uzaq salıb...
Müsahibimiz olimpiada qalibi Murad Ağazadədir. Murad 2002-ci ildə Naxçıvanda anadan olub. 2009-cu ildə 220 saylı məktəb-liseyə daxil olub. 2016-cı ildən isə fizika-riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinfində təhsil alır. O, Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) gümüş medala layiq görülüb. Muradı digər şagirdlərindən fərqləndirən cəhət onun qızıl medalı 1 bal fərqi ilə qaçırmasıdır: "Bu, sayca iştirak etdiyim 13-cü beynəlxalq olimpiada idi. Bunların 11-dən medal qazanmışam. 5 gümüş, 6 bürünc medalın sahibiyəm. Beynəlxalq Jautikov Olimpiadasında keçən il də iştirak edib gümüş qazanmışdım. Bu il hədəfim qızıl medal idi. Qızıla çox yaxın olsam da, onu 1 balla itirdim. Qızıldan sonra ilk gümüşün sahibi mən idim".
"Ən az hazırlaşdığım olimpiada idi"
Murad deyir ki, ilk günlər qızıl medalı 1 balla qaçırdığı üçün məyus olub: "Ümumiyyətlə, bu olimpiada hər il yanvar ayında və eyni yerdə keçirilir. Hər olimpiadadan əvvəl biz 1-2 ay müddətində uşaqlarla bir yerə yığışıb gündə ən azı 10 saat, bəzən 12 saat dərs oxuyur, hazırılaşırıq. Sualları müzakirə edirik, səhvlərimizin üstündə çalışırıq. Amma bu olimpiadada hazırlaşa bilmədik. Səbəb isə artıq 11-ci sinifdə oxumağımız idi. Çünki universitet imtahanları başlayırdı və müəyyən xarici universitetlərə baş vurmaq üçün artıq vaxt idi. Buna görə də çox hazırlaşa bilmədik. Ən az müddətə hazırlaşdığım olimpiada idi. İkinci dəfə idi ki, bu olimpiadada iştirak edirdim. Keçən il ümumilikdə 42 bala qarşı 17 toplayıb gümüş almışdım. Bu dəfə 29 bal topladım. Düzü, mən hədəf olaraq qızıl gözləyirdim. Əlimdən gələnin ən yaxşısını etdim və 42 bala qarşı 29 bal topladım. Qızıl medal isə 30 balla başladı. Mən bir balla qızılı qaçırdım. İlk günlər məyus oldum. Amma olur da... Alınmayanda alınmır..."
"12 saat dərs oxuyuruq"
Olimpiada haqqında məlumat verən həmsöhbətimiz deyir ki, Riyaziyyat üzrə 4 istiqamət olub: Cəbr, Həndəsə, Ədədlər nəzəriyyəsi və Kombinatorika: "Azərbaycanlı şagirdlərin çətinliyi həmişə sonuncu bölmədə olur. 6 sualdan 4-nü həll etmişdim. Cavablaya bilmədiyim 2 sual isə Kombinatorikaya aid idi. Ümid edirəm ki, məzun olana qədər keçiriləcək 2 olimpiada da layiqincə iştirak edib, istədiyim nəticəni əldə edəcəyəm. Bu olimpiadalarda iştirak etmək xeyli zəhmət tələb edir. Normalda 8 saat dərs oxuyuruq. Olimpiadadan öncə isə bunu 12 saata çatdırmağa çalışırıq".
Muradın ilk olimpiada həyəcanı 6-ci sinifdə olub. Məktəblərin fənn müsabiqəsində birinci yerə layiq görülüb: "6-cı sinifdə oxuyurdum, 2014-cü ilin axırı, 2015-ci ilin əvvəli idi. Məktəblərin fənn müsabiqəsi elan olundu. Birinci fənn müsabiqəsi ilk dəfə o vaxt başladı. Hazırda da davam edir, hər il keçirilir. Həmin müsabiqədə 6-cı siniflər arasında birinci yerə layiq görüldüm. Sonra Təhsil Nazirliyi tərəfindən bizə xüsusi dərslər keçirilir, bizi hazırlaşdırırdılar. Olimpiada macəram belə başladı".
"Medaldan xeyli uzaq idim..."
Yuxarıda da qeyd etdiyimiz kimi, Murad qatıldığı 13 beynəlxalq olimpiadadan yalnız 2-dən medal ala bilməyib: "Medal almadığım olimpiadalar arasında ən prestijlisi dünya olimpiadası idi. Təxminən hər il 100-dən çox ölkə iştirak edir. Bu il 115 ölkədən 650-yə yaxın şagird iştirak edir. Bu olimpiadada 8-9-10-cu siniflərdə 3 dəfə iştirak etmişəm. 8-ci sinifdə iştirak edəndə, təcrübəm az idi, ona görə müəyyən kiçik səhvlər edərək, medalı qaçırdım. O zaman da medalı 1 balla qaçırmışdım. Növbəti il daha çox hazırlaşdım. Bu dəfə də medaldan xeyli uzaq idim. İkinci cəhdimdə medal ala bilməmək məni məyus etmişdi və çox pis oldum. Sonra keçmiş olimpiadaçı, Amerikadan Cəfər Cəfərovla onlayn dərslərimiz başladı. Əvvəlcə etdiyim bütün səhvlərə baxdıq və yenidən etməməyə çalışdıq. Demək olar ki, onları düzəltmişdik və çox sual tipləri üzərində işlədik. Artıq 2009-cu ilin yayında üçüncü dəfə iştirak etdiyim olimpiadada bürünc medalı qazandım".
"Buna çox güclü hazırlaşmalıyıq"
Müsahibimiz 11-ci sinifdə oxuduğu üçün olimpiadalara hazırlaşmağa çox vaxt sərf edə bilmir. Amma ilin son iki olimpiadasına da qatılmağı qarşısına məqsəd qoyub: "Əslində imtahandan əvvəl çox hazırlaşmağa vaxtımın olmadığını nəzərə alsaq, hədəfimdə qızıl var idi, amma olacağına inanmırdım. Əvvəlki illərə baxanda 29 həmişə qızıl olub. Fikirləşirdim ki, hədəfimə çata bilər və beynəlxalq səviyyəli olimpiadadan qızıl medal ala bilərəm.
Artıq növbəti olimpiadalara hazırlaşıram. İlin son 2 olimpiadası qalıb. Məzun olana qədər də iştirak edə biləcəyim ancaq bu iki olimpiada var. Biri mayda, biri iyulda keçiriləcək. Onlara çox güclü hazırlaşmalıyıq. Rumıniya və Rusiyada keçiriləcək bu olimpiadalarda, ümid edirəm ki, yaxşı nəticələr göstərə bilərik".
Murad deyir ki, olimpiadalarda iştirak edərkən istədiyi nəticəni almamaq onu məyus etsə də, heç vaxt motivasiyasını aşağı salmır: "Olimpiada ilə məşğul olmaqdan heç vaxt bezməmişik. Sadəcə, müəyyən olimpiadalardan yaxşı medal ala, istədiyimizi əldə edə bilmirik. Belə olimpiada çox stressli olur, bir az da nəticələrə görə məyus oluruq. Vətənə dönəndə yorğun olduğumuz üçün bəzən bir həftə istirahət edir, özümüzü toparlamağa çalışırıq. Sonra yenidən hazırlıqlara davam edirik".
"Gözləmədiyim yolla sualı həll etdim"
Murad olimpiadalardan birində bütün münsifləri təəccübləndirən riyazi həll üsulundan da danışdı: "Qafqaz riyaziyyat olimpiadasında həndəsə sualının cavabını mən fərqli yolla tapdım. İmtahanlarda qarşılaşmadığım bir həll yolu ilə, gözləmədiyim yolla bu sualı həll etmişdim. Rusiyalı professorlar bir xeyli təəccüblənmişdilər. Hətta bağlanış mərasimində həmin sualın orijinal həllinə görə məni xüsusi diplomla təltif etdilər. Bəzən olimpiadalarda belə hallar olur. Mövcud həllərdən daha asan həllər tapılır. Riyaziyyatda kəşf olunmayan həll yollarını tapmaq arzumdur. Daha orijinal, asan yollarla sualı həll etmək xəyalımdır. Mən də ilk dəfə bu xəyalımı 8-ci sinifdə gerçəkləşdirmişdim".
"Hədəfim xaricdə təhsil almaqdır"
Muradın hədəfi xaricdə təhsil almaqdır: "8-9-cu siniflərdə oxuyanda bütün vaxtımı olimpiadalara hazırlığa sərf edirdim. Valideynlərim daha çox dərslərimə fokslanmağımı tələb edirdilər. O vaxt keçən ilki qərar da yox idi ki, beynəlxalq olimpiada qalibləri müsabiqədənkənar yerli universitetlərə qəbul olunur. İndi, ən azından, yerli universitetlərə qəbul olduğumu bilirəm. Amma təbii ki, əsas hədəfim xaricdə təhsil almaqdır. Buna çox vaxt lazım olmadığı üçün, sadəcə 11-ci sinfin 4-5 ayı hazırlaşmışam. Artıq bəzi universitetlərə də baş vurmuşam, cavabları gözləyirəm. Ümid edirəm ki, müsbət cavablar alaram. Təqaüdlə təhsil almağı düşünürəm. Alınmasa, Azərbaycan universitetlərinə müsabiqədənkənar qəbul şansımdan istifadə edəcəyəm".
Qeyd edək ki, 8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar. 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.
Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev isə bürünc medal qazanıblar.
Şərhlər