Rusiya Avropaya qarşı Ukraynada olduğu kimi klassik müharibə aparmır, əksinə, başqa tip qarşıdurma seçib.
Qaynarinfo xəbər verir ki, bunu "New York Post" qəzetinin müəllifi Endryu Çahoian yazıb.
Onun fikrincə, Moskva NATO-nu zəiflətmək üçün hərbi yox, psixoloji və siyasi üsullara üstünlük verir.
Məqalədə bildirilir ki, hər bir hava məkanının pozulması Rusiyaya yalnız bir neçə min dollara başa gəlir, halbuki NATO tərəfdən cavab tədbirləri – qırıcıların havaya qalxması və fövqəladə iclasların keçirilməsi – milyonlarla dollarla nəticələnir. Bununla yanaşı, alyansın ən böyük itkisi nüfuzunun sarsılmasıdır.
Müəllif yazır: "Moskva Qərbə daim eyni seçim təqdim edir – ya hərəkət etmək, ya da geri çəkilmək. Qərb tərəddüd etdikcə, Rusiya bleflərinin fərqinə varmaq daha da çətinləşir. Onlar Tallini bombalamır, Polşadakı dronlar döyüş sursatı daşımır. Amma bu qeyri-müəyyənlik NATO-nu məcburi reaksiya verməyə vadar edir. Məhz budur Moskvanın məqsədi – tamamilə fərqli tip müharibə”.
Onun sözlərinə görə, Rusiya NATO-nu real döyüş meydanında məğlub edə bilməz. ABŞ-ın prezidenti Donald Trampın dediyi kimi, Moskva özündən dörd dəfə kiçik Ukraynada illərlə nəticəsiz müharibə aparır. Buna görə də Kreml Qərbdə başqa məqsəd güdür: bir gün NATO zəmanətlərinin mənasız hala gəldiyini, Avropa İttifaqının institutlarının dağılmış olduğunu və transatlantik həmrəyliyin itib getdiyini göstərmək.
"Rusiyaya atəş açmaq lazım deyil, əgər o, Avropanı özünü müdafiə etməyə dəyməz olduğuna inandıra bilsə”, deyə müəllif vurğulayır.
Məqalədə "Gallup" sorğusunun nəticələri də qeyd olunur: rusların yalnız 32 faizi, amerikalıların isə 41 faizi öz ölkəsi uğrunda döyüşməyə hazırdır. Bu göstərici Ukraynada 62 faizdir, Avropa İttifaqında isə cəmi 32 faiz təşkil edir. Müəllif bunu NATO-nun ən zəif nöqtəsi – siyasi birliyinin yoxluğu kimi qiymətləndirir.
O bildirib ki, hər bir hava məkanının pozulmasına yalnız bəyanatlarla cavab verilməsi Moskvanın xeyrinədir. Rusiya bu yolla Qərbin "psixoloji, siyasi və informasiya müharibəsində” passiv mövqeyini möhkəmləndirir. Kremlin təbliğatı isə hər dəfə bu hadisələri "Qərbin Rusiyaya qarşı düşmənçiliyinin sübutu” kimi təqdim edir və Ukraynadakı uğursuzluqları "NATO ilə mübarizə” adı altında pərdələyir.
Çahoian məqalənin sonunda qeyd edir ki, real təhlükəsizlik yalnız güc tətbiqi ilə bərpa oluna bilər: "Polşanın NATO-nun 4-cü maddəsinə müraciəti və Trampın sərt açıqlamaları doğru istiqamətdə addımdır. Amma nəticəni sözlər yox, hərəkətlər müəyyən edəcək”.
Aydın
Şərhlər