"Rusiya Azərbaycan üçün həmişə təhlükə olub".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycaın Bakıdakı "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi fonunda rus şovinistlərin Rusiyadakı azərbaycanlıları deportasiya etmək çağırışlarını şərh edərkən deyib.
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycanla Rusiya arasında münasibətlərdə Moskvanın bizə doğru referansları bütünlüklə müvəqqəti xarakter daşıyır:
"Azərbaycana Rusiyanın baxışı öz müstəmləkəsinə olan baxışı olub. Ona görə də bu məsələlərə ehtiyatla yanaşmalıyıq".
Ekspert deyir ki, indiki şəraitdə, xüsusən də müharibə fonunda rus şovinizminin temperaturu çox yüksək həddədir:
"Bu mənada, Rusiyada ölkəmizə qarşı belə bəyanatlar səslənib və yenə də səslənəcək. Amma bu o demək deyil ki, azərbaycanlılara qarşı təhlükələr məhz rus şovinistinin dediyi müstəvidə realdır. Əslində, bu, bir təzyiq vasitəsidir ki, ondan da bacardıqca istifadə edəcəklər. Nəzərə alaq ki, Rusiyada yaşayan azərbaycanlıların böyük hissəsi artıq bu ölkənin vətəndaşıdır".
Arif Əliyev Bakı ilə Moskva arasında münasibətlərin rus şovinistlərinin istədiyi müstəviyə çatdırılması indiki halda real görünmür:
"Problemlərin nəzərdən keçirilməsi üçün hələ bir çox resurslar var ki, onlardan istifadə oluna bilər. Ortada iqtisadi əlaqələr, kommunikasiya əlaqələri var. Azərbaycanın Rusiya üçün olan qiyməti də 10-15 il bundan əvvəlki qiymət deyil və uzun müddət də bu belə olacaq. Azərbaycan nə siyasi, nə də ictimai səviyyədə bu tona düşməməli, eyni dərəcədə şovinist, millətçi münasibətlərdən uzaq dayanmalıdır. Xüsusilə, dünyanın indiki mürəkkəb vəziyyətində soyuq baxışla mövqeyimizi möhkəmləndirməklə siyasətimizi davam etdirməliyik".
Qeyd edək ki, "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi - "Rus Evi"nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də "Rus Evi"nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib. Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyanın "Rossotrudniçestvo" agentliyinin Azərbaycan ərazisində fəaliyyətinə xitam verilməsi ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
Diplomat qeyd edib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.
Lakin görünür Azərbaycanın atdığı bu qanuni addım rus şovinistlərini əməlli-başlı qıcıqlandırıb. Özünü ictimai xadim adlandıran Sergey Mantsayev Baakının qanuni addımına cavab olaraq Rusiyada yaşayan və vətəndaşlığı qəbul etməyən bütün azərbayan vətəndaşlarını ölkədən qovmağı, Rusiya vətəndaşı olan azərbaycanlıları isə həbs edərək "Yeni Torpağa" sürgün etməyi tələb edib. O, həmçinin Azərbaycan hakimiyyətilə sərt danımağı təklif edib.
Rüfət Sultan
Şərhlər