Siyasət 12:50 18.06.2021

Rusiya və ATƏT-in bu davranışları Azərbaycanın daxili işinə qarışmaqdır (RƏY)

"Bu məsələ Azərbaycanın daxili işidir. Rusiya və digərlərinin Qarabağla bağlı öz aralarında hər hansı müzakirə aparmaq və qərar qəbul etmək hüquqları yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iyunun 21-də ATƏT-in Baş katibi Helqa Şmidlə görüşdə digər məsələlərlə yanaşı, Qarabağ məsələsini də müzakirəyə çıxaracaqlarına münasibət bildirərkən deyib. Həmsöhbətimiz qeyd edib ki, görüşdə Lavrovun Şmidlə Qarabağ məsələsini müzakirə etmələri Azərbaycan tərəfdən qəbul edilən proses deyil: 
 


"Qarabağ məsələsini müzakirə etməyə onların heç bir haqları yoxdur”. 

Politoloq deyir ki, belə görüşlərdə Qarabağ məsələsinin gündəmə gətirilməsi Moskva və ATƏT-in həmin problemi guya həll olunmamış məsələ kimi beynəlxalq ictimaiyyətə sırımağına hesablanıb: 

"Ancaq onların bu cəhdləri nəticəsiz qalacaq. Ona görə ki, burada cərəyan edən proseslər büsbütün Azərbaycandan asılıdır”.  

M. Əsədullazadənin fikrincə, Bakının razılığı olmadan Rusiyanın digər ölkə və ya qurumlarla Qarabağ məsələsini müzakirə etmək istiqamətində təşəbbüsləri Azərbaycanın daxili işinə müdaxilədir və belə cəhdlər fiaskoya uğrayacaq: 

"Ümumiyyətlə, Rusiya xarici işlər naziriylə ATƏT-in baş katibi bu məsələni hansı əsasla öz aralarında müzakirə edirlər? Münaqişə artıq başa çatıb. Status məsələsi də gündəmdən çıxıb.  Belə olan halda Rusiya və ATƏT-in bu sayaq davranışları Azərbaycanın daxili işinə qarışmaq kimi qiymətləndirilməlidir. Rusiya Xarici İşlər Nazirliyi artıq Qarabağ problemi terminindən istifadə etməməli, beynəlxalq təşkilatlarla belə məsələlərin müzakirəsinə son verməlidir”. 

Rüfət Sultan