Xəbər lenti

Siyasət 19:50 29.05.2025

"Rusiya yeni savaşda maraqlıdır" - Ekspert

"Rusiya Ermənistanla Azərbaycan arasında səmimi və qalıcı sülh danışıqlarının aparılmasında maraqlı deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Rusiya müdafiə naziri Andrey Belousovun Bakı ilə İrəvan arasındakı münasibətlərə toxunarkən Ermənistanın Syunik vilayəti ətrafında gərginliyin qalmasına diqqət çəkməsinə münasibət bildirərkən deyib.

Taleh Əliyev bildirib ki, əksinə, Kreml bu prosesin tormozlanmasında, yeni konfliktin yaranmasında maraqlı tərəf kimi çıxış edir:

"Bu günlərdə Rusiya XİN rəhbəri Sergey Lavrovun da Ermənistana səfəri oldu. Bu səfər ərəfəsi Lavrovun sülhdən daha çox regionu təhdid edəcək açıqlamalarının şahidi olduq. Xüsusilə də Azərbaycan Prezidentilə Ermənistan baş nazirinin Avropa Siyasi Birliyinin Tirana sammiti çərçivəsində görüşmələri, qurumun növbəti toplantılarının 2026-cı ildə Ermənistan və 2028-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı hər iki ölkənin qarşılıqlı razılaşma əldə etməsi Moskvanı ciddi narahat edib".
 


Bu səbəbdən də ekspertin fikrincə, Rusiyanın Cənubi Qafqaz siyasətində fəallaşmasının şahidi olacağıq:

"Xüsusən də Ermənistan üzərindən. Çünki 2026-cı ildə Ermənistanda həm də parlament seçkiləridir. Moskva da çalışır ki, Ermənistandakı seçkilərə müdaxilə etməklə bütövlükdə Ermənistan və Azərbaycan münasibətlərinə müdaxilə etmiş olsun. Rusiya rəsmiləri Azərbaycan və Ermənistan münasibətlərilə bağlı fikir bildirirsə, həmin fikirlər bölgədə sülhün əldə edilməsi və yaxud müharibənin baş verməsinin sonucları yalnız Moskvanın maraqları kontekstində məqsədəuyğun hesab edilir. Rusiya müdafiə nazirinin həmin açıqlaması da bu ölkənin Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaq və daha da genişləndirməkdən başqa bir açıqlama deyil".

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Andrey Belousov ölkəsinin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu bəyan edib. Bu fonda isə o, həmçinin deyib ki, Ermənistanın Sünik vilayəti ətrafında gərginlik qalmaqdadır. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->