Dünya 15:28 20.11.2019

Rusiyada bu qanun hələ indi təklif edilir, Azərbaycanda isə...

Rusiya Federasiya Şurası gecələr səs-küy salmağa görə cərimə tətbiq edən qanun təklif edib.

Qaynarinfo izvestiya.ru-ya istinadən xəbər verir ki, bu qanun qonşularının sakitliyini pozanlara aid olacaq.

Qanuna görə, saat 23:00-dan 07:00-dək səs-küy salanlar 1 ilə 3 min rubl arasında (27-80 manat arası) cərimə olunacaq. Səs-küyə ucadan oxumaq, səs artıran cihazlardan istifadə daxildir. Fövqəladə hallarda cinayətlərin qarşısının alınması, habelə mədəni-kütləvi tədbirlər və tədbirlər zamanı səs-küy qanun pozuntusu hesab edilməyəcək.

Qeyd edək ki, Azərbaycanda gecə saat 24:00-dan 07:00-dək səs-küy salanlara qarşı da cərimələr nəzərdə tutulur. Bu haqda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər sonuncu dəfə 2015-ci ildə qəbul edilib. 

Qanuna əsasən, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən səhər 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslərin 300 manatdan 400 manatadək, vəzifəli şəxslərin 2 500 manatdan 3 500 manatadək məbləğdə cərimə olunması nəzərdə tutulur.

Alpər