Ekonomiks 18:14 16.04.2021

Rusiyadakı azərbaycanlıların geri qaytarılması ölkədə nələrə səbəb ola bilər? (ŞƏRH)

"Belə bir addımdan sonra Rusiyadan qayıdan Azərbaycan vətəndaşları işsizliklə bağlı statistikanı daha da pisləşdirəcək və bu əmək bazarında gərginliyə səbəb olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın MDB ölkələrinə verdiyi ultimatumunun pərdəarxası məqamlarını şərh edərkən deyib. Ekspert bu məsələnin gözlənilən olduğunu bildirib:



"Rusiyanın yaxın qonşularına təzyiq vasitələrindən biri kimi bu məsələni tez-tez gündəmə gətirir. Burada hədəf heç də Azərbaycan deyil. Çox güman ki, söhbət ukraynalılardan gedir. Bəzi məlumatlara görə, təxminən 4 milyona yaxın ukraynalı Rusiyada qeydiyyatsız yaşayır və əmək bazarında fəaliyyət göstərir. Rusiya ilə Ukrayna arasında vəziyyətin gərginləşdiyi bir dövrdə növbəti təzyiq vasitəsi kimi belə bir addımın atılması ehtimalı gözləniləndir. Bu təkcə ukraynalılar deyil, digərlərinə də şamil oluna bilər. Təqribən 150 min azərbaycanlının da Rusiyada qeydiyyatsız qaldığı deyilir. Ən azından belə bir statistika var və onun nə qədər doğru olub-olmadığını demək çətindir”.

Natiq Cəfərlinin fikrincə, 150 min soydaşımızın Azərbaycana qaytarılması ciddi məsələdir:

"Bu işsizliklə bağlı problemlərin artmasına, social problemlərin yüksəlməsinə səbəb olan amilə çevrilə bilər”.

Qeyd edək ki, Rusiya Daxili İşlər nazirinin birinci müavini Aleksandr Qorovoy mətbuata açıqlamasında "MDB ölkələri Rusiyada qeyri-qanuni yaşayan vətəndaşlarını iyunun 15-dək götürməlidirlər, əks təqdirdə Moskva sərhədlərin bağlanmasına qədər tədbirlər görəcək" deyib.

Bahar Rüstəmli