Siyasət 15:15 11.08.2020

Rusiyaya səfər Türkiyədən sonra mümkün ola bilərdi... - Politoloq

"Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Ankarada Türkiyə Xarici İşlər naziri  Mövlud Çavuşoğlu ilə görüşündən danışarkən deyib. Politoloq Ceyhun Bayramovun Xarici İşlər naziri vəzifəsində ilk rəsmi səfərinin Türkiyəyə reallaşdırmasının gözlənilən olduğunu vurğulayıb:
 


"Bu, strateji müttəfiqliyin ruhuna uyğundur. Məsələn, Rusiya Xarici İşlər naziri Sergey Lavrov da Ceyhun Bayramovu Moskvaya dəvət edib. Ancaq bu səfər Türkiyədən sonra mümkün ola bilər. Bunun özü də Moskvaya mesajdır ki, Azərbaycan üçün Türkiyə Rusiyadan əvvəl gəlir və Kreml bu amillə hesablaşmalıdır. Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyə rəsmisi həmişə olduğu kimi ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini bu sözlərlə tənqid edib: 

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qərarlar olsa da, münaqişə həllini tapmır. ATƏT-in Minsk Qrupun həmsədrləri münaqişənin həlli üçün səmimi şəkildə səy göstərmirlər”. 

Mövlüd Çavuşoğlunun sonrakı açıqlaması da maraqlıdır: 

"Bu ilin 12 iyul tarixində Ermənistan qardaş Azərbaycanın Tovuz rayonuna hücum edib. Türkiyə Cümhuriyyəti olaraq o gün nə demişiksə, bu gün də onu deyirik. Azərbaycan tək deyil, bütün gücümüzlə Azərbaycanın yanındayıq””. 

Elxan Şahinoğlu qeyd edib ki, müttəfiqlik qarşılıqlı dəstəyi diqtə edir:

"Mövlüd Çavuşoğlu bu sözlərlə demək istəyib ki, Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hansı qərarı verərsə, Türkiyə Azərbaycanın yanında olacaq. Ceyhun Bayramovun Mövlud Çavuşoğlu ilə görüşdə "bizim birliyimiz əbədidir” ifadəsini səsləndirməsi, o cümlədən Azərbaycanın hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəklədiyini vurğulaması da önəmlidir. Müttəfiqlik qarşlılıq dəstəyi diqtə edir. Ceyhun Baryamovun açıqlaması o deməkdir ki, rəsmi Bakı Türkiyənin Cənubi Qafqazla yanaşı, digər bölgələrdəki siyasətini də dəstəkləyir”. 

Elxan Şahinoğlu qeyd edib ki, rəsmi Bakı sərhəddəki son insidentdən sonra Minsk Qrupunun toplanmasının vacibliyini bildirib:

"Bu, o deməkdir ki, Bakı da Ankara kimi həmsədrlərin fəaliyyətindən narazıdır və hazırki formatın dəyişdirilməsini istəyir. Sadəcə, Minsk Qrupunun 11 üzvünün toplanması və format ətrafında müzakirələrin başlaması üçün Bakının Ankaranın diplomatik dəstəyinə ehtiyacı var. Böyük ehtimalla xarici işlər nazirləri təkbətək görüşdə bu məsələni hərtərəfli müzakirə ediblər. İnanmaq istərdik ki, nazirlər görüşdə iki ölkənin daha sıx əsasda siyasi və hərbi inteqrasiya məsələlərini də müzakirə ediblər. Bunun üçün əsaslı zəmin var. Birincisi, Türkiyə bir çox bölgədə olduğu kimi, Cənubi Qafqazda da var olduğunu hərbi təlimlər vasitəsilə ortaya qoyub. İkincisi, Azərbaycanın iştirakçısı olduğu bütün enerji və nəqliyyat layihələri Türkiyəyə uzanıb. Demək, bu layihələrin təhlükəsizliyi də Türkiyə üçün vacibdir”.

Bahar Rüstəmli