“Ola bilər ki, İlham Əliyevlə Abbas Abbasovun arasını vurmaq istəyirlər”.
“Abbas Abbasov Azərbaycandan çıxıb. Onun fəaliyyət və məqsədləri Azərbaycanla bağlı deyil, indi öz işləri ilə məşğul olur”. Azərbaycan Kinemotaqfarçılar İttifaqının sədri, Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının üzvü, yazıçı Rüstəm İbrahimbəyov “Media forum” saytına açıqlamasında belə deyib.
O bildirib ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqının Koordinasiya Şurasının sədri və Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Ağsaqqallar Şurasının sədri olan Abbas Abbasovla sonuncu görüşü təxminən iki həftə əvvəl olub: “Novruz bayramında və ondan sonra bir neçə dəfə görüşmüşük. Abbas Abbasovun fəaliyyəti əsasən Rusiyadakı Azərbaycan diasporu ilə bağlıdır və çox fəal işləyir. Tez-tez böyük tədbirlər keçirirlər, rəsmilər də həmin tədbirlərdə iştirak edirlər. O, Rusiyadakı Azərbaycan diasporunun sözün əsl mənasında lideridir. Onun Rusiyada böyük nüfuzu var. Abbas Abbasov Moskvaya gələndən sonra diasporda canlanma yaranıb.
Amma o, Azərbaycanın işinə heç bir halda və heç cür qarışmaq istəmir. Bu barədə heç söhbətimiz də olmayıb. Çünki Abbas Abbasov prezident İlham Əliyevlə, hakimiyyətlə bağlı adamdır. Mən isə əksinə, indiki hakimiyyəti, onun rəhbərini dəstəkləmirəm. Abbas Abbasovla çoxdanın tanışı və köhnə dostuq, bir-birimizə hörmətlə yanaşırıq. Ona görə də Azərbaycan məsələsində ona təzyiq etmək istəmirəm, bunları özü müəyyən edir”.
Rüstəm İbrahimbəyovun sözlərinə görə, Abbas Abbasovun rəhbərlik etdiyi Rusiya Azərbaycan Təşkilatları İttifaqının Azərbaycan hakimiyyətinə qarşı heç bir planı yoxdur: “Onlar Rusiyada təmsil olunurlar və öz işləri ilə məşğul olurlar. Həm də bəziləri prezident İlham Əliyevin qohumları, yaxın adamlarıdır. Hesab edirəm ki, belə şayiələri qəsdən yayırlar. Hakimiyyətlə bağlı media orqanlarının öz intriqaları var və bunu qəsdən belə edirlər. Ola bilər ki, prezident İlham Əliyevlə Abbas Abbasovun arasını vurmaq istəyirlər”.
Qaynar.info
Şərhlər