Rüşvət alarkən saxlanılan vəzifəli şəxslərin ibtidai istintaqı başa çatdı

Rüşvət alarkən saxlanılan vəzifəli şəxslərin ibtidai istintaqı başa çatdı

Rüşvət almaqda təqsirləndirilən Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyev, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayev və bələdiyyənin mühasibi Bəhruz Musayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aqil Musayevin icraatına verilib.

Qeyd edək ki, Masallı rayon İcra Hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin və Masallı rayon, Qarğalıq kənd bələdiyyəsinin sədr müavini Əziz Ağayevin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Həmin məlumatlar əsasında Baş İdarə tərəfindən müvafiq məhkəmə qərarı ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib, tikintiyə icazə verilməsi müqabilində vətəndaşdan pul tələb etmiş Subhan Zalıyevin tapşırığı əsasında Əziz Ağayev tələb edilən pulun bir hissəsini 01.07.2020-ci il tarixdə, qalan hissəsini isə 23.07.2020-ci il tarixdə nümayəndəliyin inzibati binasındakı xidməti otağında vətəndaşdan alarkən cinayət başında yaxalanıb.

Bundan əlavə, 23.07.2020-ci il tarixdə Subhan Zalıyev digər vətəndaşdan Masallı rayonu, Qarğalıq kəndində müvəqqəti qeydiyyata alınması müqabilində tələb etdiyi rüşvəti nümayəndəliyin baş mühasibi Bəhruz Musayevin vasitəsilə Masallı şəhəri ərazisində alarkən Subhan Zalıyev və Bəhruz Musayev cinayət başında yaxalanıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR