Xəbər lenti

Saakaşvilinin dönüşü postsovet məkanında yeni proseslərin başlanğıcı olacaq? (ŞƏRH)
Siyasət 12:53 11.09.2017

Saakaşvilinin dönüşü postsovet məkanında yeni proseslərin başlanğıcı olacaq? (ŞƏRH)

Xəbər verdiyimiz kimi, Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dünən tərəfdarlarının köməyi ilə Ukrayna-Polşa sərhəddini keçib. O, özü ilə bərabər həyat yoldaşı və uşağını da gətirib.

Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşları onun sərhəddi keçməsinə mane olmağa çalışsalar da, kiçik qarşıdurmadan sonra eks-prezident istəyinə nail olub.

Bəs Saakaşvilinin bu şəkildə ölkəyə daxil olması Ukraynada hansı dəyişikliklərə gətirib çıxaracaq? Bu, postsovet məkanında yeni bir mərhələnin başlanğıcı ola bilərmi?


Bu suallarla müraciət etdiyimiz politoloq Qabil Hüseynli "Qaynarinfo"ya bildirdi ki, Ukraynada sabitliyin pozulması Rusiyanın dəyirmanına su töməkdən başqa bir şey deyil:

"Zənn etmirəm ki, bu, hansısa proqressiv dəyişikliklərə gətirib çıxaracaq. Açığını deyim ki, Saakaşvilini çox ağıllı, demokratik və eyni zamanda Ukraynada ciddi proqressiv dəyişiklikləri sevən bir adam kimi təsəvvür edirdim. Bu gün Ukraynaya sabitlik hava-su kimi lazımdır. Bəli, Petro Poroşenkonun çatışmazlıqları, günahları ola bilər. Deyək ki, o, oliqarxlara, korrupsionerlərə qarşı düşünülmüş və sistemli fəaliyyət göstərə bilmir. Poroşenkonun özünün də müəyyən sərvətə malik olması onun belə bir mübarizəni aparmasına maneçilik törədir, amma bu, əsas vermir ki, Ukraynada xeyli kövrək olan sabitlik pozulsun. Çünki, bu, Rusiyanın dəyirmanına su tökməkdən başqa bir şey deyil. Saakaşvili nə etdi?! Lvovdan olan və ifrat sağ təmayüllü baxışları təmsil edən bir neçə adamın, o cümlədən də Batkivşina partiyasının başçısı Yuliya Timoşenkonun köməyi ilə sərhəddi keçdi. Zənnimcə, Ukrayna xüsusi xidmət orqanları onların sərhəddi keçməsinə mane ola bilərdilər, amma etmədilər. Bunu qəsdən etdilər ki, Saakaşviliyə qarşı lazım olan anti-materiallar toplanılsın. Saakaşvili faktiki olaraq sərhədpozucusu kimi sərhəddi keçdi və indi Ukrayna hökuməti çox asanlıqla ona qarşı sərhəddi qeyri-qanuni keçmə maddəsi ilə cinayət işi qaldıra bilər və yəqin ki, qaldırılacaq da. Çünki onu qarşılamağa çıxmış 100-dən çox adam həbs edilib və onların hər birinə qarşı cinayət işi açılıb".


Politoloq həmçinin bildirib ki, Saakaşvili onun əleyhinə qurulan bir planın içərisinə düşüb:

"Bu, kimə lazım idi? Saakaşvili yetkin siyasətçidir və bu addımın atılması nə onun özünə, nə də Ukraynaya lazım deyildi. Xanım Timoşenko avantüranı sevən bir siyasətçidir və ömür boyu Ukrayna idarəçiliyində çox ciddi qüsurlara, səhvlərə yol verib. Düşünürəm ki, sərhəddi keçmə əməliyyatı da başdan-başa mənasız bir avantüradır. Bundan sonra Ukraynada zəncirvari proseslər başlayacaq. Cinayət işləri, həmin cinayət işləri ətrafında müəyyən həbslər olacaq. Həmçinin Saakaşvilinin də həbs edilməsi və ekstradisiyası gözləniləndir. Bu zaman ekstradisiya Polşaya və ya hansısa digər ölkəyə deyil, düşünürəm ki, onu ən çox istəyən, çox böyük həvəslə gözləyən Gürcüstana ola bilər. Gürcüstanda isə onu hansı aqibətin gözlədiyi məlumdur. Gərək ki, bunu proqnozlaşdırmağı bacarardılar. Bir sözlə baş verən hadisələr postsovet məkanında demokratik dəyişikliklərə, Rusiyanın dişlərini qıcadığı ölkələrdə sabitliyin, suverenliyin möhkəmlənməsi işinə töhfə olmayacaq, əksinə Rusiya bu faktlardan istifadə edərək Ukraynanı, lazım gəlsə elə Gürcüstanın özünü də ciddi surətdə ittiham edəcək.

Beləliklə, əgər bu addımların qərbdə də tərəfdarları vardısa, onlar hər şeyi düzgün ölçüb-biçməmişdilər və belə bir ideyanın həyata keçirilməsi heç də arzuolunan nəticələrə gətirib çıxarmayacaq. Mən Saakaşvilidən bu addımı gözləmirdim. Düzdür, Ukraynada Saakaşvilinin haqları tapdalanıb, amma o, bu haqları beynəlxalq məhkəmələrdə, hüquq müstəvisində axtarmalı idi. Onun sərhəddi keçərkən özü ilə birgə həyat yoldaşını və uşağını da gətirməsi avantürist bir insanın sərgüzəştlərinə bənzəyir. Mən Saakaşvilinin cəsarətini təqdir edirəm. Amma bu cəsarət heç nəyi həll etmədiyi müddətcə, əksinə ciddi problemlər yaratdığı üçün cəsarətdən daha çox avantüraya bənzəyir. Bu səbəbdən də onu qınamamaq mümkün deyil. Elə də fövqəladə hadisə baş verməyib. Saakaşvili onun əleyhinə qurulmuş bir oyunun içərisinə düşüb. Ukraynada heç bir qarşıdurma olmayacaq və düşünürəm ki, bunu ABŞ da, Qərb də təqdir etmir".

Çingiz Səfərli

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->