İdman 15:54 25.09.2021

“Sabah”ın baş məşqçisi: “Bu amillər nəticələrə birbaşa təsir etdi"

"Sabah” bazar günü Masazırda "Neftçi” ilə qarşılaşacaq. Mövsüm başlayandan hələ ki, qələbəsi olmayan, bir heç-heçə, üç məğlubiyyətlə 7-ci pillədə qərarlaşan komandanın baş məşqçisi Ramin Quliyev qarşıdakı oyuna hazırlıqlar haqda fikirlərini bildirib.

 

Mütəxəssis Qaynarinfo-ya müsahibəsində əvvəlcə "Neftçi” ilə matça hazırlıqlar haqda danışıb:

 

"Neftçi" ilə oyuna hazırlıqlarımız yaxşı gedir. Zədəli futbolçularımız artıq komanda ilə birlikdə məşq edir. Əhval-ruhiyyə yaxşıdır. Hazırda yalnız Şakir Seyidov zədə səbəbindən məşqlərdən kənarda qalıb. Komanda tam olaraq qarşıdakı oyuna köklənib".

 

Quliyev uğursuz başlanğıcın səbəblərini belə izah edib:

 

"Əlbəttə, belə başlanğıcı heç birimiz gözləmirdik. Lakin bunun da obyektiv səbəbləri var. Hər şeydən öndə bir neçə futbolçunun ilk turlarda müxtəlif səbəblərdən kollektivə kömək edə bilməməsi, həmçinin komandanın çox yeni olması kimi faktorlar gəlir. Əlbəttə, sadaladığım bu amillər bəhanə deyil. Ancaq ilk turlardakı nəticələrə birbaşa təsir etdiyini deyə bilərik. Ümumiyyətlə, nəticədən fərqli, sərgilənən oyun barədə eyni şeyləri demək olmaz. Keçirdiyimiz 4 oyuna nəzər salsaq, komandanın heç bir rəqibindən geri qalmadığını görərik. Hətta bəzi oyunlarda rəqibi aşkar üstələdiyimiz anlar da olub. Sadəcə, müəyyən səbəblərdən nəticə istədiyimiz kimi alınmayıb. Mən komandama inanıram. Futbolçular bir-birinə uyğunlaşdıqca, müsbət nəticələr də özünü göstərəcək”.

 

Baş məşqçi hazırda komandada hansı problemlərin özünü qabarıq şəkildə göstərdiyini haqda sualı da cavablandırıb:

 

"Hər oyundan sonra səhvlər ümumi təhlil edilir və futbolçulara məlumat verilir. Növbəti oyunlarda səhvlərin təkrarlanmaması üçün tədbirlər görülür. Ancaq sırf bunlar haqda komanda daxilində müzakirə apardığımızdan, ictimaiyyətə açıqlamaq istəməzdim”.

 

Təkcə "Neftçi” deyil, qarşıdan gələn digər oyunlarda da həm taktika, həm heyət baxımından hansısa dəyişikliklər etmək imkanı olub-olmaması ilə bağlı suala Ramin bəy belə cavab verib:

 

"Əgər hamı sırada olsa və ilk turlardakı itkilər olmasa, seçim baxımından heç bir problem yoxdu. O ki qaldı heyətə, əlbəttə, rəqibə və vəziyyətə uyğun müxtəlif taktikadan, futbolçulardan istifadə edə bilərik”.

 

O, cari mövsüm üçün qarşıya qoyulan hədəflərdən də danışıb:

 

"Əsas hədəfimiz liqanı mümkün qədər yüksək pillədə bitirməkdir. Əlbəttə, çempionatda hər bir komandanın əsas arzusu avrokuboklara vəsiqə qazanmaqdır. Biz də əlimizdən gələni edəcəyik ki, həm öz oyunumuzu inkişaf etdirək, həm də hər oyundan mümkün qədər yaxşı nəticə ilə ayrılaq və mövsümün sonunda turnir cədvəlində yaxşı pillələrdə yer alaq”.

 

Səbuhi Həsənov