Xəbər lenti

Saraydan Ağdaşa piyada gedən Xəzri Abdullayev: «Keçdiyimiz kəndlərdə...» (FOTOLAR)
Ölkə 16:15 13.09.2017

Saraydan Ağdaşa piyada gedən Xəzri Abdullayev: «Keçdiyimiz kəndlərdə...» (FOTOLAR)

Avropa ölkələrində piyada səyahət etmək çox yayılsa da, Azərbaycanda bu cür səyyahlarla çox az rastlaşırıq. Düzdür gənclərimiz velosiped və avtostopla səyahətlər edir, təəssüratlarını da sosial mediada paylaşırlar.

Xəzri Abdullayev və dostu Məhəmməd Xudaverdiyev nə avtostopla, nə də velosipedlə səyahət edib. Onlar 3 gün ərzində piyada 200 kilometr məsafə qət ediblər. Bunun davamlı olacağını, daha uzun məsafələrə səyahət edəcəklərini vurğulayırlar.

Onların bu addımı sosial mediada maraqla qarşılanıb. Elə bu səbəbdən Xəzri Abdullayevlə görüşüb təəssüratlarını soruşmaq qərarına gəldik.

- Öncə sizi təbrik edirik. Qarşınıza qoyduğunuz məqsədə çatmısınız. Bu qədər yolu piyada getmək üçün fiziki güc lazımdır. Hansısa idman növü ilə məşğulsunuz?

- Daimi olaraq işlədiyim bir işim yoxdur, yay fəslində dəniz kənarında fəaliyyət göstərən obyektlərdə çalışıram. Heç bir idman növü ilə məşğul olmamışam. Lakin daimi olaraq turlara qoşuluram. Hansı ki, biz Azərbaycan ərazisində yerləşən yüksək dağlara çıxırıq. Lakin yürüyüşə çıxmaq arzum çoxdan var idi və bu ilk oldu. Saraydan Ağdaşa 238 kilometr yoldur və bu yolun cəmi 38 km-ni biz maşınla getmişik. Qalan 200 kilometri isə piyada getdik. Tək deyildim. Dostumla bir yerdə yola çıxmışdıq. Bu ikimiz üçün də ilk oldu.

- Bəlkə, oxucularımız arasında həvəslənib yola çıxmaq istəyənlər var. Onlarla öz təcrübələrinizi bölüşə bilərsinizmi?

- Yola çıxmaq çox maraqlıdı. Hər kəsə bunu tövsiyyə edirəm. Bir neçə dəfə yanımızda maşını saxlayıb, bizə "Where are you going"? (hara gedirsiniz) deyə, sual veriblər. Azərbaycanlı olduğumuzu deyəndə, təəccüblə qarşılanırdıq. Öncə onu deyim ki, piyada getmək üçün ayaqlarınız buna mütləq hazır olmalıdır. Mən Masazırda işlədiyim zamanlarda işə piyada gedib-gəlirdim. Amma bu təbii ki, başqadır. Ayaqlarımızın altı bir balaca sıradan çıxsa da, bərpa edə bildik. Yola çıxanda özümüzlə yemək əvəzinə çərəzlər götürmüşdük. Qoz, fındıq və badam. Bunlar yeməkdən daha yaxşıdı. Yol boyu itirdiyiniz enerjini bərpa etmək üçün daha münasibdir. Alma və xiyar da götürmək faydalıdır. Susuzluğu yatırmaq üçün onlar əladır. Düşünürdük ki, yolda olduğumuz müddətdə yağış yağacaq. Ona görə də özümüzlə birgə su keçirməyən plaş və çəkmə götürmüşdük. Bir də 3 dəst əlavə geyim... Geyimi seçərkən də mütləq diqqətli olmaq lazımdır. Sintetik qarışığı olan yox, təmiz pambıq geyimlərin olmağı daha məqsədə uyğundur. Yolun yarsını krassovka ilə getdik. Sonra tərlik geyindik. Bu da bizim üçün acı təcrübə oldu. Çünki ayağımızı pis vəziyyətə qoydu. Hə, bir də özümüzlə çadır və yataq kisəsi də götürmüşdük. Yanınızda kiçik tibb çantasının olması da faydalıdır. İçində mütləq yara bandı da olmalıdır. 

- Keçdiyiniz kəndlərdə sizə münasibət necə olurdu? Kömək edən var idi?

- Çox yaxşı idi. Əslində, məqsədimiz çadırda qalmaq idi. Lakin keçdiyimiz kəndlərdə kənd camaatı deyirdi ki, bu qədər ev qala-qala çadırda yatmaq ayıbdır. 

- Piyada getsəniz də yəqin ki, müəyyən ehtiyaclarınızı ödəmək üçün pul vəsaiti də lazımdır. Yol boyu sizin nə qədər pulunuz çıxdı?

- Düzünü desəm, bu bizim ilk təcrübəmiz olduğu üçün çox olmasa da, pul xərclədik. Amma yürüş etdiyiniz vaxt pula ehtiyac olmur. Bircə su almaq üçün pul lazım idi. Çünki su ehtiyatı mütləq çox olmalıdır. Təsəvvür edin ki, Qobustandan Şamaxıya, Cəngidən də Mərəzəyə kimi olan yolda bir dənə də olsun market yoxdur. Belə deyək ki, su mənbəyi olan heç nə yoxdur. Yolda suyumuz bitmişdi. Bəxtimiz onda gətirdi ki, yol çəkənlərlə rastlaşdıq. Onlardan su istədik. Sağ olsunlar, etiraz etmədilər. Ona görə də su ehtiyatı əsasdır. 

- Çantanız neçə kiloqram idi? Yolu qət etməyinizə maneə törətmirdi ki?

- Götürdüyünüz çanta mütləq rahat olmalıdır. Mənim çəkim 117 kilodur. Götürdüyümüz çanta minimum 24-25 kilo idi. Əslində, bu qədər ağır olmalı deyildi. Bizim ilk səfərimiz olduğu üçün artıq yüklərimiz var idi. Normalda bir ayağın götürə bildiyi çəki 140-150 kilo arasıdır. Mənim ayağım bir az travmalı olduğu üçün qorxurdum ki, istədiyimiz məsafəni qət etməyə mane olar. Amma olmadı. 

- Gün ərzində neçə kilometr yol gedirdiniz və istirahət zamanınızı necə bölürdünüz?

- Orta hesabla günə 70 kilometr yol gedirdik. Həm də 10 kilometrdən bir istirahət edirdik. İstirahət zamanı itirdiyimiz enerjini bərpa etmək üçün ləpə yeyirdik. Bu çox kömək edirdi.

- Saray qəsəbəsindən Ağdaşa kimi olan məsafəni hansı müddətə qət etdiniz?

- Deməli sentyabırın 7-si səhər saat 06.00-da artıq Müşfiq postundaydıq. Ayın 10-u axşam saat 10.00-da Ağdaşa çatdıq.

Lalə Niftaliyeva

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->