Dünya 16:25 17.05.2023

Sarkozinin apelyasiya şikayəti təmin edilmədi: Eks-prezident yenə həbsdə qaldı

Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin korrupsiya işi üzrə hökmdən verilən apelyasiya şikayəti təmin edilməyib. 

Qaynarinfo xəbər verir ki, bu barədə France24 məlumat yayıb.

Onun barəsində hökm 2021-ci ildə qəbul edilib. Sarkozi iki il sınaq müddəti və bir il real həbs cəzasına məhkum edilib. Məhkəmə ona bir illik cəzasını həbsxanada deyil, evdə, elektron qolbaqla çəkməyə icazə verib.

2021-ci ilin martında Fransa məhkəməsi Sarkozini "dinləmə işi"ndə təqsirli bilib. İstintaq iddia edir ki, o, 2014-cü ildə Kassasiya məhkəməsinin hakimi Jilbert Aziberə rüşvət verməyə cəhd edib. Fransanın keçmiş prezidenti 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqla bağlı məxfi məlumat alacağını gözləyirdi. Daha sonra Fransa prezidentliyinə namizədliyini irəli sürən Sarkozi L'Oreal kosmetika şirkətinin qurucusu Lilian Bettankurun qızından 100 min avrodan çox pul almaqda şübhəli bilinirdi. Bu, onun telefon danışıqlarının dinlənilməsi nəticəsində məlum olub - işin adı da məhz bu səbəbdən "dinləmə işi" adlanır. 

Sarkozi məhkum olunmuş ikinci Fransa prezidentidir. Birincisi onun sələfi, mərhum Jak Şirak olub. 2011-ci ildə o, Parisin meri olduğu 1990-1995-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz qazanc əldə etmək və mənimsəmədə təqsirli bilinərək şərti olaraq iki il müddətinə azadlıqdan məhrum edilib.

Nizami Bağırov