Foto 19:48 04.08.2019

"Sədərək"də yanğın məhdudlaşdırıldı: 7 FHN əməkdaşı zəhərləndi (FOTO/VİDEO/YENİLƏNİB)

"Sədərək" Ticarət Mərkəzindəki yanğın artıq 3 saata yaxındır ki, davam edir. Hazırda yanğın tam məhdudlaşdırılıb, yanma təhlükəsi yoxdur".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib.

Nazir müavini müxtəlif parfümeriya malları, sabunlar, dezadrantlar, doldurucu qaz balonlarının olduğu anbarda 700 kvadratmetrə qədər sahənin yandığını nəzərə çatdırıb: "Bu mallar həddindən çox olduğu üçün anbara daxil olmaq qeyri-mümkündür. Biz traktor vasitəsi ilə anbarın divarlarını uçurdaraq içəri daxil olmuşuq. Qısa müddətdə yanğın tam söndürüləcək ".

E. Mirzəyev ikinci çağırışla hadisə yerinə 25-dən çox yanğınsöndürən maşının, 120-dən çox yanğınsöndürənin cəlb olunduğunu nəzərə çatdırıb.

Yanğının səbəblərinə gəlincə, E.Mirzəzyev qeyd edib ki, yanğın tam söndürüldükdən sonra araşdırma aparılacaq: "Araşdırmanın nəticəsi barədə məlumat veriləcək. Onu da deyim ki, sahibkarlara mallarının əksəriyyətini çıxarmağa imkan yaratdıq. Yanğın söndürüləndən sonra dəymiş ziyanın həcmi araşdırılacaq və bu barədə müvafiq məlumat veriləcək".  
 
19.04
 
"Sədərək" Ticarət Mərkəzində baş verən yanğın zamanı hadisə yerinə 15 Təcili Yardım briqadası cəlb olunub.

Səhiyyə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, 7 nəfər FHN əməkdaşı tüstüdən zəhərlənmə ilə Toksikologiya Şöbəsinə yerləşdirilib.

17.51 
 
"Sədərək" ticarət mərkəzində yanğın davam edir.

Qaynarinfo xəbər verir ki, hadisə zamanı tüstüdən zəhərlənənlərə təcili yarım əməkdaşları tibbi yardım göstərib. Zəhərlənənlər arasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları da var.
 
17.38

Fövqəladə Hallar Nazirliyi "Sədərək" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Qaynarinfo-nun məlumatına görə, bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda "Sədərək” ticarət mərkəzinə məxsus anbarlardan birində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

16.35 
 
"Sədərək" ticarət mərkəzində yanğın başlayıb.

Qaynarinfo xəbər verir ki, yanğın "Şirniyyat" bölməsinin anbarında müşahidə edilir.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb olunsa da, yanğının qarşısını almaq mümkün olmayıb. Tüstüdən zəhərlənənlərin olduğu bildirilir.