Ölkə 11:24 14.09.2021

Səhiyyə sektorunda üç qurum: Buna ehtiyyac varmı? (ŞƏRH)

"İdarəetmənin təşkili, dövlətin maliyyə resurslarına qənaət olunması və səhiyyə istiqamətində yürüdülən yarıtmaz siyasətə son qoymaq üçün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB vahid bir qurumda birləşdirilməlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Cümşüd Nuriyev eyni funksiyanı icra edən Səhiyyə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in bir əldə cəmlənməsinin vacibliyindən danışarkən deyib. 

Həmsöhbətimiz bildirir ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində bir sahə 3 müxtəlif təşkilata həvalə edilməyib: 

"Bunlar hamısı bir-birini təkrarlayan qurumlardır. Azərbaycan hökumətinin hansı ağılla buna getdiyini bilmirəm. Belə vəziyyətin nəticəsidir ki, Azərbaycan səhiyyəsi reanimasiyaya düşüb. Oradan onu çıxartmaq mümkünsüzdür. 3 ildir ki, İcbari Tibbi Sığorta yaradılıb. Bu ildən başlayaraq, tibbi sığorta üçün əmək haqlarından pul tutulur. Amma adi şəkəri müəyyən etmək ən ucuz analiz olsa da, tibbi sığorta bunu bacarmır. Məlum olub ki, bu sahəyə rəhbərlik edənlərin nəzarətində həm sığorta şirkətləri, həm də özəl klinikalar var”. 

C. Nuriyev sözügedən 3 qurumun Səhiyyə və Sosial Rifah Nazirliyi ətrafında birləşdirilməsinin tərəfdarıdır: 


"Bu sahə bir əldə cəmlənməlidir. Azərbaycandan başqa digər dövlətlərdə əlillik dərəcəsini hansısa kənar nazirliklər deyil, bilavasitə Səhiyyə Nazirliyi müəyyən edir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB ləğv olunub, əvəzində bir əldə cəmlənməklə Səhiyyə və Sosial Rifah Nazirliyi yaradılmalıdır. Hökumətin bir sahədə üç siyasəti ola bilməz. TƏBİB-in fəaliyyəti artıq ölkədə lətifəyə çevrilib. Qurumun bu şəkildə lağa qoyulması ona rəhbərlik edənlərin neqativ əməllərinin üzə çıxmasının nəticəsidir”. 

Həmsöhbətimiz qeyd edir ki, vahid əldə birləşmə baş verməsə, heç nəyə hazır olmayan Azərbaycan səhiyyəsi daha bərbad günə düşəcək: 

"İnsanlar koronaya tutulmaqdan ona görə qorxur ki, bu zaman onlara yazılacaq dərmanların minimum qiyməti 400-500 manat olacaq. Koronavirusdan ölənlərin sayının çox olmasının bir səbəbi də insanların imkansızlığı və tibbi sığorta sisteminin bərbad halda olmasıdır”.

Rüfət Sultan