Xəbər lenti

“Səni sevdim çox sadəcə...
Sənət 10:00 27.02.2021

“Səni sevdim çox sadəcə..."

SƏMA QASIMOVA

Şeir onu yazıb-yaradan üçün də, onu duyub-yaşayan üçün də ruhun xilasıdır. Poeziya sanki başqa bir dünya kimi qarşımıza çıxır, biz də o dünyanın, gah həzz alan, gah da iztirab çəkən sakinlərinə çevrilirik. 

Poeziyada bineyi-qədimdən təkallahlılıq hökm sürür və hər müəllif– lirik "mən”  öz yaratdığı şeir aləminin təki, vahidi, mütləqidir.

Hamlet İsaxanlı şeirləri də öz-özlüyündə başqa bir aləmdir. O aləmdə bəzən həyatın adiliklərində çabalayan ruhumuz yenidən dirçələir, qanadlanır. Yazdığı şeirlər özümüzü tapıb, özlüyümüzü qorumaqda yardımçımız olur. 

Bu şeir dünyasında insanı ən çox da cəlb edən duyğu və düşüncələrin, söz və fikrin ifadə azadlığıdır. 

 Hiss və duyğulardan da ziyadə mayası poetik fikir, fəlsəfi düşüncə, təbiətin sirlərinə heyranlıqdan ibarət olan bu şeir yaradıcılığı, düşünürəm, əsasən, dörd xüsusiyyətinə görə daha çox fərqlənir: ucalıq, genişlik, təmizlik, gözəllik. 

Sevginin vəsfi, ilahi gözəlliklərin tərənnümü müəllifin əksər şeirlərində  özünün rəngarəng ifadəsini tapır. Burada insan qəlbinin, insani sevginin gözəlliyi göz oxşayır. Zərif duyğular, incə hisslər oxucunu öz qanadına alıb aparır. 

Səni sevdim gündən-günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər-bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Lirik "mən” sanki "sevgi çiçəklərim yalnız sənli mövsümlərimdə açılar" demək istəyir. O təkcə öz fikrini çəkmir, gah başqa sevənlərin sevincinə şərik olur, sevgi dolu pıçıltılarını dinləyir, gah da nakam sevgilərin göz yaşlarını silməyə cəhd edir, bəzənsə elə onlara qoşulub,  ümidsizlik içində misra-misra hıçqırır. 

Gah təbəssüm, sevinc, gah göz yaşları...  

"Sevənlərə”, "Sən həyatdan dadlısanmış”, "Duyğu zirvəsində”, "Əzəl qaya”, "Görüş yerimiz” və başqa bu kimi şeirləri ilə özünəməxsus bir "Azərbaycan sevgi poeziyası” antologiyası yaradır.
Lirik "mən”in sevən qəlbi çox sadədir və şeirlərdəki bütün səmimiyyət də elə bu sadəlikdən doğur. Sevməyi, sevdiyinə qiymət verməyi bacaran səmimi, həm də azca sadəlövh bir aşiq obrazı… 

"Tək qalmaq istəyirəm" duyğusu hansımızın ürəyindən keçməyib ki?!

Təklik –
Fikrimin süsləndiyi
ən uca yüksəklik.
Təklik –
Xəyalımın bəsləndiyi
ən xoş gerçəklik. 

Hamlet müəllim (bəli, sözün geniş mənasında müəllim) sevgiyə aid şeirlərində eşqin böyüklüyünü, əzəmətini ən ali hiss kimi tərənnüm edir, çünki çox doğru olaraq öz şair sələfləri kimi yalnız bu yolun insanı Tanrıya, həqiqətə çatdıra biləcəyini düşünür.

Tanrıya ağıl qoymuram, amma, vallah, olmaz bu cür…
Ya hər ikimizi güldür, ya bizi birlikdə öldür! 

Müəllif bəzən də rəssamı xatırladır. Ondan ötrü bəzən qələm  fırçaya çevrilir. Orjinal mövzu–  mənzərə seçir, xəyalında yaratdığı ideyanı bir tablo kimi  yığcam və aydın şəkildə  "kətana” köçürür. 

Əslində, şeir elə,–istər təsvir, tərənnüm olsun, istərsə mənəvi-psixolji halın, hər hansı bir ağrının ifadəsi,– rəsm edilən söz tablosudur. 

H.İsaxanlı poeziyasında, həmçinin ana mövzusuna həssas münasibət hiss edilir. "Kitabi – Dədə Qorqud”dan başlanmış, Xəqaninin, Nizaminin, Füzulinin, C.Cabbarlının, M.Müşfiqin, habelə Bəxtiyar Vahabzadənin, Əli Kərimin,  Cabir Novruzun yaradıcılığında bu mövzu xüsusi yer tutur. Onun "Susma danış, ay ana” şeirinin bu mövzudakı poetik nümunələr içində özünəməxsus yeri var: 

Səssizliyin nə dərindir, ay ana.
Səsizliyin inildəyir içimdə.
Bu ölçüdə, bu biçimdə
Səssizliyə dözmək olmur, ay ana.
Eşitməsəm səsini,
Duymasam nəfəsini,
Gen dünyada rahat– rahat gəzmək olmur, ay ana. 

Şairin poeziyasında həsrət, kədər motivli şeirlərə də rast gəlirik ki, bunlardan biri də "Durnalar” şeiridir. "Koroğlu” dastanından üzü bəri M.P.Vaqif, M.V.Vidadi və Q.Zakirin misraları həsrət və kədər yüklü "Durnalar”ı məşhurdur. Ancaq H.İsaxanlı şeirində motiv fərqlidir.

Yolları örtdümü dumanlı pərdə?
Təmiz hava qalmadımı göylərdə?
Daha yoxmu sizi sevən bu yerdə?
Küsdünüzmü qadir haqqdan, durnalar? 

"Göydən ulduz qoparmaq", "ağ bənizin könüllərə od salması" kimi mübaliğələr, "ağlamaq-gülmək", "açıq – bağlı", "oturub – durmaq", "işıq – qaranlıq" kimi təzadlar, "buludlar göz yaşı axıdır","ipək ürək"  kimi çoxlu metaforalar, epitetlər, eyni zamanda "Ruhum oynar, könlüm qaynar, cismim alışıb-yanar” tək daxili qafiyə bölgüləri şeirlərin obrazlılığını, oxunaqlılığını gücləndirən detallardır.

Şairin rübailərindəki onun riyaziyyatçı alimliyindən irəli gələn fəlsəfi fikir yükü də diqqətdən  yayınmır.

Qüdrətdən pay versin Füzuli, Xəyyam,
Vəsfinə gücüm yox, özgədir əyyam.           
Gözlərim söyləyir sənə sevgimi,
Neyləyim, dilimi bağlayıb həyam.

Və Hamlet müəllimin şeirlərindəki zərif harmoniya riyaziyyatçını şairlə doğmalaşdırır. 
    
H.İsaxanlının sevgi şeirləri oxucuya eşqin, məhəbbətin ülviliyini, əbədiliyini nişan verir. İnsan sevərsə, deməli, o, yaşamağa, yaratmağa qadirdir. Çünki sevgi onu təmiz saxlayır, mənən zənginləşdirir. 

Hamlet müəllimin, xüsusən də, sevgi şeirləri ilə tanış olarkən bu şeirlərin müəllifini gözəlliyə heyran olan insan kimi "sevdim çox sadəcə”.              


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->