Siyasət 14:48 07.08.2020

Serbiya prezidenti İlham Əliyevə zəng etdi: Ermənistana satılan silah məsələsi araşdırılacaq

Avqustun 7-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Qaynarinfo xəbər verir ki, Prezidentin Mətbuat xidmətinin məlumatına görə, Aleksandr Vuçiç iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verib. Eyni zamanda, Serbiya Prezidenti bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirib. O, bu vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksəksəviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd edib. Aleksandr Vuçiç Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq bunun təsdiqi kimi, Azərbaycan Prezidentini Serbiyaya rəsmi səfərə dəvət edib.

Telefon zənginə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev qeyd edib ki, Ermənistan tərəfinin Azərbaycanın hərbi və mülki mövqelərini atəşə tutması zamanı Serbiya istehsalı olan hərbi sursatlardan istifadə etməsi faktı Azərbaycan cəmiyyəti tərəfindən narahatlıqla qəbul edilib və bu atəşin nəticəsində hərbi qulluqçularımız və o cümlədən mülki şəxsimiz həlak olub.