Dünya 16:58 18.09.2018

"Sevimli" nənə seriyalı qatilə necə çevrildi?

1932-ci ildə doğulan Velma Barfield adlı nənə yaxınları tərəfindən gülərüz, sevimli kimi yad edilsə də, keçmişi bunun tam əksini söyləyir. V. Berfild kənardan yaxınlarını ard-arda itirən həddən artıq bəxtsiz insan kimi görünür. Lakin gerçək həyat hekayəsi əslində onun bir seriyalı qatil olduğunu gözlər önünə sərir.

Qaynarinfo ABŞ-da ölüm hökmü yenidən qüvvəyə mindikdən sonra ilk edam olunan qadının həyat hekayəsini sizlərə təqdim edir:

Velma Berfield qeyd etdiyimiz kimi 1932-ci ildə dünyaya gəlib. O, davamlı olaraq istismara məruz qaldığı ailəsindən qaçmaq üçün 17 yaşında Tomas Burke adlı biri ilə ailə həyatı qurur.

Barfieldin bu evlilikdən 2 uşağı dünyaya gəlir. Hər şey yolunda getsə də keçirdiyi bir əməliyyatın ardından rəhmi götürülür. Xəstəlikdən sonra Velma ağrıkəsicilərlə yaşamaq məcburiyyətində qalır, əri isə içki aludəçisi olur. Bir müddət sonra cütlük arasında mübahisələr başlayır və Velma şiddətli bir mübahisənin ardından uşaqlarını da götürərək, evini tərk edir.

Həmin günün səhəri isə əsrarəngiz bir şəkildə ev alışır və Velmanın əri Tomas yanaraq ölür.

Velma bu bədbəxt hadisədən sonra həyatına davam edir və başqa bir münasibətə başlayır. O, özü kimi dul və uşaqlı olan Cenninqs Barfield adlı biri ilə yenidən ailə həyatı qurur. Ağrıkəsicilərə aludəçiliyi davam edən Velmanın bu səbəbdən ikinci əri ilə də bir müddət sonra aralarında mübahisələr yaranmağa başlayır. Hər iki tərəf boşanmağa hazırlaşarkən, Cenninqs birdən-birə xəstələnir və infarkt keçirərək dünyasını dəyişir. İkinci ərini də itirən Velma bu dəfə ailəsinin yanına qayıdır. Lakin onlar da bəxbəxtliyə düçar olurlar.

Bir müddət sonra Velmanın atası ağciyər xərçəngindən dünyasını dəyişir, ardınca isə anası xəstələnərək vəfat edir. Ərlərini, valideynlərini ard-arda itirən Velmanın həyatı artıq kənardan tragediya kimi görünür. Onun köməyinə yaxınları gəlir və Velmaya baxıcılıq işi tapırlar.

İşi qəbul edən Velma Montqomeri və Dolli Eduards cütlüyünün yanına köçür və baxıcılığa başlayır. Bu dəfə isə Velmanın işlədiyi müddətdə Eduards cütlüyü dünyasını dəyişir.

Hadisədən sonra Velma Rekord Li adlı yaşlı bir xanımın yanında baxıcı kimi işləməyə başlayır və nə təsadüf ki, Linin əri Con Henri də ölüm karvanına qoşulur.

Həddən artıq şanssızlığı ilə ailəsindəki hər kəsi narahat etməyə başlayan Velma həmin vaxt Stüart Teylor adlı biri ilə münasibət yaşayır. Bir müddət sonra Teylor sevgilisi Velmanın onun adından saxta çeklər hazırladığını anlayır və cütlük arasında mübahisə baş verir. Ara sakitləşdikdən sonra Velma sevgilisinin könlünü almaq üçün ona içki gətirir. İçkidən sonra Teylor bütün gün mədə ağrısından şikayət edir. Həkimə getsələr də heç nə tapılmır və adi bir qastrit olduğu deyilir.

Bəxtsiz Stüart Teylor da dünyasını belə dəyişir.

Cənazə mərasiminin ardından Velmanın bacısı olduğunu iddia edən bir qadın polisə şikayət edərək, bacısının qatil olduğunu və anasını öldürdüyü kimi Teyloru da öldürdüyünü bildirir. Teylorun tibbi-ekspertiza rəyinə qədər bu şikayət elə də ciddiyə alınmır, lakin ekspertizada onun bədənində siçan zəhəri izinə rast gəlindindən sonra polis hərəkətə keçir. O vaxta qədər Velmanın həyatında baş verən bütün bədbəxt hadisələr araşdırılır və hamısında siçan zəhərinin izlərinə rast gəlinir.

Sonradan polisə ifadəsində Velma 4 nəfəri öldürdüyünü etiraf edir. Lakin yenə də Tomas Burkeni ehtiyatsızlıqdan öldürdüyünü, Cenninqs Berfieldin isə həqiqətən xəstələnərək öldüyünü bildirir.

Burke üçün gec olsa da, Cenninqs məsələsində yalan dediyi meyitin bədənində tapılan siçan zəhərindən sonra üzə çıxır.

ABŞ-da edam cəzası yenidən qüvvəyə mindikdən sonra barəsində ölüm hökmü çıxarılan ilk qadın Velma Berfield olur. Psixiatrı Velmanın ruhi vəziyyətinin yerində olmadığına dair arayış versə də, hakim qərarını dəyişmir və onun barəsində edam hökmü çıxarılır.

İctimaiyyət də bu məsələdə iki yerə ayrılır. Bəziləri ilahilər oxuyaraq onun günahsız olduğunu müdafiə edir və sərbəst buraxılmasını tələb edirdilər (Velma radikal dindar idi), digər kütlə isə onun günahkar olduğunu və edam hökmünün yerində verildiyini bildirirdilər.

Son yeməyində bir paket cips və kola istəyən Velma 2 noyabr 1984-cü ildə zəhərli iynə ilə edam edilir. Ondan geriyə isə çöldə ilahilər oxuyan kütlənin gurultusu qalır.
 
Çingiz Səfərli