Sənət 15:02 06.07.2019

Sevinc Elsevərin Xocalı haqda pyesi qastrolda

Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi şair, yazıçı Sevinc Elsevərin Xocalı soyqırımı faciəsinə həsr olunmuş "Ürəyində arzu tut” pyesi əsasında hazırlanan yeni tamaşanın premyerası ilə Gəncə şəhərində qastrol səfərində olub.

Qaynarinfo xəbər verir ki, bu barədə teatrın mətbuat katibi Teymur Bayramov Azərtac-a açıqlamasında məlumat verib.

Bildirib ki, Gəncə Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Sərvər Əliyev, rejissor köməkçisi Bəhruz Hikmətoğlu, quruluşçu rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatı Çingiz Xəlilovdur.

Rollarda Əməkdar artist Xatirə Süleymanova, aktyorlar Şəbnəm Cabrayılova, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Ruhiyyə Eyvazova, Niyaməddin Səfərəliyev, Sevinc Hüseynova və Arzuman Tanrıverdi çıxış ediblər.

Tamaşada Xocalı faciəsi baş verən zaman əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu, eyni zamanda xalqımızın müharibədə keçdiyi əzab-əziyyətli, məşəqqətli yol, müharibənin acı nəticələri əks olunub.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə teatrın kollektivi iyulun 11-də və 12-də həmin tamaşa ilə Sabirabad və Şəkidə də qastrol səfərində olacaq.