Xəbər lenti

Seymur Baycanın yeni kitabı çapdan çıxdı - FOTO
Sənət 15:58 23.12.2016

Seymur Baycanın yeni kitabı çapdan çıxdı - FOTO

Yazıçı Seymur Baycanın son illər yazdığı hekayələrdən ibarət "Gecikmiş hekayələr" kitabı "Alatoran" nəşriyyatından çapdan çıxıb. 

Bu barədə məlumatı Qaynarinfo.Az-a yazıçının özü verib. 

Yazıçı bildirib ki, kitabda yer alan 44 hekayənin hər birinin öz təyinatı var: 

"Bu bəy xan dövründən başlamış, indiki dövrə qədər hər bir dövrə aid müxtəlif üslublarda bir və ya iki üç hekayə yazılıb. Bir növ bəy xan dövründən bu günə qədər baş verənlərin bədii tarixini yazmışam. Kitabı oxuyan adam hekayələrin vasitəsi ilə Azərbaycan tarixinin müxtəlif dövrlərinə səyahət edə biləcəklər. 

Xüsusən sovet dövrünən xəbərsiz olan gənclər hekayələri oxuyaraq, o dövr haqqında geniş məlumat ala bilərlər. Hər bir dövrün ab-havasını tutmaq üçün, həmin dövrə aid çoxlu əsərlər oxudum. Bayram Bayramovun, İlyas Əfəndiyevin, Mirzə İbrahimovun, Süleyman Rəhimovun, Əli Vəliyevin, Əlibala Hacızadənin, İsmayıl Şıxlının, Mehdi Hüseyinin və digər azərbaycan yazıçılarının roman və hekayələrindən lazım olan məqamları xammal kimi götürüb, həmin məqamları artıq təsvirlərdən, lazımsız cümlələrdən, sovet zamanının təbliğatından təmizlədim. Qatıb qarışdırıb, xalqımızın bədii zövqü formalaşmış azsaylı nümayəndələri üçün hekayələr düzəltdim. İşin gedişatında Anar Rzayev, Elçin Əfəndiyevin də roman və hekayələrini oxudum. 

Amma onların əsərlərində heç bir lazımlı məqam tapa bilmədim. Özümə lazım olan məqam tapa bilməsəm də, bu baxımdan vaxtımı boş keçirsəm də, onların əsərini oxumağım digər tərəfdən yaxşı oldu. Anar Rzayevin, Elçin Əfəndiyevin boş, mənasız, koloritsiz  əsərlərini oxuduqca onları yazıçı kimi qəbul edən adamların nə qədər zövqsüz olduqlarına bir daha qəti şəkildə əmin oldum".

Xatırladaq ki, Seymur Baycanın indiyə kimi 16 kitabı çapdan çıxıb.

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->