Siyasət 10:33 13.10.2021

Siyasilərdən dövlətin xüsusi günləriylə bağlı ad dəyişikliyinə münasibət

"28 May Respublika Günü”nün "Müstəqillik Günü” kimi elan edilməsi indiki halda zamanın çağırışıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında deputat Elman Nəsirov 28 May Respublika Gününün Müstəqillik Günü, 18 oktyabr Dövlət Müstəqilliyi Gününün isə Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi barədə Milli Məclisin birinci oxunuşda qəbul etdiyi layihəni şərh edərkən deyib.

Deputat qeyd edir ki, dünya ölkələrinin mütləq əksəriyyətində dövlətin əsası, başlanğıc nöqtəsi kimi məhz Müstəqillik Günü götürülür:

"Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edib. Bu reallıq fonunda 28 Mayın Müstəqillik Günü, 18 oktyabrın isə Müstəqilliyin Bərpası Günü elan edilməsini şərtləndirən çoxsaylı səbəblər var. 
 
 

Başlıca səbəb odur ki, 44 günlük müharibədə Azərbaycan Ordusu tarixi zəfərə imza ataraq ərazi bütövlüyümüzü təmin etdi, erməni faşizminin başını əzdi. Bu qələbə habelə regional sülh və təhlükəsizlik üçün unikal imkanlar yaratdı. Qələbənin əldə edilməsində isə ölkəmizin müstəqil dövlət olması əsas amildir. Tarixi nailiyyətlərimizin kökündə dayanan həlledici amil müstəqilliyimizdir. 18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi elan edilməsinin mənası odur ki, 28 Mayda müstəqilliyi bəyan etdik, 1920-ci ilin 28 aprelində isə XI Qızıl Ordunun işğalı nəticəsində dövlət müstəqilliyimizi itirdik. 18 oktyabrda isə həmin müstəqilliyi yenidən bərpa etməklə tarixi ədaləti bərpa etdik. Azərbaycan dövləti AXC-nin siyasi və hüquqi varisidir”. 

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev də burada təzadlı bir şey olmadığını deyib:

"Respublika günü” sözü əslində "Müstəqillik günü” sözü ilə üst-üstə düşür. Bu mənada indi atılan addım məntiqlidir. 1991-ci ildə müstəqilliyin bərpasını bəyan edəndə göstərmişik ki, yaranan dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bu o deməkdir ki, müstəqil olmuşuq və onu yenidən bərpa edirik. O, mənada 18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsinin əhəmiyyəti var”. 
 
 

Partiya sədri deyir ki, bu addım dövlətçilik ənənəsinin qorunması baxımından əhəmiyyətlidir: 

"Rusiya prezidenti Krımı nəzərdə tutaraq deyirdi ki, hansı dövlət SSRİ-yə hansı sərhədlərlə daxil olubsa, bu sərhədləri daxilində də çıxmalıdır. Bunu belə qəbul etməklə müstəqil dövlətimizin olduğunu, onun tanındığını təsbit edirik. Belədə SSRİ-yə məcburən daxil edildikdə dəyişən sərhədlərimizin hüquqi cəhətdən istədiyimiz zaman iddiasını qaldıra bilərik”. 

F. Quliyev bununla belə, 28 may kimi, 18 oktyabr tarixinin də qeyri-iş günü kimi qəbul olunmasının tərəfdarı olduğunu bildirib. 

Rüfət Sultan