Sağlamlıq 11:00 15.03.2019

“Öskürəklə bağlı həkimə deyil, birbaşa aptekə müraciət edirlər” – Həkimlərdən çağırış

Qış-yaz mövsümündə valideynləri ən çox narahat edən problemlərdən biri öskürəkdir. Bir-iki dəfə qrip və soyuqdəymə keçirən uşaqları öskürək uzun müddət, bəzən yaya kimi narahat edir. Valideynlərin çoxu öskürək preparatlarının qeyri-effektiv olduğunu da iddia edir. Qiyməti 5-25 manat arasında dəyişən dərmanlar çox vaxt öskürəyi aradan qaldıra bilmir. Əlacsız qalan ata-analar hər cür türkəçarədən istifadə edərək heyva toxumunun dəmlənməsi, keçibuynuzu bəkməzi, hətta eşşək südü kimi vasitələrdən yararlanırlar.

Qaynarinfo xəbər verir ki, Modern.az öskürək problemi ilə bağlı mütəxəssislərin rəyini öyrənib. 

Pediatr Kəmalə Əmrahovanın fikrincə, öskürək bədənin hava yollarının təmiz saxlaması üsuludur: "Öskürəyi soyuqdəymə, bronxit, göy öskürək, qrip və pnevmoniya kimi xəstəliklər ilə əlaqələndirirlər.

Allergiya, yer fındığı və ya kiçik oyuncaqlar kimi yad cisimlərin udulması, boyanın qoxusu, siqaret tüstüsü və ya həşərat əleyhinə spreylərin nəfəsə gedib müvəqqəti qıcıqlanma yaratması da səbəb ola bilər.

Səbəbi bilinməyən öskürəyi müalicə etməyə çalışan valideyn əl altda olan vasitələrlə uşağı müalicə etməyə çalışır, müxtəlif növ antibiotik, öskürək siropu və ya xalq təbabətindən yararlanmağa çalışır. Əvvəlcə uşaq həkiminə müraciət etmək, düzgün diaqnoza nail olmaq, daha sonra isə müalicəyə başlamaq lazımdır. Öskürəyin gecələr güclənməsinin səbəbi allergik fonda bronxit, bronxial astma,  kəskin broxolitiklər, ressidivləşmiş bronxolitiklər, kəskin faringit və kəskin laringit ilə bağlıdır”.

Pediatr uşaq öskürəyinin müalicə yollarına da toxunub: "Xalq təbabəti üsulları ilə müalicədə biyan kökündən dəmləmə bəzi öskürək növlərində effektlidir. Kürəyin masajı, ayağın suya qoyulması spazmı aradan qaldırır. Amma göy öskürəkdə hər hansı dərmanın istifadəsi məsləhət deyil, ən gözəl müalicə yolu təmiz dəniz havasıdır. Viruslu infeksiyada da öskürəyin antibiotiklə müalicəsi mənasızdır, çünki onlara reaksiya vermir. Öskürəyə qarşı dərmanların uşaqlara verilməsində diqqətli olmalıyıq, çünki ciddi və həyat üçün təhlükəli əks təsirlər verə bilər.

Bəzən sadə məsləhət də yardımçı ola bilər. Məsələn, nəfəs yollarını nəm saxlamaq və körpənin maye ilə təmin etmək olar. Körpə ailə üzvləri, uşaq tərbiyəçiləri və dayələr də daxil olmaqla xəstə insanlardan qorunmalıdır. Tüstülü yerlərə getmək məsləhət deyil. Körpə və bütün tərbiyəçilərin tez-tez əl yuduğuna nəzarət etmək lazımdır. Körpənin öz ağzına vuracağı sevimli oyuncaq və əşyaları da tez-tez yuyulmalıdır”.

Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor Elnur Əkbərov öskürəyin yaranma səbəblərinin aydınlaşdırılmasının vacib olduğunu qeyd edib: "Payız, qış, yaz aylarında üst tənəffüs yollarının virus infeksiyaları daha çox yer alır, üst tənəffüs yollarının selikli qişası zərər almış olur. Bu proseslər nəticəsində selikli qişa qismən quruyur, həm üst, həm alt tənəffüs yollarında bir qıcıq faktoru olmaqla bərabər öskürəyə təkan verir.

Öskürək orqanizmin müdafiə reaksiyasıdır. Qışda müşahidə olunan bu virus infeksiyaları zamanı quru öskürək bəzən faringit, laringit, traxeit, bronxit kimi xəstəliklərlə özünü biruzə verə bilər. Bu halda öskürəyin ilkin olaraq nədən yarandığı aşkarlanmalı, uyğun müalicə təyin olunmalıdır.

İnsanın vegetativ sinir sistemi 2 hissədən ibarətdir: simpatik və parasimpatik. Gün ərzində simpatik sistem aktiv olduğu halda gecələr parasimpatik sistem aktivləşir, nəticədə tənəffüs yolları daralır. Normalda gecə oksigenə tələbatımız azaldığı üçün reflektor olaraq bronxlarda, traxeyada mənfəz də daralır. Xüsusilə üst tənəffüs yolları infeksiyası zamanı alt tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə parasimpatik vegetativ sistemin aktivləşməsinə bağlı olaraq öskürək daha çox artır. Bu səbəbdən öskürəyə təkanverici xəstəliklər aktivləşmiş kimi görünürlər. Halbuki bu birbaşa parasimpatik vegetativ sistemin təsirinə bağlıdır”.

Elnur Əkbərovun fikrincə, uşaqlara həkim məsləhəti olmadan dərman vermək olmaz: "Əksər halda dərmanların təsirsiz qalmasının əsas səbəbi pasiyentlərin dərman seçiminin aptekdə həyata keçirməsinə bağlıdır. Orta statistik Azərbaycan vətəndaşı öskürəklə bağlı terapevtə, pulmonoloqa, qulaq-burun-boğaz həkiminə deyil, birbaşa aptekə müraciət edir. Aptekdə çalışan işçilərin bir qismi əczaçı belə olmadığından dərman təyinatı kortəbii reallaşır.

Öskürək əleyhinə istifadə olunan dərmanlar, siroplar, spreylər, tabletlər çox geniş areala mənsubdur. Bunların mərkəzi sinir sisteminə təsir edənlərdən tutmuş konkret alt və üst tənəffüs yollarına yönələn fərqli-fərqli qrupları var. Diaqnoz düzgün qoyulmadıqda dərman seçimində yanlışlıqlara yol verilir, dərman istifadəsi faydasız qalır. Pasiyent mütəxəssisə müraciət etdikdə, müvafiq müalicə üsulu seçildikdə, öskürəyi tezliklə sağaltmaq olar. Bəzən tənəffüs yolları ilə əlaqəsi olmayan hansısa dərmanın qəbulu zamanı tənəffüs yollarında bir qıcıq yaranır. Qıcığın nəticəsi olaraq öskürək müşahidə edilir.

Tibb elmində türkəçarə yolu ilə hər hansı bir xəstəliyin müalicəsi qəbul edilmir. Səbəbi də xalq təbabətində istifadə edilən maddələrin tərkibinin dəqiq bilinməməsinə bağlıdır. El təbabəti yolu ilə müalicə təklif edən "mütəxəssislər” digər vətəndaş qarşısında heç bir hüquqi məsuliyyət daşımır - müalicə effekt verməsə belə. Müalicə məqsədilə hər hansı bir yoxlanılmamış vasitənin istifadəsi tövsiyə olunmur.

Bəzi bitki mənşəli preparatlar var ki, onların tərkibi məlumdur. Məhz bu halda onların istifadəsinə icazə verilir. Onlar da dərman vasitəsi hesab edilmir, qidaya əlavə bioloji maddə olaraq qəbul olunurlar”.