Xəbər lenti

SOCAR-ın 2019-cu ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri açıqlanıb
Ekonomiks 22:32 17.08.2019

SOCAR-ın 2019-cu ilin II rübü üzrə qazma, hasilat və ixrac göstəriciləri açıqlanıb

2019-cu ilin II rübündə SOCAR öz imkanları hesabına müstəqil olaraq 1,9 milyon tondan (1) çox neft, 1,7 milyard kubmetrə yaxın (2) qaz hasil edərək, hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.

SOCAR-dan verilən məlumata görə, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planın icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb, ümumilikdə qazma işlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Cari ilin ikinci rübündə şirkət üzrə 41 min metrdən artıq (3) qazma işi aparılıb.

Hesabat dövründə SOCAR tərəfindən, AÇQ üzrə mənfəət nefti də daxil olmaqla 4,9 milyon ton (4) xam neft, 172 milyon kubmetrdən çox (5) təbii qaz, 604 min tondan artıq (6) neft və neft kimya məhsulları ixrac edilib. Xam neftin ixracında azalma müşahidə edilsə də, neft və neft kimya məhsullarının ixracında 48 faiz artım qeydə alınıb. Bu isə xam neftin və qazın ixracında azalmaya səbəb olan amillərdən birinin də daha çox məhsulun emala yönəlməsi olduğunu göstərir.

II rübdə, Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə ümumilikdə 9 milyon tondan çox (7) neft, 8 milyard kubmetrdən çox (8) qaz hasil edilib. Dövr ərzində ölkədən 2,4 milyard kubmetrdən çox (9) təbii qaz ixrac edilib. Təbii qazın ixracında Cənub Qaz Dəhlizinin işə düşməsi ilə əlaqəlar olan artım ötən ilin müvafiq dövrünə nisbətən təqribən 37 faiz təşkil edib.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: "Dünyanın ən qədim neft sənayesinin beşiyi başında durmuş Azərbaycanda zəngin və peşəkar neftçi ənənələri formalaşmışdır. Lakin digər tərəfdən dünyanın ən qədim və uzun müddət ərzində istismar olunan yataqlarının məhz bizim ölkəmizdə olması qarşımızda çağırışlar yaradır. Bu baxımdan qarşıdakı dövrdə əsas hədəfimiz bütün vasitələrlə köhnələn yataqların ömrünü uzatmaqdır.

Digər tərəfdən yeni yataqlarımızın uğurla işlənilməsi ölkəmizdə qaz hasilatının artırılması və gələcəkdə neft gəlirlərinin müəyyən dərəcədə qaz gəlirləri ilə balanslaşdırılması üçün şərait yaradır. 2019-cu ilin sonuna qədər ölkə üzrə ümumi qaz hasilatında 20 faiz artım gözləyirik. Növbəti illərdə də ölkədə qaz hasilatı yüksələn xətt üzrə inkişaf edəcəkdir. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimya sənayesinin inkişafı üçün yeni imkanlar açır.”

1 - 1,928 milyon ton

2 - 1,672 milyard m3

3 - 41,593 min metr

4 - 4,911.586 milyon ton

5 - 172,292 milyon m3

6 - 604,6 min ton

7 - 9,061 milyon ton

8 - 8,238 milyard m3

9 - 2,421.574 milyard m3

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->