Könül Nuriyeva
Mövzunun aydın olması üçün "qisas anlayışını düşüncələrə gətirən filmlər, rəsm əsərləri, qısası, vizual vasitələr, incəsənətdir" demək istəyirəm. Söhbətimə "Tütək səsi"ylə başlayıram. Filmin bütün epizodları yadımdan çıxsa da, bir səhnə yaddaşımı incidir, məni düşünməyə vadar edir.
- Qisas alırsan?
- Nə?! Səfeh qızı.
- Ay biqeyrət!!! Eşitdiniz?! Qisas alır!
Filmin məzmunu geniş, çoxşaxəli, kədərli, acı həqiqətli, təzadlı, sevgi mövzulu, müharibə, ana-oğul məsələləri olsa da, qisas almaq istəmədiyi halda Cəbrayıla kəndin ortasında tük ürpədən səslə yuxarıdakı sözlərin deyilməsi, mənim ta uşaqlıq illərimdən indiyədək "dərdim" olub.
Adam qisas haqda düşünmür, belə bir fikri yoxdur, sadəcə sevir. Ətrafa, müharibəyə, qara xəbəri gəlmiş dostuna, ənənələrə, qadının oğullarına, güclü ictimai-məhəllə qınaqlarına baxmayaraq, gəncliyində basdırdığı arzusunu - Sayalını dirildir. Əfsus ki, dirilə bilmirlər! Cəhd edirlər...
Çünki kəndin bədbəxliyi qəbullanmaq kimi ənənəvi harmoniyasını pozublar. Düşüncələr, baxışlar, addımlar və hətta mənə elə gəlir ki, kəndin ağacları da onlara qarşıdı. Çox təəssüf ki, tütəyin səsi də.
Mövzum filmin analizi deyil. Azca təsəvvür yaratmaq istədim, bilirəm ki, gənclərimizin o filmdən əsasən xəbərləri yoxdu.
Cəbrayılı kəndin adamları bağışlaya bilmirdi, Sayalının oğulları da. Filmdə, ümumiyyətlə, qisas elementləri yoxdu. Amma rejissor o cingiltili səslə danışan qadının- obrazın dilindən qisas haqda təhdidiylə məni bu mövzudan yazmağa sövq edir.
Keçək qisas söhbətinə və onun ilk real hadisələrinə. Qısas almağın kökləri tayfa münaqişələrinə gedib çıxmaqla bərabər, ardıcıl olaraq nəsillərin cavan ömürlərinə sancılmış ən mənasız, əsassız və bünövrəsiz düşüncə tərzidi. İtaliyadakı qan davaları oxuduğum kitablarda mənə həmişə faydasız işlər kimi gəlirdi. Günəşli, xoş bir gündə iki tayfa bıçaqla hücuma keçir, kimisə öldürür. Ağlamaq və kədər günəşin üzünü qara çadrayla örtür. Daha bu tayfaların üzünə uzun əsrlər boyu günəş doğa bilmir, səhər olmur. Çünki hər yeni gün onlar üçün təhlükə, ayıq, ehtiyatlı olmaq, əvəzçıxmaq və ölüm deməkdir. "Bu adam nəyə görə öldürüldü" sualının çox absurd cavabı var - yüz il bundan əvvəlki qan-qisas davasının ucbatından.
İnsan öldürülür - dərin dünya, canlı, milyon hüceyrədən birinin diri qaldığı rüşeym öldürülür, təbəssüm, xəyal, arzu, istək öldürülür! Və süni öldürülmə prosesləri davam edir, bitirə bilmirlər!
Yerini sevgi və barışıq baş tuta bilərdi.
Qisasın tərifi də var, ona nəzər yetirək: tarixi praktikada qisas iki şəkildə görünür. Onlardan biri, şəxsə qarşı fiziki cinayətdir. Və törədilən cinayət qarşı tərəfə cavab olaraq, onu "əks hərəkət"lə cəzalandırmaqdır. Bir həyat üçün bir həyat, gözə göz, dişə diş... və s.
Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın köləsini, atanın uşağını, ərin arvadını öldürməsi qisas ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir.
Qisas islamda kifayət qədər açıq və aydın yazılan hallardandı. Bir nümunəyə baxaq: islamda Əl-Bəqərə 178-ci ayədə yazılır: "Ey iman gətirənlər! Öldürülən insanlarla əlaqədar sizə qisas qərarı verildi. Azad ilə azad, əsirlə əsir, qadınla qadın. Ölənin qardaşı (qatil) bir qiymətə bağışlanarsa, adətinə əməl etsin və qiyməti yaxşı ödəsin".
Ancaq ayədəki "qadın üçün qadın" sözünün ləğv edilməsi və ayədə adı çəkilməməsinə baxmayaraq, bir müsəlman qeyri-müsəlmanı öldürdüyü zaman qisasın tətbiq ediləcəyi mübahisəli olaraq qalır.
Şəriət qanunlarına görə, kölə azad adam öldürəndə qisas alınır, azad adam qul öldürəndə isə qisas almaq olmaz.
İslamda cinayətlərlə əlaqəli olaraq qisas institutu mövcuddur. Qisas qaydasına görə, günahsız yerə öldürülmüş şəxsin qəyyumu (qardaşı, atası...) qatili cəzalandırmaq hüququna sahibdir. Eyni zamanda onun qatili bağışlamaq hüququ da var.
Mövqe olaraq dini əsas davranış və düşüncə hesab etmədiyimdən, gətirdiyim nümunəni və bir çox insanların qisas haqqında düşüncələrini qarşılaşdıracağam. Yekdil qərarın, son nəticənin alınmasının mümkünsüz olduğunu bilirsiniz. Amma yenə mövzuya hərtərəfli baxaq. Ən əvvəl "qisasın fəlsəfəsində ədalət var" cümləsini, "qisasın mahiyyətində ədalət varsa, onun payı nə qədərdi?" yazmalıyıq.
Moemin "Qisas"ını isə sona saxlamaq fikrindəyəm.
Dostlarımdan biri, ən fəlsəfi düşüncəyə sahib olanı sualıma belə cavab verdi: "Qisas almaq arzusu pis bir şey deyil, məncə. Qisas deyən kimi mənim nəzərimdə ermənilər canlanır. Bizim insanlarımıza verdikləri zülmlər gəlir gözümün qabağına. Onları cəzalandırmaq, peşman etmək, tərbiyələndirmək, ədaləti bərpa etmək istəyidir qisas. Nəyi pisdir axı qisasın?
Qisas vurulan zərbəyə cavab vermək istəyidir sadəcə. Əvəz çıxmaq, hayıf almaq, acığını soyutmaq, özünü isbat, qarşıdakını peşman etmək, onu üzr istətdirmək, səhv etdiyini ona sübut etmək istəyi və s. Məncə, bunlardır qisasın mahiyyəti. Bəlkə lap da dərindən vurmaq olar külüngü.
Qisas ədalətlidir məncə, lazımlıdır. Amma məsələn Putin də qisas alır, kim ona bir etsə, o on dəfə artıq cavab qaytarır. Bu, alçaq hərəkətdir, özlüyündə guya peşman etmək istəyir ki, mənə qarşı çaşmayın ha. Putinin elədiyi də qisasdır. Amma ayı qisasıdır onunku, yırtıcılıqdır, ədalət deyil qətiyyən".
Daha bəşəri düşünən digər dostum deyir ki, tarixdə fərdlərin ömrü yox, xalqların keçmişi qalır. Əlbəttə, mən də istəmərəm ki, biz ermənilərə onların bizə etdiklərini eynilə təkrarlayaq. Qoy fərqimiz olsun olmağına. Amma...
Amması budur ki, hansısa bir şəkildə nəsə lazımdır, tarix üçün lazımdır.
İki yüz il sonra tarix kitablarında bizim onlara etdiklərimizin xanası boş qalmamalıdır. Biz qafqazlıyıq, şərqliyik və s. Bilirsiniz, bizdə ayrı mexanizmlər də işləyir.
Məsələn, yüzlərlə gənc qadını əsir götürürsən və toxunmadan qaytarırsan. Nümayişkaranə edirsən bunu. Sən düşmənə göstər ki, sən onun kimi deyilsən. Baxmayaraq ki, sən də ona nifrət edirsən.
Moemin "Qisas" əsərində qisasın ən hərtərəfli variantı verilib. Bura adət etdiyimiz dini və ya tayfa qisasları deyil, daha geniş məzmunlu qisas aid edilib. Düşüncələrinin kökündə vətənpərvərlik düşüncəsi duran fransız müəllim Annet onu zorlayan almanla heç cür barışmır. Müəyyən mərhələdən sonra oğlan onu sevsə də. Almandan hamilə qalan Annet uşağını doğsa da, qisasın ən amansızını nəinki onu zorlayan adama, həm də özünə qarşı edir. Uşağını suda boğur. Moem burda nəinki millətlər arası qisas, kişi və qadın arasında ola biləcək qisas, həm də insanın özünün özünə qarşı qisasını əks etdirir. Annet, yəni ana övladını boğmaqla, özünə yönəltdiyi qisasın əzabverici təsiri altında çökür. Deməli, həm də dinin müəyyən mənada haqq qazandırdığı, həm tayfalar arası daimi bəraət statusunda olan, həm cinslər, həm doğmalar, həm millətlər arasındakı qisas heç bir halda ədalətin toxumlarını özündə gəzdirmir. İstəsə belə, gəzdirə, daşıya bilməz!
Qisas ürəyin iştirak etmədiyi haldır. Qisasda sağlam düşüncə yoxdur. Qisas Annetin timsalında özünəqəsddir. Qisas Quran nəsihətlərindəki kimi yox, adicə əvəzçıxmadır. Tayfalar arası qan qisasçılığı isə gənclərin, nəslin yeni davamçılarının beynini uşaq ikən yuyan hikkəli fikirlərdir.
Hikkə qisasın əsas meyarıdır. Burada uca könüllü olmaqdan söhbət gedə bilməz. Amma qisas buna adət edənlər üçün asandır, bağışlamaq, bu yoldan dönmək isə çətindir. Qisasın sütunları nifrətdən hörülüb. Bu səbəbdən qisasda inkişaf yoxdur, ola bilmək ehtimalı sıfırdır.
Sual yaranır, yaxşı Annet nə etməliydi?
Doğmalıydımı düşməninin uşağını, zorlanma nəticəsində yaranan uşağı?
Təsdiq etmək, hə söyləmək asandır. Amma min dəfə uzaq olsun azərbaycanlı qadın erməni nadürüstlərdən belə bir vəziyyətdə hamilə qalarsa?!
İnanın, yazarkən belə qəlbimi hiddət bürüyür, yumruqlarım düyünlənir. Xatirimə Kəlbəcərdə təyyarə ilə aldadılıb qaçrılan qız və gəlinlər gəlir. "Mən qisas almaram!" deyib özümüzü sığortalamaq mənasız görünür. Axı biz başlamadıq, - bax bunu ilk müddəa kimi əsas gətrib qisasa haqq qazandırıram. Axı bizim əksəriyyətimiz, bizim kişilərin çoxu erməni qadınına bu zorakılığı etməz! Özünə sığışdırmaz, mundarlanmaq istəməz. Sərt mövqe göstərər, özünü səviyyəsiz hala gətirməz! Mən bundan adım kimi əminəm. Hə, bax onda biz sakit, sanki barışdırıcı mövqedə qalarıqsa, bunun davamlı olmadığına kim zəmanət verə bilər?!.
Qisasın qaçılmaz olduğu məqamlar var, mən bunu inkar etmirəm.
Və bəlkə də ilk görünüşdə mənasız görünən, amma ən vacib məqam var kitabda - axı alman düşmən də olsa, Anneti sevirdi. Axı Annetin də qəlbində müəyyən məqamda xoş hisslər cücərirdi.
Böyük güclərin törətdiklərini fərdlər əziyyətlə yaşayırlar. Geniş və bəşəri ölçüdən baxsaq, Annetin vətən duyğusu şəxsi duyğusundan üstün olmuşdu. Həm də almanlar onun fransız sevgilisini güllələmişdilər. Detallara getsəm, doğulan körpə bəlkə iki millətin barışıq simvolu ola bilərdi, bəlkə fransızların qanını daşıyardı. Bütün hallarda və birmənalı olaraq onun bu münaqişələrdə heç bir suçu yox idi...
Qisasın qurbanı isə saflardı. O uşaq kimi!
Şərhlər