Ölkə 13:40 24.01.2022

Son 30 ildə görünməyən AMEA-nı ləğv etmək, yerində isə... - Təhsil eksperti

"Elmlər Akademiyasının elə bir ciddi bazası yoxdur ki, onun əsasında nəsə yaratmaq mümkün ola”. 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov AMEA-nın ləğv edilərək, onun bazasında sosial elmlər, təbiət elmləri, dəqiq elmlər və tibb elmləri adı ilə ayrıca elmi məktəblərin yaradılması barədə səslənən təklifi dəyərləndirərkən deyib: 

"Son 30 ildə AMEA ölkədə cərəyan edən heç bir ictimai-siyasi, mədəni hadisələrdə hansısa bir rol oynamayıb. 30 ildən sonra Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdi. Buradakı elmi-texnoloji hadisələrdə AMEA hansısa bir resursu ilə iştirak etmədi. Azərbaycan elminin dünya elmində, habelə ölkə alimlərinin dünya reytinq indeksində yer alması üçün AMEA heç nə etməyib. İki ildən çoxdur pandemiya ilə üz-üzəyik. Bu müddətdə həmin məsələ ilə bağlı akademiya tərəfindən heç bir kəşf və ixtira ortaya qoyulmayıb. Azərbaycanda texniki-texnoloji tərəqqi və nailiyyətlər sahəsində də akademiyanın hər hansı bir kəşfi yoxdur. Bütün bunlar bazanın olmamasından qaynaqlanır”. 
 
 

Həmsöhbətimiz bu qənaətdədir ki, AMEA-nı ən yaxşı halda universitetə çevirmək olar: 

"Necə ki, Ukrayna və Gürcüstanda var. Belədə onun AMEA deyil, Milli Elmlər Universiteti adlandırılması daha yaxşıdır. Burada magistratura və doktorantlıq pilləsi var, qalır bakalavr pilləsini də yaratmaq. Dünyada Nobel mükafatı alanlar, hansısa fundamental kəşflər edənlər ancaq fərdi nailiyyətləri sayəsində bunları qazanıblar. Akademiya isə qapalı mühitdir, inkişafa maneə olur. Elmlər Akademiyasında elə bir şərait yaradılıb ki, gənclərimiz elmlə məşğul olmaqdan qaçır. Ona görə də rentabelli olmayan AMEA nəzdində ayrıca universitet yaratmaq, onu ayrı-ayrı hissələrə bölməkdən daha yaxşıdır”. 

Rüfət Sultan