Yer kürəsinin yastı olduğunu iddia edən bir qrup insan Antarktidada apardıqları "Son eksperiment”dən gözlədikləri nəticəni ala bilməyiblər.
Qaynarinfo xəbər verir ki, iflscience.com-un yazdığına görə, ekspedisiya iştirakçıları yay mövsümündə Antarktidada günəşin 24 saat batmadan görünməsinin şahidi olsalar da, bu fakt onların hamısını inandırmayıb.
Qeyd olunur ki, 2024-cü ildə ABŞ-ın Kolorado ştatından olan pastor Vill Daffi dostları arasında yastı Yer nəzəriyyəsinə inananların olduğunu öyrənib və bu mübahisəyə son qoymaq məqsədilə Antarktidaya səyahət təşkil edib. O, üç il planlaşdırılan ekspedisiyanı simvolik olaraq "Son eksperiment” adlandırıb.
Antarktidada yay aylarında müşahidə olunan 24 saatlıq günəş Yer kürəsinin kürə formasında olmasının ən sadə və aydın sübutlarından biridir. Yastı Yer modelində bu hadisəni izah etmək mümkün deyil.
Daffi səyahət öncəsi açıqlamasında "Əgər günəş 24 saat görünməsə, mən Yerin yastı olduğunu qəbul edəcəyəm” deyib. Lakin sınaq zamanı bütün iştirakçılar günəşin batmadığını müşahidə ediblər. Bəziləri bundan sonra yastı Yer inancından imtina etsə də, digərləri yalnız "qütb gününü” qəbul edib, Yerin kürə formasını qəbul etməyiblər.
Nəticə etibarilə, "Son eksperiment” belə yastı Yer nəzəriyyəsini təkzib etməkdə uğurlu olmayıb. Nəşrin qeyd etdiyi kimi, bəlkə də bu insanlara bir neçə əsr əvvəl alimlərin Yerin kürə olduğunu necə sübut etdikləri barədə oxumaq kifayət edərdi.
Aydın
Şərhlər