Xəbər lenti

Şoranlaşan Azərbaycan...
Hüseynbala Səlimov
Ölkə 10:44 16.12.2019

Şoranlaşan Azərbaycan...

Hüseynbala Səlimov

Lap əvvəlcə onu deyim ki... Necə deyərlər, axırda deyəcəyimi əvvəldə beləcə ərz edim ki, burada yazaqcaqlarım Azərbaycan haqqında onun efirindən, yavaş-yavaş çoxalan və çoxaldıqca da heç olan Azərbaycan TV-lərindən aldığım təəssüratdandır və yenə də bəri başdan söyləyim ki, min şükrlər, Azərbaycan hələ tamam-kamal bizim telekanallarımızdan görünən kimi də deyil – bizi idarə edənlər, bizim necə yaşamağımızı bizm əvəzimizə müəyyən edənlər bir qədər də nəfəslik saxlayır ki, ən azı ürək problemi olanlar da yaşaya bilsin bu ölkədə. 

Bu baxımdan, bizim hər birimizin Azərbaycan TV-lərinə baxmamaq hüququmuz da var. Bəli, normal TV yoxdur, əvəzində azad internet var, - nə qədər istəyirsən, seyr elə özün üçün... 

İndi isə keçirəm bu son günlərdə TV-lərdən aldığım təəssüratlar əsasında gözümə görünən, az qala, adamı qarabasma kimi təqib edən, bir daha deyirəm ki, efirdən görünən və süzülən Azərbaycana.

Bəli, bir gündə bəlkə telekanalları yüz kərə dəyişəndən sonra ağlıma gəldi ki, nə yaxşı, Dünya təkcə Azərbaycandan ibarət deyildir, başqa ölkələr və məmləkətlər də var bu Dünyada və o məmləkətlərdə insanlar tamam başqa şeylər haqqında danışır, ən başlıcası isə tamam başqa cür danışırlar, dostu – düşməni özlərinə güldürmürlər, ağlamaq lazım gələn yerdə qəhqəhə çəkmir, gülmək lazım olan yerdə isə zarımırlar.

Əslində formal və primitiv Aristotel məntiqi o qədər quru şeydir ki, insanın arzu və istəklərinin, hərəkət və davranışlarının tamamilə ona tabe edilməsini heç özümüz də istəməzdik, amma bütün hallarda əndazə, bir ölçü hissi olmalıdır axı! 

Heç bir ölkədə insanlar matəmi bayram, bayramı da matəm kimi anmırlar, məsələn, heç bir ölkədə insanlar beş-on il bundan əvvəl baş vermiş faciəni qoyub min beş yüz il bundan əvvəlki qəziyyə üçün başlarını yolmurlar, xüsusən də nəzərə alanda ki, min beş yüz il bundan əvvəlki faciənin, qəziyyənin də missiyası insanları başa salmaq idi ki, heç bir halda ədalətsizlik və zor qarşısında əyilmək və sınmaq lazım deyil, axıradək mübarizə aparmaq lazımdı, arvad kimi ağlamaq yox, kişi kimi vuruşmaq lazımdır ki, bunu da bizim tək-tük Allah bəndələrindən biri beləcə deyibdir: "Ağladıqca kişi biqeyrət olur...”
Soruşacaqsınız ki, əcəba, görən, yenə nə olub ki, bu bizi yenə də qınayır və yamanlayır, məgər bu millətin içində əlli beş il yaşaması ona nəsə öyrətməyimibmi? 

Yox, öyrədib. Amma nə qədər öyrəncəli olsan da, millətimizin elə halları, elə açılmamış qatları olur ki, dözmək olmur, "Sən tüpürülməyə layiqsən, Gürcüstanım mənim”, – deyən gürcü yazçısı İlya Çavçavadzenin ardınca sən də buna bənzər nəsə demək istəyirsən, yaxud da "Vətən, mən sənin nəyini sevim?” deyən şair həmvətənlimiz kimi çarəsiz-çarəsiz əllərini yelləmək və yaxud da məchul bir gizlinə çəkilib qoca yalquzaq kimi ulamaq keçir ürəyindən...
Hamısı da ona görə ki, bu millətin nə sevgisi normal adam sevgisinə bənəzəyir, nə də nifrəti. Bilirsinizmi, təbliğat da bir ictimai proses, bir institutdur və onun da hədəfləri real olmalıdır. Amma biz heç vaxt başa düşmədik ki, biri var təbliğat, bir də var ki, çürükçülük və ya ağ yalan. 

Düzdür, müqayisə bir qədər əcaib görünəcək, amma hələ cənab Y.Göbbels deyirdi ki, yalanı da tez-tez və ucadan danışanda o, həqiqətə oxşamağa başlayır. Fəqət bir neçə ciddi məqam var ki, biz heç bir halda nasist ideoloqu və təbliğatçısı ilə razılaşmazdıq. 

Birincisi, Göbbels belə deyib, amma ki, ondan əvvəl bizim öz dədə-babalarımız ərz edib ki, yalan ayaq tutar, di gəl, yeriməz. İndi kimə inanaq: min il bundan əvvəlin müdrikliyinə, yoxsa yarım əsr bundan əvvəl öz yalanlarının nəticələrinə görə arvadı və dörd uşağı ilə birlikdə intihar etmək məcburiyyətində qalan bir faşist gopçusuna?.. 

İkincisi, yenə də müqayisə uğursuz və əcaib görünənəcək, amma Göbbelsin təbliğat maşınının və ya kontorunun yalanlarını inandırcı edən, şirinləşdirən həm də o, idi ki, alman faşistləri ən azı hakimiyyətlərinin ilk illərində həqiqətən də nəsə etmişdilər, bunların Fransa, Polşa və digər ölkələri işğal etmək üçün sərf etdikləri vaxt hərbi texnikanın, məsələn, Almaniyadan Fransya qədərki yolu qət etmək üçün tələb etdiyi vaxt qədər idi. 

Ona görə də insanlar bir ara inanmağa başlamışdılar faşistlərə, üstəlik, bir ciddi məqam da vardı: inanmamaq asan məsələ deyildi, inanmayanların yolu gestapodan keçirdi. Düzdür, bizdə də bu məsələ bir az "yoluna qoyulubdu”: təkcə yalan danışılmır, həm də düz danışmağa görə bəzən adamı cəzalandırırlar da, çünki başqa cür ola da bilməz. Həm yalan danışmaq, həm də doğru danışmağa görə cəzalandırmaq! Bir daha ərz edirik ki, yalan üstündə qurulan və yaxud da yalana köklənən siyasi sistemlərdə başqa cür ola da bilməz: doğruya görə cəzalandırmadınsa, yalanının kəsəri azalacaq. Qəti istəməzdik ki, bizim gənc ölkəmiz artıq indidən yalanla idarə olunsun, amma ölkədə yalan industriyası deyilən bir sistem var ki, bizi buna doğru sürükləyir: bu da yalandan və yaltaqlıqdan savayı əlindən bir şey gələməyən ədiblər, sənət adamları, jurnalistlər və ümumiyyətlə, yaxın sovet keçmişində "ziyalılar” adlandırılan insanlardı.    

Odur ki, qardaşlar, bizim TV-lər, ümumiyyətlə, bütün təbliğat atributları və aksesuarları hələ çox üzəcək bizi. Yadıma gəlir, yenidənqurmanın ilk illəridi, insanların dili yenicə açılırdı. Qərəz, Moskva satiriklərindən biri bir dəfə dedi ki; "Biz niyə özümüzün bu boyda silahımızı – "Kənd saatı” verilişini tamam unutmuşuq? İnanın, bu verilişi dünyaya yaysaq, mənfur kapitalistlərin hamısının bircə anın içində darıxmaqdan canı çıxacaq...”

İnanın, hər dəfə bizim TV-lərə baxanda bu sözlər yadıma düşür. Bizi hələlik xilas edən odur ki, ulu millətimiz hələ başqa dillərdə yaltaqlanmağı bacarmır. Elə ki, başqa dildə də yaltaqlanmağa başladı, bax, onda məzhəkə başlayacaq – digər millətlər məzələnmək üçün bizim kanallara baxmağa başlayacaq, bizsə xəcalətimizdən yerin lap dibinə girəcəyik. 

Əsəbcə daha möhkəm və dözümlü olanlarımızın isə bircə sözü olacaq: "Nə yaxşı ki, dünya təkcə Azərbaycandan ibarət deyil”. 

O vaxt bu ölkədə elə də çox qalmayacağıq, çünki ayağı yer tutanlarımız, başı üstündə olanlarımız buraları çoxdan tərk edəcək, burada isə bir ağalar və bir də nökərlər qalacaq, heç bir küyçü Milli Şura, daha nə bilim, hansısa Xalq Hərəkatı, rəsmi qeyddiyyatı olan otuz partiya və beş yüz qəzetdən hətta göz muncuğu etmək üçün nəsə qalmayacaqdır – ölkə bütün mənalarda və anlamlarda şoranlaşacaqdır. 

Ən qəribəsisə budur ki, bunu hakimiyyət yox, elə insanlarımızın özləri istəyir, çünki bu torpağın havası da, istisi də deyir ki: Dünya yalan-palan dünyasıdır, həqiqət-filan axtarma, - olmayıb, olmayacaq da...

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->