Ölkə 14:13 30.11.2020

SOS: Təhlükə artır - Azərbaycanda vəziyyət idarəolunmaz hala gələ bilər!

Koranavirus cəbhəsində Azərbaycan üçün çox həyəcanlı vəziyyət yaranıb. 

Son statistik rəqəmlərə görə, Azərbaycanda indiyədək 118195 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 73676 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 1361 nəfərdir.

Nəzərə alaq ki, gündəlik yoluxma statistikası aparılan test sayından asılıdır. Statistikaya görə, test olunan hər 5 nəfərdən birinin cavabı pozitiv çıxır. Vəziyyətin ciddiliyi gündəlik ölüm saylarında da özünü göstərir. 

Qeyd edək ki, ölkə xəstəxanalarında 44 min 45 ədəd çarpayı mövcuddur və bu çarpayıların indi ən yaxşı halda yarısı koranavirus xəstələri üçün nəzərdə tutula bilər. Xəstəliyin isə artım tempi davam edir. Artıq əksəriyyət insanın tanıdığı adamların az qala yarısında koronavirus əlamətləri var. Yəqin ki, siz də ətrafınızda bu vəziyyəti müşahidə edirsiniz. Ölkə səhiyyəsi pandemiya ilə mübarizədə effektli nəticə əldə etməsə, Azərbaycanda vəziyyət idarəolunmaz hala gələ bilər.

Amma təəssüf ki, hələ də cəmiyyətdə koronavirusa münasibət birmənalı deyil. Ayrı-ayrı ölkələrin statistik göstəricilərini və ya hansısa "elm adamı”nın dediklərini əsas tutan bəzi insanlar koronavirusu ciddi qəbul etməyib, qoyulan qaydalara əməl etmirlər və bu isə ictimaiyyətdə çaşqınlığa gətirib çıxarır. 
Qaynarinfo xəbər verir ki, mütəxəssislər çıxış yolu kimi virusla yaşamağa öyrəşməkdə görür. Virusdan qorunmağın ən effektli yolu isə sadə gigiyena qaydalarına əməl etməkdir. Yəni, insanların çox olduğu yerdə maska taxmaq və əllərinizi tez-tez adi sabunla yumaq. Mövsumi səbəblərdən qidalanmaya xüsusi fikir vermək lazımdır. 

ABŞ-ın Merilend Universitetinin Yoluxucu Xəstəliklər Klinikasının rəhbəri Fəridə Sultan Məhəmmədi hesab edir ki, panikaya düşmədən koranavirusla aylarla və ya illərlə yaşaya bilərik: Koronavirus hava və damcı yolu ilə yayılır. Adi qripdə olduğu bu xəstəlikdən də qorunmaq mümkündür. Maskalardan heç də həmişə düzgün istifadə etmirlər. Tibbi maska məhdud bir müddət istifadə olunmalıdır. Uzun müddət istifadə etsəniz, bir sıra fəsadlara gətirib çıxarda bilər. Yalnız izdihamlı bir yerdə və ya daha çox insanla sıx təmasda istifadə etmək lazımdır. 

Həkim isti yeməklərlə qidalanmağı məsləhət görməklə yanaşı  C, E və D vitaminləri ilə zəngin olan məhsullara üstünlük verməyi tövsiyə edir. 
Tanınmış həkim Qalib Əsədov isə insanların xəstəliyi ciddi qəbul etməli olduğunu deyir: 

"Vəziyyət ciddidir. Xəstəlik sayı günbəgün artır. Bu sahədə ciddi problemlərdən biri də müvafiq səhiyyə orqanlarının bilavasitə məsuliyyəti ilə bağlıdır. Deyirlər, insanlar tibbi maska taxmır, məsafə gözləmir və s... Bununla razı. Bəs pandemiya ilə mübarizə aparmalı orqanların fəaliyyəti necədir? İnsanlar zamanında test verə bilmir və lazım olan dərmanları apteklərdə tapmır…”

Orxan Əhmədli