Hüseynbala Səlimov
Ölkə 10:48 09.01.2023

Sosial hüquqlardan o vaxt danışa bilərdik ki...

Doğrusu, bilmirəm nə dərəcədə düzdür, amma varlı xristian ölkələrinin iqtisadçıları iddia edirlər ki, onların hökumətləri il ərzində əhalidən topladıqlarını Milad bayramında müxtəlif vasitələrlə və yaxud da üsullarla onlara qaytarırlar.

Əlbəttə, varlı ölkələr təkcə xristian dövlətləri deyillər, müsəlman ölkələri arasında da xeyli varlı ölkələr var. Amma paylaşmaq, sərvətləri bölüşmək məsələsində burada məsələ bir az qəlizdir. Ən azı üç neft ölkəsini - Nigeriyanı, İranı və Norveçi götürsək, mənzərə yetərincə aydın olar. Bəli, Nigeriya ac bir ölkədir, İranda hazırda inqilab gedir və etirazçıların tələbləri arasında sosial tələblər də heç də azlıq təşkil etmir və bu sırada yalnız Norveçin insanları layiqli həyat yaşayırlar...

Bütün bunları niyə deyrik? Biz də yeni ilin ilk səhərini növbəti bahalaşma ilə açdıq. Bir sıra məhsulların qiyməti artdı. Demək lazımdır
ki, bu, təkcə yeni ildə olmadı, bahalaşma bütün il ərzində olur, bu gün mağazaya gedirsən və artıq dünənki qiymətləri görmürsən. Sadəcə, fərq
ondadır ki, hökumətimiz növbəti il üçün ciddi sosialı paket qəbul etdi - minimum əmək haqqı, pensiyalar artırıldı...

İndi hamı bu qərarın müzakirəsilə məşğuldur. Bir qrup sosial paketin qiymət artımına nə qədər adekvat olmasını araşdırır. Bəri başdan deyək
ki, bu insanları məyusluq gözləyir - əgər maaş və ya pensiya artımları qiymət artımlarını üstələsəydi, bu, sadəcə, güclü bir inflyasiyaya gətirib çıxarardı...

İkinci qrup insanlar isə vəziyyəti Avropa Sosial Xartiyasının məlum tələblərilə, Beynəlxalq Əmək Təşkilatının tövsiyyələrilə tutuşdurmağa
çalışır və hökumətin diqqətini beynəlxalq praktikaya yönəltməyə cəhd edirlər. Amma çox təəssüf ki, hər iki cəhd faydasız və əbəsdir.

Birincisi, ona görə ki, bu və ya digər qərarı qəbul edərkən hakimiyyətimizin ən axırda nəzərə aldığı bir amil varsa, o, da ictimai
rəydir. Odur ki, bizim hökumətimizi kimin nəyi və necə tutuşdurması elə də maraqlandırmır.

İkincisi, hətta indiki vəziyyətə də şükür etmək lazımdır. Əgər neft və qaz olmasaydı, bizim ölkəmiz də ac Afrika ölkələrinin sırasında olardı, ən azı ona görə ki, 30 il müstəqil olmasına baxmayaraq qeyri-neft sektorunun büdcədəki çəkisi elə də nikbinlik aşılamır adama...
 
Üçüncüsü, sosial hüquqlar siyasi və ya ictimai hüquqlarla bağlı məsələdir. Bəli, sosial hüquqlar bir növ insan ləyaqətilə əlaqəli olan məsələlərdir - burada insan əməyinə qiymət məsələsi önə çəkilir. Ona görə də tamam azad olmayan ölkələrdə sosial hüquqlardan danışmaq bir növ yersiz olur. Çünki azad insanın, seçimi olan insanın sosial hüquqlardan danışmağa və onları tələb etməyə haqqı olur. İnsan azad deyilsə, onun seçimi yoxdursa, burada sosial hüquq tələb etmək bir növ yersizdir. Ona görə də bir dəfə Avropa Sosial Xartiyasından danışanda, gərək bir dəfə də hüquq və azadlıqlarla bağlı sənədlərdən də danışasan...

Bəli, azadlıq olmayan yerdə ləyaqət olmur, ləyaqət olmayan yerdə isə insana və onun əməyinə qiymət verilmir.
 
Bütün məsələlərdə, bir daha deyirik ki, insanın seçimi olmalıdır, əks təqdirdə, onun əməyini birtərəfli qaydada "dəyərləndirəcəklər”. Yadıma
gəlir, bir tanışım deyirdi ki, bir vaxt xarici təşkilatda maaşımızın azlığından gileylənəndə bizə deyirdilər ki, sizdə heç professorlar əlli dollar maaş almırlar. Dostum əlavə edirdi ki, bunun cavabında başımızı yelləyib, mızıldanmaqdan savayı çıxış yolumuz qalmırdı, çünki bu, həm acı həqiqət idi, həm də bizim heç bir çıxış yolumuz yox idi: işdən çıxıb hara gedəcəkdik ki?..

Min şükür ki, indi belə deyil, vəziyyət bir az düzəlibdir. Amma böyük şükranlıqlar üçün də elə əsas yoxdur, biz hələ də kasıblığın sərhədlərində
çabalayırıq...
 
Hüseynbala Səlimov